Xocalı soyqırımını törədənlərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir

 

Respublikamızda reallaşan strateji xəttin əsas hədəfi də məhz bu münaqişənin, Ermənistanın təcavüzkar siyasətinin bütün reallıqları ilə dünyaya bəyan olunmasıdır

 

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Beləliklə, Dağlıq Qarabağonun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, NaqasakiSonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd edib: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.

 

Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib

 

Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən çox müxtəlif ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan 18-i 366-cı alayın hərbi qulluqçusu, 8-i Xankəndi və Əskəran daxili işlər şöbələrinin əməkdaşı, 5-i digər vəzifəli şəxs) və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 113-cü (işgəncə), 107-ci (deportasiya), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb.

366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü, habelə 107-ci (əhalini deportasiya etmə və ya köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb.

Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olub, 50 min nəfərdən çox vətəndaşımız yaralanıb və əlil olub, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülüb və şikəst edilib.

Bildirilib ki, sülh və insanlıq əleyhinə törədilmiş həmin ağır və xüsusilə ağır cinayətlərin hərtərəfli, tamobyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası baş prokurorunun 2009-cu il 30 mart tarixli əmri ilə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsi yaradılıb.

Xocalı faciəsi nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

 

Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında "Xocalıya ədalət" beynəlxalq kampaniyası ən mühüm təbliğat vasitələrindən biridir

 

Ermənilər tərəfindən Dağlıq Qarabağın işğalı, xalqımızın başına gətirilən müsibətlər, o cümlədən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi xarici ölkələrdə tədbirlər təşkil olunur. Kitablar təqdim olunur, sərgilər nümayiş olunur. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında "Xocalıya ədalət" beynəlxalq kampaniyası ən mühüm təbliğat vasitələrindən biridir. "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Fondun həyata keçirdiyiQarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanıb. Fondun soyqırımı haqqında ingilis dilində hazırladığı filmdisk şəklində xarici ölkələrdə nümayiş etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” beynəlxalq kampaniyası uğurla davam edir, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulub. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib.

Bununla belə misli görünməmiş qəddarlıqla törədilmiş faciə, ümumilikdə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, təəssüf ki, hələ də beynəlxalq aləmdə, birmənalı şəkildə qarşılanmır, münaqişənin həllinə dair subyektiv təhriflər əksini tapır. Respublikamızda reallaşan strateji xəttin əsas hədəfi də məhz bu münaqişənin, Ermənistanın təcavüzkar siyasətinin bütün reallıqları ilə dünyaya bəyan olunmasıdır.

 

Nigar Abdullayeva

Palitra.-2017.-7 fevral.-S.11.