Çayçılığın
2017-2026-cı illərdə inkişafına dair
Dövlət Proqramının layihəsi hazırlanır
Azərbaycanda bitkiçiliyin ənənəvi sahələrindən biri də çayçılıqdır. Vaxtilə bu sahədə şan-şöhrət qazanan ölkəmizdə çayçılığın tənəzzülə uğraması indi özünü daha qabarıq göstərir. Çayçılığın əvvəlki şöhrətinin geri qaytarılması üçün ilk növbədə, yeni plantasiyalar salınmalı, məhsullar yerli xam mal əsasında istehsal və ixrac olunmalıdır. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev deyib: “Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil”.
Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev bildirib ki, hazırda Çin çay istehsalında 36,2 faizlik göstərici ilə dünyada liderdir. Bu bitkinin əkininə dünya ölkələrində böyük maraq var. 2005-2014-cü illərdə dünyada çayın əkin sahəsinin 803 min 602 hektar, istehsalın isə 1 milyon 711 min 510 ton artması bunu təsdiqləyir.
Onun sözlərinə görə, Azərbaycanda Lənkəran iqtisadi rayonu çay istehsalının 91 faizini təşkil edir. Ötən illərdə bu sahənin tənəzzülü özünü çay plantasiyalarının sayının azalmasında, eləcə də istehsalın aşağı düşməsində də göstərib. Belə ki, Azərbaycanda çay plantasiyaları 1911 hektar azalıb. Bu illər ərzində ən pis göstərici Lənkəran iqtisadi bölgəsində qeydə alınıb: əkin sahəsində 66,8 faiz, istehsalda isə 23,5 faiz azalma.
Azərbaycanda çayçılığın şöhrətini geri qaytarmaq üçün atılan addımlardan danışan ekspert bildirib ki, çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Çayçılığın stimullaşdırılması ilə bağlı tədbirlər çay əkini sahələrinin artırılmasına, əhalinin quru çaya olan tələbatının böyük bir hissəsinin yerli istehsal hesabına ödənilməsinə, yüksəkkeyfiyyətli çayın ixracına, yeni iş yerlərinin açılmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq.
“Azərbaycan Respublikasında
2017-2026-cı illərdə
çayçılığın inkişafına dair Dövlət Proqramı”nın həyata
keçirilməsi respublikamızda
çayçılığın ənənələrinin qorunaraq inkişaf etdirilməsinə,
regionların aqrar sənaye potensialının
artırılmasına, rəqabətin qorunmasına, daxili tələbatın
ödənilməsinə, idxaldan
asılılığın azaldılmasına, çay emalı məhsullarının
ixracının və çayçılıqla bağlı
digər sahələrin inkişafına, əhalinin həyat
şəraitinin yaxşılaşdırılmasına təsir
göstərməklə ölkənin ümumi
iqtisadi potensialını gücləndirəcək”,
- deyə V.Əliyev qeyd edib.
Nigar
Palitra.-2017.-7 fevral.-S.6.