“Ən böyük problem Azərbaycan ərazisində
Ermənistan silahlı qüvvələrinin olmasıdır”
Xarici işlər
naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə
müsahibə verib. AZƏRTAC-ın yaydığı musahibəni
ixtisarla təqdim edirik:
-Son günlərin
əsas mövzularından birinə toxunmaq istərdim. Bu
mövzu bir sıra dövlətlərin mənafeləri ilə
bağlıdır. Söhbət Rusiyanın və İsrailin
vətəndaşlığına malik olan, Bakının
sorğusuna əsasən bu günlərdə Minskdən Azərbaycanın
paytaxtına ekstradisiya edilmiş Aleksandr Lapşin barədədir.
Sizin fikrinizcə, onun sonrakı taleyi necə olacaq? Deyilənə
görə, onun əfv edilərək vətəndaşlığına
malik olmadığı bir ölkəyə verilməsi
mümkündür...
-Lapşinin gələcək taleyi məsələsi istintaqın nəticələrindən asılı olacaq. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittihamlar irəli sürülüb. Son qərarı məhkəmə qəbul edəcək. Bu məsələnin hədsiz siyasiləşdirilməsi məni çox təəccübləndirir və hiddətləndirir. Lapşini həmişə bloqqer adlandırırlar. Yaxşı, əgər o mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O, qanunları pozub və hüquqi əsaslara uyğun olaraq cinayət işi qaldırılıb, bu əsasda İnterpola sorğu göndərilib və Belarus tərəfi həmin sorğuya müvafiq olaraq onu tutub saxlayıb. Hər iş MDB çərçivəsində Kişineu Konvensiyasına uyğun olaraq qanun çərçivəsində görülüb. Bu şəxsin bloqqer olması barədə spekulyasiyalar heç də onun qanun qarşısında toxunulmaz olması demək deyil.
-Artıq neçə illərdir ki, Qarabağ məsələsinə dair danışıqlar gedir, lakin istər ATƏT-in Minsk qrupu, istərsə də Rusiyanın, Ermənistanın və Azərbaycanın formalaşdırmağa cəhd göstərdiyi format hər hansı uğurlarla nəticələnməyib. Bəlkə, yeni variantlar axtarmağın vaxtıdır.
-Minsk qrupu hələ 1992-ci ildə yaradılıb. Oraya təkcə Ermənistan və Azərbaycan deyil, bir sıra başqa ölkələr, o cümlədən Rusiya, Belarus, Türkiyə, İsveç və başqa ölkələr də daxildir. Ermənistan və Azərbaycan bu danışıqların iştirakçıları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. 1997-ci ildə həmsədrlər ideyası tətbiq edildi. Məlum olduğu kimi, həmsədrlər Rusiya, ABŞ və Fransa oldu. Təbii ki, həmin anda tam əminlik var idi: bir halda ki, BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü Minsk qrupunun həmsədrləridir və 1993-cu ildə bu münaqişənin tənzimlənməsinə dair dörd qətnamənin hər birinə bütün həmsədrlər yekdilliklə səs veriblər, deməli, Təhlükəsizlik Şurasının qətnamələrinin iddia müddəti yoxdur.
Bu sənədlərdə açıq-aydın yazılıb ki, Təhlükəsizlik Şurasının tapşırığına müvafiq olaraq Minsk qrupunun o vaxtkı sədri Mario Rafael qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikini təqdim etdi. Bu sənəd 853 nömrəli qətnaməyə əlavə kimi təqdim olundu. 1997-ci ildə üçlü həmsədrlik tətbiq ediləndə biz fikirləşirdik ki, əgər o vaxt bu ideya qəbul edilibsə, irəliləyiş üçün yaxşı şans olacaq. Lakin təəssüf ki, faktlar göz qabağındadır - iyirmi ildən artıq müddətdə münaqişə tənzimlənməyib.
Mənim nazir olduğum müddətdə bir neçə dəfə biz münaqişənin tənzimlənməsində irəliləyiş məsələsinə xeyli yaxınlaşmışdıq. Hamı başa düşür ki, bu gün mövcud olan status-kvo, ola bilsin ki, erməni tərəfindən başqa heç kəsi qane etmir.
Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib, insanlar artıq oraya qayıdırlar. Çox təəssüf ki, hər bir ərazi hərbi əməliyyatlar yolu ilə azad edilir, hərçənd biz birinci gündən deyirdik ki, məsələ sülh yolu ilə həll edilməlidir.
