Təhsil ekspertləri ADPU-da
imtahan prosesini
müşahidə ediblər
Azərbaycan
Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət
göstərən İctimai Şuranın üzvləri-təhsil
ekspertləri, fəlsəfə doktoru Etibar Əliyev və
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı
direktoru Vasif Mövsümov 2016-2017-ci tədris ilinin payız
semestrinin imtahan sessiyasının gedişini müşahidə
ediblər. İmtahan prosesini müşahidə etməzdən
öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov
onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki
tədris prosesindən, həyata keçirilən islahatlardan,
qarşıya qoyulan vəzifələrdən, eləcə də
imtahanlara hazırlıq, onların təşkili və
gedişi barədə geniş məlumat verib. Bildirib ki, təhsil
naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili
və keçirilməsi barədə” imzaladığı əmrin
icrasını təmin etmək üçün ADPU-da da
müvafiq əmrlər imzalanıb. Həmin əmrlər əsasında
ADPU-da İmtahan Qərargahı və Apelyasiya Komissiyası, həmçinin
fakültələr, Magistratura və doktorantura şöbəsi
üzrə münaqişə komissiyaları yaradılıb,
fakültə dekanlarının, kafedra müdirlərinin və
digər struktur bölmələrin həyata keçirəcəkləri
vəzifələr müəyyən edilib. ADPU-da imtahan
sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi,
tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığın və obyektivliyin təmin
olunması, daxil olan hər bir şikayətin çevik şəkildə
araşdırılıb lazımi tədbirlərin
görülməsi, ictimai
iştirakçılığın miqyasının genişləndirilməsi
universitet rəhbərliyinin diqqət mərkəzindədir.
Rektor qeyd edib ki, cari tədris ilində ADPU-ya qəbul
olunmuş I kurs tələbələrinin və arzu edən
digər kurs tələbələrinin kollokvium və semestr
imtahanları yazılı qaydada aparılır. Məqsəd
tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı
və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin
məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün
inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin
formalaşmasına kömək etməkdir. İmtahan rəhbərləri
və nəzarətçi-müəllimlər qeyri-ixtisas
sahibləridir. Yazılı imtahanların yoxlanılması
üçün xüsusi otaq ayrılıb. Yazılı
imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir
və yoxlanılır. Günün sonunda isə bütün
imtahanlarının nəticələri ADPU-nun İnternet
saytına yerləşdirilir. İmtahandan aldığı
qiymətlə razılaşmayan tələbələr
fakültələr və universitet üzrə
yaradılmış münaqişə komissiyalarına, həmçinin
İmtahan Qərargahına müraciət edirlər. Digər kurslar
isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində
imtahan verirlər. Universitetdə hər gün yazılı
qaydada və test üsulu ilə təxminən 4 minə
yaxın tələbə imtahan verir. Tələbələrin
böyük əksəriyyəti yazılı qaydada
keçirilən imtahanlarda iştirak edir.
Sonra
təhsil ekspertləri Etibar Əliyev, Korrupsiyaya Qarşı
Mübarizə Fondunun icraçı direktoru Vasif
Mövsümov rektor Cəfər Cəfərovla birlikdə
imtahan zallarında, İmtahan Qərargahı və Apelyasiya
Komissiyasında, həmçinin imtahan yoxlama otağında
olaraq imtahan və qiymətləndirmə prosesini izləyiblər.
Onlara məlumat verilib ki, İmtahan Qərargahına və
Apelyasiya Komissiyasına edilən müraciətlər operativ
şəkildə, diqqətlə araşdırılır və
müvafiq qərarlar qəbul edilir. Təhsil ekspertləri tələbələr
arasında sorğu keçirərək onların universitetdə
imtahan prosesinin təşkili və biliyin qiymətləndirilməsi
ilə bağlı fikirlərini öyrəniblər. Sonda
ADPU-da imtahanların təşkilini yüksək qiymətləndirən
təhsil ekspertləri imtahan sessiyasının mütəşəkkil
təşkil olunduğunu, tələbələrin biliyinin
qiymətləndirilməsi zamanı şəffaflığın
və obyektivliyin təmin edildiyini bildiriblər.
Nigar
Palitra.-2017.-1 fevral.-S.7.