IBM Azərbaycana sərmayə
yatırır
SOCAR və IBM arasında Strateji Əməkdaşlıq Memorandumu
imzalanıb
SOCAR-la ABŞ-ın IBM şirkəti arasında Strateji Əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib. SOCAR-dan verilən məlumata görə, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi imzalayıblar.
Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında “Watson” əməkdaşlığı, yüksəkixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutulur. R. Abdullayev ölkəmizdə yüksək texnologiyaların tətbiq olunması istiqamətində görülən işlərdən danışıb, “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasının bunun əyani təzahürü olduğunu söyləyib. Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrində daim innovativ texnologiyalara üstünlük verildiyini, neftin, qazın kəşfiyyat, hasilat, emal və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirən R. Abdullayev bu sahədə SOCAR-la dünyanın qabaqcıl şirkətləri arasında effektiv tərəfdaşlığın qurulduğunu qeyd edib.
IBM-lə əsası qoyulan əməkdaşlığı yüksək qiymətləndirən R.Abdullayev deyib ki, bu əməkdaşlıqdan təkcə SOCAR deyil, Azərbaycanın bütün şirkətləri bəhrələnə biləcək. Qeyd olunub ki, Azərbaycan bütün dünyada qədim neft diyarı kimi tanınır. Neftin sənaye üsulu ilə hasil olunması, emal edilməsi, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınması, quruda, sahildə və açıq dənizdə neftin çıxarılması işinə Azərbaycanda başlanılıb. Bu tarixi qorumaq və yaşatmaq məqsədi ilə SOCAR-da yaradılmış zəngin məlumatlar bazası IBM-in Watson Mərkəzi üçün qiymətli mənbə ola bilər. Eyni zamanda memorandum çərçivəsində Azərbaycanda həyata keçiriləcək investisiya layihələri ölkədə innovativ elitanın formalaşmasına töhfə olacaq, istedadlı gənclərə IBM-in bütün müasir alət və metodlarından istifadə etməklə səriştə və istehsalat bacarıqlarını təkmilləşdirmək, dünyada müasir trend olan biznes və proses xidmətlərinin robotlaşdırılması ilə yaxından tanış olmaq, təcrübə mübadilələri və beynəlxalq səviyyəli karyera perspektivlərindən yararlanmaq üçün əlverişli şərait yaradacaq. Bakıda birgə səylərlə yaradılması nəzərdə tutulan Regional Neft-Qaz-Kimya Kompetensiya Mərkəzi layihəsi də qeyd olunub, bildirilib ki, IBM-lə birlikdə qurulacaq Mərkəz Azərbaycanın neft-kimya sənayesində proseslərin idarə olunması, innovativ texnologiyaların tətbiqi sahəsində mühəndis biliklərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
E. Klementi memorandumdan bəhs edərək bildirib ki, IBM-in bu gün Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlaması əlamətdar hadisədir. SOCAR-IBM tərəfdaşlığı dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcək və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcək.
E.Klementi imzalanan sənəd çərçivəsində
hər il Bakıda innovasiya
günü keçiriləcəyini və
biznesdə tətbiq edilən ən son
innovasiyaların təqdim olunacağını qeyd
edib, IBM-in yalnız strateji tərəfdaş hesab
etdiyi ölkələrə sərmayələr
yatırdığını vurğulayıb.
Cavidan
Palitra.-2017.-16 fevral.-S.10.