Biz dəfələrlə demişik ki, tədricən “masanı problemlərdən təmizləmək” lazımdır. Bəs hansı problemlər var? Ən böyük problem Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasıdır. İlk növbədə demək istərdim ki, əsgərlər, sadəcə, kazarmalara qayıtmalıdır. Bu, çox böyük imkanlar açacaq, bu, planın bir hissəsidir. Siz mənə Rusiya-Ermənistan-Azərbaycan formatı barədə sual verdiniz. Prinsip etibarilə biz belə də edirik. Keçən ay mən Moskvada oldum və Sergey Lavrovla bu planı müzakirə etdik. Bildiyiniz kimi, bundan əvvəl Sankt-Peterburqda prezidentlərin görüşü olmuşdu. Planın nədən ibarət olduğunu və bizim həmin plan üzrə necə irəliləməli olduğumuzu hamı gözəl bilir, hər şey açıq yazılıb, lakin siyasi iradə lazımdır. İndiki halda bizim siyasi iradəmiz var, erməni tərəfinin siyasi iradəsi lazımdır.
-Lakin, əgər sizin indicə bu qədər ətraflı bəhs etdiyiniz mövcud format bu məsələdə “ölü nöqtədən tərpənməyə” imkan vermirsə və erməni qoşunları indi olduqları yerdə qalırsa, bəlkə siz ABŞ-ın yeni administrasiyasına hansısa ümid bağlayırsınız.
-Baxarıq. ABŞ administrasiyası hələlik müvəqqəti həmsədr təyin edib, lakin bu şəxs altı-doqquz ay işləyəcək. İkincisi, məsələ həm də ondan ibarətdir ki, prinsip etibarilə hər bir ABŞ administrasiyasının institusional yaddaşı var. Siyasətdə belədir - gəlin onlara 100 gün vaxt verək, kabinetdə olsunlar, sonra isə qiymətləndirməyə başlayaq, görək onlar bu məsələ ilə intensiv məşğul olacaqlar, ya yox. İndiki halda mən hadisələri qabaqlamaq istəmirəm. Lakin Rusiya tərəfinin təklifinə qayıdaraq deməliyəm ki, format var, kağızlar var, hər kəs hər şeyi gözəl bilir.
-Yaxın vaxtlarda Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri səviyyəsində görüş olacaqmı?
-Mən Moskvada olarkən bu ideya səsləndi. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyi təklif etdi. Mən dedim ki, buyurun, mən hazıram. Lakin həmin görüşün təxmini müddətləri müzakirə edilməyib, bunun üçün qrafiklərin uzlaşdırılması tələb olunur. Hələlik bizə konkret müddətlər barədə təkliflər daxil olmayıb, lakin bizim prinsipial razılığımız var.
-Siz xatırlatdınız ki, indiyə qədər Qarabağ problemlərində yalnız hərbi qüvvə hesabına irəliləyişlər olub. Prezident Əliyev bu yaxınlarda Davosda bildirdi ki, Azərbaycan Rusiya Federasiyasından külli miqdarda hərbi texnika almağa hazırlaşır. Məhz nədən söhbət getdiyini dəqiqləşdirə bilərsinizmi?
-Mən müdafiə naziri yox, xarici işlər naziriyəm. Orduya tələb olunan silahların siyahısını və ya reyestrini təsəvvür etmək mənim üçün xeyli mürəkkəbdir. Lakin xarici işlər naziri kimi deyə bilərəm: bu pulları regionun inkişafı üçün necə istifadə etmək olacağını təsəvvür edin. Bir tərəfdən biz silahlara pul xərcləyirik, digər tərəfdən Rusiya silahları kreditlə də olsa Ermənistana gedir.
Sonuncu kredit 200 milyon məbləği üçün
açılıb. Bu kreditdən insanların həyat şəraitinin
yaxşılaşdırılması üçün istifadə
edilsəydi nələr olacağını təsəvvür
edin. Axı həmin pullar xeyli mənfəətlə
qayıda bilərdi. Tankla toxum səpmək,
yer şumlamaq, nə isə əkmək mümkün deyil.
