Xaricdəki gənclər Qarabağ
həqiqətlərini necə təbliğ edirlər
Onların ictimai fəaliyyətinin
əsasını dünya birliyinə Ermənistanı
işğalçı dövlət kimi tanıtmaq təşkil
edir
Bu gün Azərbaycanın xarici əlaqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi nəticəsində ölkəmiz yeni müttəfiqlər qazanıb. Hazırda 50-dən çox ölkədə səfirliyimizin açılması ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. Eyni zamanda beynəlxalq təşkilatlarla qarşılıqlı və səmərəli münasibətlər inkişaf etməkdədir. Bu sahədə əldə etdiyimiz nailiyyətlər sayəsində Azərbaycan haqqında, eləcə də Qarabağ həqiqətləri dünya birliyinə olduğu kimi çatdırılır. Son illər bu baxımdan xaricdə yaşayan və təhsil alan gənclərin də aktivliyi müşahidə olunur. Onların ictimai fəaliyyətinin əsasını dünya birliyinə Ermənistanı işğalçı dövlət kimi tanıtmaq təşkil edir. Bu istiqamətdə fəal iş görən xaricdəki bir neçə gənclə həmsöhbət olub, strateji hədəflərini öyrəndik.
“Milli diasporun yaşlı nəsli xaricdəki gənclərlə Qarabağ hadisələri ilə bağlı maarifləndirmə işləri aparmalıdır”
Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayeva uzun illərdir ermənilərlə mübarizə apararaq mətinləşib. Onun fikrincə, Azərbaycanda yaşayan gənclərlə xaricdə yaşayan gənclərimizin Dağlıq Qarabağ hadisələrini qavrayışı fərqlidir: “Milli diasporun yaşlı nəsli, öncə vətəndən uzaqda böyüyən azərbaycanlı gənclərlə Qarabağ hadisələrinə düzgün, geniş, obyektiv münasibətin formalaşmasına yönələn maarifləndirmə işləri aparmalıdır”.
Səadət Qarayeva qeyd etdi ki, bu gün Rusiyada böyüyən azərbaycanlı gənc nəslin nümayəndələri daha da savadlı, elmə meyilli, azad baxışlı, təşəbbüskar və kreativdirlər: “Bunu son illərdə 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların soyqırımı günü, Azərbaycan torpaqların işğal olunma günlərində, bizim gənclərimizin apardıqları təbliğatdan görmək olar. Bu tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak edirlər. Məsələn, 2016-cı ildə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk nümayəndəliyi, Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq, bir həftə boyunca müxtəlif elm ocaqlarında tədbirlər (“dəyirmi masa”, rəsm sərgisi, konfranslar, sənədli filmlərin nümayişi) keçirmişdi”.
“...Ən böyük yük xaricdə yaşayan və oxuyan gənclərin üzərinə düşür”
Türkiyənin Erciyes Universitetinin Hüquq fakültəsində magistratura təhsili alan Ləman Süleymanlı dedi ki, Azərbaycan gəncinin çiyinlərində olan yük 21-ci əsrdə çox ağırdır: “Zaman -zaman parçalanan torpaqlarımız az deyilmiş kimi, bir də 21-ci əsrin başlanğıcında qəlb yaramız olan Qarabağ və Qarabağ ətrafı torpaqlarımızın 20% işğal edilib. Bir qarabağlı kimi 25 ildir ki, görmədiyim torpağımı, dədə-babalarımın məzarını görməmək çox ağırdır. Biz, Azərbaycan türkləri illərdir dünyaya həqiqətləri çatdırmaqla məşğuluq. Və ən böyük yük də xaricdə yaşayan və oxuyan gənclərin üzərinə düşür. Oxuduqları təhsil ocaqlarında, işlədikləri müəssisələrdə, yaşadıqları məhəllələrdə gördüyüm qədəri ilə əllərindən gələni edirlər. Bayramlarımızı təşkil etməklə, önəmli günlərimizin yad edilməsi ilə Azərbaycan və Qarabağ həqiqətlərini yayırlar. Bu, onların içindən gəlir. Səsimizə səs, harayımıza haray istəyirlər”.
Ləman Süleymanlı bildirdi ki, gənclər dövlətlərinin təməlli, güclü olmasını istəyirlər: “Ata-babalarından qalan torpaqları gələcək nəsillərə ötürmək bir növ bizlərin borcudur. Bu torpaqlarda bizim nənələrimizin laylası, babalarımızın at izi var. Bu torpağın hər qarışında haqqımız var. Və Azərbaycan gəncliyi bunu gözəl bilir. Bilirik ki, bu haqq və ədalət bərpa olunmasa, gələcək nəsillərə ötürəcək heç nəyimiz qalmayacaq. Torpaqdan pay olmadığını bilən xaricdə yaşayan gənc Qarabağ həqiqətlərini yaymaqla haqqın bizim olduğuna inanır”.
