“Ustadla görüş”
silsiləsindən növbəti tədbir
Gədəbəy
Aşıq Məktəbində “Ustadla görüş” silsiləsindən növbəti
tədbir tanınmış el sənətkarı
Aşıq Sədaqət Gədəbəyliyə (Rəsulov)
həsr olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ustad aşıq xatirələrini dilə gətirib, sənətin sirlərini öyrəndiyi azman sənətkarlardan söz açıb. O, Azərbaycan aşıq sənətinə göstərilən dövlət dəstəyindən danışıb, bu sənətin indən belə çox-çox yüksəklərə qalxacağını, bu istiqamətdə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü söyləyib.
Tədbirdə çıxış edənlər bildirib ki, ötən əsrin 70-90-cı illərində Azərbaycanda, eləcə də keçmiş İttifaq tərkibindəki bir sıra müttəfiq respublikalarda təşkil edilmiş konsertlərdə, yaradıcılıq müsabiqələrində fəal iştirak edən aşığın bir neçə diski, valı da hazırlanıb.
Görüşdə Aşıq Sədaqət
Gədəbəyli unudulmaqda olan el havacatlarını,
vaxtilə səsləndirdiyi və o
dövrdə populyar olmuş
aşıq havalarını ifa edib, sənətin incəlikləri haqqında
gənclərə tövsiyələrini verib.
Mahmud
Palitra.-2017.-9 fevral.-S.13.