Kristian Rixter: “Azərbaycanlılar
yardımsevərdilər”
“Azərbaycanın təndir
çörəyini və xəngəlini çox sevirəm”
Müsahibimiz Kristian Rixterdir. Kristian Rixter Almaniyanın Koblenz
Universitetində Biznes İdarəçiliyi
ixtisasının 3-cü kursunda oxuyur. Onu Azərbaycana bağlayan bir sıra amillər
var. Buna misal olaraq Kristian
Rixterin ötən ilin
sentyabrından başlayaraq Azərbaycan
Universitetində Erasmus+ mübadilə
proqramı çərçivəsində təhsilini davam etdirməsidir. Bu
maraqlı almaniyalı gənc ilə olan
müsahibəni oxuculara təqdim edirik:
-Necə oldu Qafqaza- Azərbaycana gəldiniz?
-Mən Azərbaycana gəlmək üçün keçən yazdan qərar vermişdim. Düzünü desəm, təhsil aldığım dövr ərzində xaricdə təhsilimi davam etmək haqqında düşünmürdüm. Lakin sonradan oxuduğum Koblenz Universiteti ilə Azərbaycan Universitetinin yeni əməkdaşlığı və mübadilə proqramları haqqında eşitdim və Azərbaycan Universitetindən olan tələbələrdən ölkə və Azərbaycan Universiteti haqqında aldığım pozitiv fikirlər təhsilimi mübadilə proqramı çərçivəsində Azərbaycanda davam etmək marağımı daha da artırdı.
-Ümumiyyətlə,
Azərbaycanı əvvəllər də
tanıyırdınızmı? Bu ölkəyə
gəlmək fikriniz olubmu?
-Əlbəttə, tanıyırdım. Düzünü desəm, bir neçə il bundan əvvəl Avroviziya mahnı müsabiqəsi zamanı dostlarımızla qərara gəldik ki, biz bir gün Azərbaycana getməliyik. Nəhayət ki, universitetlərin yaratdığı bu imkan arzumu reallaşdırmağımda yardımçı oldu.
-Almaniya
ilə Azərbaycan arasında hansı oxşarlıq və ya fərqlilik var?
-Bu çox çətin sual oldu. Ancaq deməliyəm
ki, hər iki ölkədə yaşayan insanlar arasındakı oxşarlıq
odur ki, çox mehriban və yardımsevərdilər.
Bunu deməliyəm ki, Azərbaycanda insanlar hər bir problemimdə
mənə yardımçı
olmağa çalışırlar.
Azərbaycan və mənim
ölkəm arasındakı
əsas fərq odur ki, azərbaycanlılar
bu sahədə daha praktikdirlər və onlar bu
işdə çox yaxşıdırlar. Almanlar
isə çox düşünürlər və
analiz edirlər, amma praktikada az iş
görülür. Həmçinin
deməliyəm ki, hər iki ölkənin
insanları başqa ölkələrin mədəniyyəti
ilə tanış
olmaq və səyahət etməyə
maraqlıdırlar. Lakin səyahət
etmək istədikləri
ölkələrdə fərqlilik
mövcuddur.
- Belə başa düşdüm ki, Azərbaycanda olmaq xoşunuza gəlir. Burada qalıb məskunlaşmaq
fikriniz var?
- Tam haqlısınız. Azərbaycanda olmaq, burada yaşamaq
çox xoşuma gəlir və bu səbəbdən yaz semesterində də təhsilimi Azərbaycanda - Azərbaycan
Universitetində davam etmək qərarına gəldim. Azərbaycanda
daha çox- 1 və ya 2 il də qalmağı düşünürəm.
Amma ailəmin və dostlarımın Almaniyada yaşadığını nəzərə
alaraq deməliyəm ki, daimi olaraq
Azərbaycanda yaşamağı
düşünmürəm.
-Bizim gənclərlə münasibətiniz necədir?
-Universitetdə və universitetdən kənarda çoxlu gənc insanla tanış
olmuşam. Düşünürəm ki, burada gənclərin həyat tərzi və boş vaxtlarını keçirmələri Almaniyadakından
elə də fərqlənmir. Azərbaycanda boş zamanlarda dostlarımızla gəzirik,
kinoya gedirik və ən əsası da dadlı Azərbaycan çayı içirik.