Tank almısansa, onu vaxtaşırı
atış meydanında sürürsən. Nə olsun? İndiki halda siz
çox incə bir mətləbə toxundunuz - ölkənin
ordusu olmalıdır, ordu döyüş qabiliyyətli
olmalıdır, lakin bu, vahimə vasitəsi olmamalıdır.
İndiki kontekstdə bu, heç düzgün
deyil, bütün bunlar vəziyyəti mürəkkəbləşdirir.
Bir də ki, region özü də sadə region
deyil, mən arzu edərdim ki, mənim qonşularım Avropa
İttifaqı ölkələri olsun, lakin, necə deyərlər,
alınmır. Əsgərlər kazarmalara
qayıtmalıdır, vəziyyətdən yeganə
çıxış yolu budur.
-Ermənistanda Rusiyanın hərbi bazasının
olması da regionda vəziyyətə təsir göstərmir?
-Mən
başqa cür deyərdim. Bu, əlbəttə,
Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərə
aid məsələdir. Əlbəttə,
başa düşmək lazımdır ki, regiondakı hər
bir ölkə üzləşdiyi təhdidlər və
çağırışlar nəzərə alınmaqla
münasibət bildirir. Bu amili də həmişə
nəzərə almaq lazımdır.
Bu hərbi
baza çoxdan oradadır, hələ Sovet İttifaqı
dövründən orada cənub istiqamətində, NATO-nun
üzvü olan Türkiyə ilə sərhəddə kifayət
qədər güclü qoşun qruplaşması var.
İndiki halda mən belə başa düşürəm, qoy
bu məsələni Rusiya və Ermənistan özləri həll
etsinlər. Hərçənd, əlbəttə,
biz də mövcud çağırışları və təhdidləri
nəzərə almalı, bunlara göz yummamalıyıq.
-Əvvəllər
Azərbaycan MC-21 mülki təyyarələri almaqda
maraqlı olduğunu deyirdi, hazırda Rusiyada bu təyyarələrin
istehsalı finiş xəttinə yaxınlaşır...
-Səhv
etmirəmsə, bizim mülki aviasiya nümayəndəsi bu məsələ
ilə əlaqədar səfərdə olub. Mən
bilən, o, həmin təyyarələrə baxıb. Təqdimat vaxtı o şəxs də zalda olub və
bu təyyarənin bizi maraqlandırdığını
bildirib. Aviaparkı yeniləşdirmək
lazımdır. Konkret detallar barəsində
danışmaq hələ tezdir.
-2014-cü ildə Prezident İlham Əliyev atom
energetikasının inkişafına dair vəzifələri
göstərib. O vaxtdan hansı işlər görülüb? Azərbaycanda ilk atom elektrik stansiyası nə vaxt
yaranacaq və Rusiya atom mütəxəssislərinin bu məsələdə
müəyyən qədər iştirak etmək şansı
varmı?
-Şans həmişə var. Hələ sovet
dövründə SSRİ Dövlət Plan Komitəsi burada, cənubda
atom elektrik stansiyası tikilməsini
planlaşdırırdı, çünki atom enerjisi, yəqin
ki, ən ucuz enerjidir.
Bu baxımdan, iqtisadiyyatın dinamik inkişaf etməsi nəzərə
alınmaqla, əlavə elektrik enerjisinə həmişə
ehtiyac olar. Digər tərəfdən, əlbəttə bu son dərəcə
vacibdir - söhbət atom elektrik stansiyasının təhlükəsizliyi
məsələsindən gedir. Yəqin ki,
bu məsələ ən prioritet rol oynayacaq.
Prezident İlham Əliyev 2014-cü ildə qeyd edib ki,
biz bu sahədə gözlənilən imkanlarımızı
yoxlamalıyıq. Lakin bizdə məsələ bu sahədə
təhlükəsizlik, rentabellik və maliyyələşdirmənin
nə dərəcədə özünü doğruldacağı
ilə bağlıdır. Axı Yaponiyada
atom elektrik stansiyalarının nə dərəcə mükəmməl
olması məlumdur, lakin Fukusima AES-in təcrübəsi
göstərdi ki, heç də hər şey lazımınca
təhlükəsiz deyilmiş. Bu
baxımdan, Metsamor AES bizi də, region üzrə tərəfdaşlarımızı
da həmişə narahat edir. Bu stansiya
tamam köhnəlib. O, Çernobıl AES-in bir
variantıdır. Xoşbəxtlikdən “Rosatom”
müəyyən qədər əlavə pul verir, lakin prinsip
etibarilə bu elektrik stansiyasının istismar müddəti
başa çatıb. Ona görə də,
Allah eləməsin, bir hadisə baş versə, təkcə
Ermənistan deyil, hamı zərər çəkəcək.
