Cocuq Mərcanlıya səfər zamanı xarici KİV nümayəndələri erməni vəhşiliyini öz gözləri ilə gördülər”

 

Fuad Hüseynov: “ Cocuq Mərcanlıda tikiləcək evlərin fərqi ondan ibarətdir ki, insanlar öz doğma torpaqlarında yaşayacaqlar

 

Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdirilir. Torpaqlarımızın işğaldan azad edilməsi və erməni qəsbkarları tərəfindən törədilən vəhşiliklərin dünyaya çatdırılması vacib amildir. Bu istiqamətdə son günlər aktual olan məsələlərdən biri işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası, əhalinin yaşayışın təşkil edilməsi, nəhayət mövcud vəziyyətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi bu günlərdə Azərbaycanda akkreditə olunmuş bir qrup xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olundu. Səfərdə “Associated Press, “Reuters” agentlikləri, Türkiyənin TRT kanalı, "Anadolu" xəbər agentliyi, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları, Rusiyanın mətbuat orqanları, o cümlədən “RiA Novosti”, “İnterfax” və digər KİV nümayəndələri olmaqla, 25 -30 nəfər iştirak edirdi. Mövcud vəziyyəti öz gözləri ilə görən xarici KİV nümayəndələri bir daha erməni vəhşiliklərinin şahidi oldular.

Qeyd edək ki, ölkə başçısı tərəfindən Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanıb. Prezident İlham Əliyev öz çıxışında bildirib ki, bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır: “Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir. Bu kənd bir neçə ay işğal altında olub. Sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilib. İşğalçılar, düşmənlər o kənddən qovulmuşlar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan ediblər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, sonra isə infrastruktur layihələri icra olunmalıdır. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər”.

İndi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmadıqlarını deyən ölkə başçısı qeyd edib ki, Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik: “Nəyə görə? Çünki buraxmırlar. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, biz bu işlərə çox əsaslı yanaşmalıyıq və qeyd etdiyim kimi, orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Ancaq mən göstəriş vermişəm ki, kəndin masterplanı hazırlansın. Əminəm ki, gələcəkdə orada 100, ya da 200 ev tikiləcək. Əlbəttə ki, orada yaşayacaq insanlar üçün yerləri də açılmalıdır. Həm əkin sahələri, digər yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq”.

 

Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı işlərə başlanılıb

 

Qeyd edək ki, bu istiqamətdə müvafiq qurumlar tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb. Baş nazirin müavini bildirib ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıb.

Sonda Baş nazirin müavini Əli Həsənov bu fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.

 

“Növbəti mərhələdə 150-200 evin tikintisi və bərpası nəzərdə tutulur. Hazırda kənddəki bütün evlərin sənədləşdirilməsi işləri aparılır”

 

“Bəzi beynəlxalq təşkilatlar uzun illərdən sonra qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqlarına şübhə ilə yanaşırlar. Amma onlar unudurlar ki, biz azərbaycanlılar torpağa bağlı xalqıq. Artıq 200-dən çox Cocuq Mərcanlı sakini doğma kəndlərinə qayıtmaq üçün ərizə ilə müraciət edib. Bu, Böyük Qayıdış konsepsiyasına şübhə ilə yanaşanlara ən tutarlı cavabdır”. Bunu AZƏRTAC-a müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib. Prezident İlham Əliyevin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bu günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə təşkil olunmuş səfər zamanı xarici kütləvi informasiya vasitələrinin nümayəndələri erməni vəhşiliyini öz gözləri ilə görüblər.

Fuad Hüseynov erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında belə səfərlərin əhəmiyyətini vurğulayaraq, kəndin bərpası istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. “Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 evin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə 150-200 evin tikintisi və bərpası nəzərdə tutulur. Hazırda kənddəki bütün evlərin sənədləşdirilməsi işləri aparılır”, - deyə Fuad Hüseynov qeyd edib. İndiyədək Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlər üçün 95 yeni qəsəbə və yaşayış kompleksinin salındığını, 250 min qaçqın və məcburi köçkünün yeni mənzillərə köçürüldüyünü vurğulayan komitə sədrinin müavini deyib: “Cocuq Mərcanlıda tikiləcək evlərin fərqi ondan ibarətdir ki, insanlar öz doğma torpaqlarında yaşayacaqlar. İnşa olunacaq mənzillər onların mülkiyyətinə veriləcək”.

 

Nigar Abdullayeva

Palitra.-2017.-10 fevral.-S.11.