Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində şəhidin doğum gününə həsr edilmiş tədbir keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Mübariz İbrahimovun xatirəsi birdəqiqəlik sükutla yad edilib. Lisey-Məktəbin direktoru Bəhruz Mehdiyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, Milli Qəhrəmanın şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verib. İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Faiq Ağayev Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib. Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Sonra Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri şəhidin adını daşıyan Lisey-Məktəb kompleksinin şagirdləri ilə birlikdə qəhrəmana həsr olunan şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Tədbir çərçivəsində həmin Lisey-Məktəbə şagirdlərin qəbulu mərasimi keçirilib. Sonra tədbir iştirakçıları şəhidin doğulduğu Əliabad kəndində onun ailəsini ziyarət edib, valideynləri, yaxınları ilə görüşüb, ev muzeyində olublar.

Qeyd edək ki, hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

 

Palitra.-2017.-8 fevral.-S.2.