Axı Çernobılın təcrübəsi
göstərdi ki, həmin buxarlar İsveçə qədər
gedib çatmışdı və bunun nəticələrini
indiyə qədər heç kəs bilmir.
-Mənə
belə gəlir ki, həlli olmayan daha bir mühüm regional məsələ
Xəzərin statusu məsələsidir.
-Bu barədə
sizinlə tam razı deyiləm, ona görə ki, prinsip
etibarı ilə biz sonuncu dəfə Qazaxıstanda nazirlər
səviyyəsində, bir neçə həftə bundan əvvəl
Bakıda nazir müavinləri səviyyəsində
görüşdük və mənim oxuduğum saziş layihəsinin
mətnindən görünür ki, bir sıra məqamlar
öz həllini tapıb.
Bəzi mühüm məsələlər var, onlar
nazirlər səviyyəsində daha bir görüş
keçirilməsini tələb edir ki, biz artıq sammitə
hansı materiallarla gedəcəyimiz barədə dövlət
başçılarına məruzə edək.
Lakin yeri
gəlmişkən, beş ölkənin
hamısının əhvalı yüksəkdir. İndi biz ekspertlər səviyyəsində daha bir
görüş keçirilməsi barədə
razılığa gəlmişik və bundan sonra, əgər
lazım gələrsə, prezidentlər səviyyəsində
razılaşmalara yol açmaq üçün nazirlər səviyyəsində
toplaşacağıq. Səhv etmirəmsə,
ekspertlər mayın əvvəlində görüşməlidirlər.
Ona görə də düşünürəm
ki, orada irəliləyişlər var, lakin, necə deyərlər,
Moskva da birdən-birə tikilməyib.
-Cənab
nazir, bu məsələyə əngəl törədən nədir
və ya kimdir?
-“Kimdir”
demək, yəqin ki, düzgün olmaz, çünki konkret
adlar çəkməyə dəyməz, amma əngəl
törədənin nə olması ... Bilirsinizmi,
bütövlükdə bu məsələ sadə məsələ
deyil, ona görə ki, bu müzakirələr başlananda lap
əvvəldən konvensiyaya uyğun hərəkət etmək
lazımdır: dəniz hüququ və qapalı sututarlar barədə
konvensiya. Bəzi ölkələrdə bu cür irs hələ də qalır. Sovet
İttifaqı bu dənizi İranla böləndə cəmi
iki ölkə vardı. Sonra isə beş
ölkə yarandı.
Orada yəqin ki, texniki xarakterli elementlər var. Fərz
edək ki, biz orta xətt barədə Rusiya və
Qazaxıstan ilə razılığa gəlmişik. Digər
ölkələr - İran və Türkmənistan deyir ki,
hesablama fərqli olmalı, hansısa koordinatlar dəyişməlidir.
İlk baxışda belədir, ortaq xətt prinsipi tətbiq
edilir, lakin bütövlükdə təfərrüata
keçməyə başlayanda suallar yaranır: orta xətti
haradan hesablamaq və haradan başlamaq lazımdır?
Mənim fikrimcə, bu məsələlər
öz əksini və həllini tapacaq, çünki bu,
şimalda Azərbaycan, Rusiya və Qazaxıstan arasında
artıq təşəkkül tapmış praktikadır.
Faktiki olaraq, qazaxlar türkmənlərlə də öz ortaq
xətt bölgüsü barədə razılığa gəliblər.
Türkmənlərlə bizim aramızda bəzi məsələlər
var, qazaxlar isə yalnız bizimlə türkmənlər
arasında əlaqə nöqtəsini müəyyən etməlidirlər.
Bütövlükdə isə mənim fikrimcə,
bütün qalan məsələlər üzrə irəliləyirik.
Təbii ki, bu məsələni tezliklə həll etmək
istərdik. Prinsip etibarı ilə bioloji resurslar barədə
razılaşma var, gəmiçilik barədə var, təhlükəsizlik
və fövqəladə hallar barəsində bütün
bunlar qüvvədədir və hüquqi ab-hava
yavaş-yavaş formalaşır.
Palitra.-2017.-11 fevral.-S.5.