Türkiyənin səfiri BANM-də
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb. Səfiri salamlayan rektor Elmar Qasımov onu ali məktəbdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxunub. Elmar Qasımov Türkiyənin universitetlərində çox sayda azərbaycanlı tələbələrin təhsil aldıqlarını və gənclərin bu ölkəyə böyük marağının olmasından bəhs edib. Rektor rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açıb. O, BANM-lə Türkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirib. Elmar Qasımov yaxın vaxtlarda ali məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü vurğulayıb. Rektor Türkiyənin Orta Doğu Teknik Universiteti (ODTU) ilə BANM-in əlaqələrinin qurulmasına marağını ifadə edib. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün ali məktəbə yenidən dəvət edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirib. Səfir Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət iki dövlət" anlayışı üzərində qurulduğunu bildirib. İki qardaş ölkə arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu deyib. Səfir ali məktəblə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin YÖK-lə əlaqələrin inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olunub.
Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim edib.
Nigar
Palitra.-2017.-9 fevral.-S.15.