Çox sevinirəm ki, burada çoxlu
mükəmməl insanla
tanış oldum və bölüşməyə
çoxlu xatirələrimiz
olacaq.
-Milli yeməklərimizdən hansını
bəyənirsiniz?
-Düzünü desəm,
ətlə olan yeməkləri yemədiyim
üçün Azərbaycanın
milli mətbəxinin əsas yeməklərini dadmağa cəhd etməmişəm. Lakin vegeteryanlar üçün
hazırlanmış yeməkləri
test etmişəm. Bunlardan
fərqli salatları,
soğanlı xəngəl,
plov, qutab və s. demək olar. Deməliyəm ki, salatlardan
ən çox manqal salatını sevirəm. Həmçinin Azərbaycanın təndir çörəyini
də çox sevirəm.
-Adətən, başqa ölkənin nümayəndələri
mətbəximizi çox
bəyənirlər. Təəssüf ki, əsas yeməklərimizi
dadmamısınız. Heç olmasa, yeməklərimizdən
bişirməyə cəhd
edirsinizmi?
- Düzü, yemək bişirməkdən zövq
alıram. Ancaq, düzünü desəm, daha çox beynəlxalq mətbəxdən olan yeməkləri bişirirəm.
Qonşularım mənə bir
neçə dəfə
xəngəli və qutabı necə bişirməyi göstəriblər.
Bundan başqa, Azərbaycan yeməklərini özüm
hazırlamamışam.
-Azərbaycanda olduğunuz müddətdə
hansı bölgələrdə
olmusunuz?
-Mən Şəki, Qəbələ, Qobustan, Göyçay, İşmayıllı (Lahıc) və Sumqayıtda olmuşam və o şəhərlərin fərqliliyi məni heyran etdi. Bu şəhərlərdəki fərqli atmosferləri görmək həqiqətən çox gözəl idi. Səssiz təbiətdə olmaq insana çox xoşdur və bunlar mənim üçün şirin xatirə olaraq qalacaq. Eyni zamanda valehedici dağları və orada yaşayan insanların həyat tərzi çox maraqlı idi.
-Avropanın iqtisadi mərkəzi sayılan Almaniyada
təhsilin də yüksək səviyyədə olduğu deyilir. Bu barədə də söz
açardınız?
-Deməliyəm ki, Almaniyada təhsilin səviyyəsi yüksəkdir. Lakin, bununla bağlı incəlikləri izah etmək mənim üçün bir az çətindir. Yaxşı təhsil, əsasən, tələbələrin özündən asılıdır. Siz çox oxumadan dərəcə ala bilərsiniz və yaxud çox cəhd edərək və çox oxuyaraq təhsilinizi yaxşı nəticə ilə bitirə bilərsiniz və bu sizin iştapma şansınızı artırır. Sinifdəki tədris demək olar ki, hər iki ölkədə eynidir. Koblenz Universitetində siniflər adətən böyük olur və semestr boyu “quiz” imtahanları keçirilmir. Sadəcə, hər semestrin sonu final imtahanı keçirilir. Bu səbəbdən də tələbələr çox oxumaq məcburiyyətində olurlar. Çünki final imtahanında xırda detallardan sual düşmə ehtimalı çoxdur və biliklərinizi, həqiqətən, tətbiq etdiyinizdən əmin olmalısınız.
- Bəs Azərbaycandakı
təhsilinizi başa vurandan
sonra nələri
planlaşdırırsınız?
-Hələ ki, Azərbaycandayam,
çünki payız semestrində də
təhsilimi Azərbaycanda davam etmək qərarına
gəlmişəm. Bundan sonra
təhsilimi magistratura səviyyəsində
davam etdirəcəyəm və yaxud iş həyatına başlayacağam. Almaniyalı gənclərə
tövsiyəm odur ki,
belə şanslardan faydalanaraq
yeni insanlar və mədəniyyətlərlə
tanış olsunlar.
Tural TAĞIYEV
Palitra.-2017.-8 fevral.-S.12.