“Hər bir vətəndaşın sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılır”

 

Çingiz Bayramov: “İqtisadi sahədə həyata keçirilən dəyişikliklər ölkədə iqtisadi inkişafı təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb”

 

Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır. Əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir. Bu baxımdan əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, Prezidentin fərman və sərəncamları, beynəlxalq öhdəliklər bir sıra islahatların keçirilməsi zərurətini yaradıb. Artıq mövcud sosial müdafiə sisteminin, pensiya sisteminin beynəlxalq normalaraAvropa təcrübəsinə əsaslanan islahatı aparılıb.

Bu baxımdan Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin dediyi kimi, insanların yaxşı yaşaması üçün bütün lazımi tədbirlər görülür: “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.

Ölkə başçısı deyib ki, iclasda verdiyi bütün tapşırıqlar yerinə yetirilməlidir: “Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci iliuğurla başa vuraq”.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TÜMİB) sədri Çingiz Bayramov qəzetimizə bildirdi ki, bu gün Azərbaycanda hamının eyni dərəcədə inandığı fundamental bir siyasi ideologiyanın, bütün vətəndaşlarının hər növ hüquqlarını qoruya bilən dövlət yaradılıb: “Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynayır. Müstəqil Azərbaycanda təhsil və elm sahəsində aparılmış islahatlar, dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynayıb. Bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanda vətəndaş tərbiyəsinin mühüm strateji parametrlərini müəyyənləşdirən hadisələr kimi xarakterizə oluna bilər.

Bu gün müstəqil dövlətin vətəndaşlarının müstəqillik və azadlıq duyğusunu formalaşdırmaq məqsədilə, ulu öndər Heydər Əliyevin dediyi kimi, ilk növbədə Azərbaycan Konstitusiyasını, ölkəmizin qanunlarını, dövlət rəmzlərinin mənasını öyrənmək, dərk etmək lazımdır”.

Çingiz Bayramov dedi ki, vətənini, torpağını sevən hər bir soydaşımız Azərbaycan dövlətinə inanaraq gələcəyə doğru inamla addımlamalıdır: “Hazırda Prezident İlham Əliyevin apardığı siyasət də gənclərimizə bu baxımdan nümunədir. Prezident regionlarla bağlı son yığıncaqda qeyd etdi ki, əsas məqsəd dayanıqlı inkişafa nail olmaq və insanların daha da yaxşı yaşamasıdır. Doğrudan da, bütün demokratik ölkələrdə olduğu kimi, sosial sahənin inkişafı, hər bir vətəndaşın sosial müdafiəsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılır. Təqdirəlayiq haldır ki, son bir neçə ildə ölkənin dinamik iqtisadi inkişafı sosial sahəyə də təsirsiz ötüşməyib. Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi inkişafı təmin etməklə bərabər, əhalinin sosial müdafəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. İqtisadi inkişaf sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünyada təcrübədən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. Bu gün dönüb arxaya, çox da uzun olmayan müstəqillik tariximizə nəzər salanda ölkəmizin, həqiqətən də, böyük sosial inkişaf yolu keçdiyini aydın görmək olar”.

 

Fuad Hüseynzadə

Paltira.-2017.-4 fevral.-S.6.