“Xaricdəki gənclər Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında çox fəal iştirak edirlər”
Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistrı Elvin Babayev də Azərbaycan həqiqətlərinin təbliğində, dünya ictimaiyyətinə çatdırılmasında gənclərin çox böyük rol oynadığını düşünür: “Bu gün istər ölkə daxilində, istərsə də ölkə xaricində çox savadlı, istedadlı, ziyalı Azərbaycan gəncləri var. Azərbaycan gənclərinin potensialı bütün dünya ölkələrinə bəllidir. Biz, gənclərin birlikdə hər zaman müzakirə etdiyimiz mövzular Dağlıq Qarabağın, 1 milyondan çox öz el-obasından didərgin salınmış həmvətənlərimizin timsalında bütün Azərbaycan xalqının qəlbinə sancılmış erməni xəncərinin ağrı-acısını dünyaya çatdırmaq və bu yolda gələcək strateji hədəflərimizi müəyyənləşdirmək olub.
Dağlıq Qarabağ problemi irqindən, dini mənsubiyyətindən asılı olmayaraq, bu torpağın üzərində yaşayan hər bir Azərbaycan gəncinin problemidir. Bu da danılmaz faktdır ki, bu gün xaricdə təhsil alan, yaşayan, işləyən hər bir gənc Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında çox fəal iştirak edir. Ermənilərin bu günə qədər Azərbaycana qarşı beynəlxalq hüquq normalarını pozmasını dəfələrlə dünya birliyinin diqqətinə çatdırmaqdan yorulmurlar.
Müasir zəmanəmizdə İKT sahəsi çox yüksək inkişaf edib. Azərbaycan gəncləri bu sahədən çox yaxşı yararlanır və öz səslərini virtual dünya ilə də beynəlxalq aləmə çatdırırlar”.
Elvin Babayev bildirdi ki, xaricdə yaşayan Azərbaycan gəncləri yaşadıqları ölkələrdə yerli sakinlərin milli mentalitetini, hər bir hadisəyə yanaşma tərzini mənimsəyib məhz onların baxış bucağı altında Qarabağ həqiqətlərini onlara layiqincə çatdırırlar: “Məsələn, mənim magistratura üzrə təhsil aldığım Qırğızıstanda təşkil etdiyim hər bir tədbirdə əhalinin dünyaya baxışını, baş vermiş dünyəvi hadisələrə yanaşmalarını nəzərə alırdım. Aydın məsələdir ki, Avropa ilə Mərkəzi Asiyanı fərqləndirən xüsusiyyətlərdən biri də orada yaşayan insanların dünyaya baxış bucaqlarının fərqliliyidir. Xocalı faciəsinə aid tədbiri təşkil etməzdən əvvəl Diplomatik Akademiyada təhsil alan hər bir tələbə və müəllim heyətinə braşürlər hazırlayıb paylayırdım. Tələbələrin arasında elələri var idi ki, məlumatı yox idi. Xocalı faciəsinə aid braşürlərlə tanış olduqda insanlığa qarşı, bütün bəşəriyyətə qarşı ağır cinayət olan bu hadisənin iştirakçılarına nifrət hislərinin olduğunu söyləyirdilər. Daha sonra tədbir keçiriləndə özləri də o tədbirdə çıxış etmək üçün söz istəyirdilər və öz çıxışlarında xalqımızın başına gətirilən faciələrin səbəbkarlarını lənətləyirdilər. Bundan başqa, mədəniyyətimizin, musiqimizin, mətbəximizin təbliğində belə, Dağlıq Qarabağ həqiqətlərini çatdırmağa səy göstərirdim. Hər zaman ağlımda bir fikir var idi: biz gənclər dünyanın bizi başa düşəcəyi dildə danışmalıyıq ki, işlərimizin nəticəsini görək, sərf etdiyimiz zamanın effektivliyini hiss edək.
Sizin vasitənizlə bir daha bildirmək istəyirəm ki, biz, gənclər hər zaman öz Prezidentimizin ətrafında sıx birləşmişik, birləşəcəyik də. Dağlıq Qarabağın düşmənlərdən azad olunması üçün müharibə lazımdırsa, biz ali baş komandanın əmrinə həmişə hazırıq”.
“Xaricdə beynəlxalq rəqabətədavamlı gənclərimiz yetişir”
Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri və Diaspora.az saytının baş redaktoru Nail Əhmədin sözlərinə görə, Qarabağ həqiqətlərinin təbliğində diaspor təşkilatlarımızdan sonra ikinci yerdə xaricdə təhsil alan və yaşayan gənclərimiz dayanır: “Son illər xaricdəki gənclərimizin bu işdə kifayət qədər aktiv olmaları danılmazdır. Artıq texnologiya əsridir, əvvəllər kütləvi aksiyalar daha effektiv sayılırdısa, bu gün ən effektiv yol internet üzərindən aparılan təbliğat yoludur”.
Nail Əhməd hazırda
xaricdə beynəlxalq rəqabətədavamlı gənclərimizin
yetişdiyini vurğuladı: “İnternet üzərindən necə, hansı
yollarla daha effektiv təbliğat mexanizmini
qura biləcək potensiallı gənclik yetişir. Bu aspektdən qeyd etmək
lazımdır ki, xaricdəki gənclərimiz
bu gün
apardıqları təbliğat işini sabah daha dinamik
və daha çoxşaxəli həyata
keçirəcək. Əbəs yerə “gənclər bizim gələcəyimizdir” deyilməyib”.
Fuad Hüseynzadə
Palitra.-2017.-11 fevral.-S.6.