“İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu
bacardıqları qədər gündəmdə
saxlayırlar”
Cəvahir Əhmədova: “Dərnəyimizin hesabına Xocalı soyqırımı ilə bağlı teatr hazırlayırıq”
Bir çox ölkələrdə olduğu kimi, Türkiyədə fəaliyyət göstərən milli diaspor təşkilatları da Qarabağ həqiqətlərinin təbliğini aparır. Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi də bu baxımdan aktivlik göstərir. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvü olan Dərnəyin sǝdri Cəvahir Əhmədova əksər çıxış və görüşlərində Qarabağ mövzusuna xüsusi yer ayırır. Qeyd edək ki, Cəvahir Əhmədova 1967-ci ildə Qubadlı rayonunda doğulub. 1990-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Həmin ildən də Qubadlıda müəllimliyə başlayıb. Qubadlı işğal olan günə kimi orada yaşayıb. Qarabağ hadisələrinin canlı şahididir. O, bütün arzu və ideyalarının məhv olduğunu deyir.
-Qubadlıda nəyiniz
qaldı...?
-Mən orada uşaqlığımı, gəncliyimi, bütün xəyallarımı, arzularımı itirdim. Gözümün önündə xoşbəxtlik üstündə tikilən evlərin yandığını, yuvaların külə döndüyünü gördüm. Dərs dediyim şagirdlərimin şəhid olduğunu gördüm. Şagirdlərimi, məktəbimi, müəllim yoldaşlarımı itirdim. Şagirdlərimdən iki bacı əsir qaldı, bu günə kimi onlardan bir xəbər yoxdur. Yağmalanmış elim, viran olmuş yurdum qaldı. Gedə bilmədiyim atam evi, ziyarət edəmədiyim əzizlərimin məzarları qaldı.
-Dərnəyinizin
əsas fəaliyyət istiqamətləri nədir?
-Dərnəyimiz 2013-cü ildə dövlət qeydiyyatından keçmiş rəsmi bir qeyri-hökumət təşkilatıdır. Türkiyədə ilk Azərbaycan qadın dərnəyi olaraq fəaliyyət göstəririk. Məqsədimiz xalqımıza məxsus adət-ənənələri burada yaşatmaq, dilimizi qorumaq, mədəniyyətimizi təbliğ etmək, mətbəximizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycana məxsus incəsənətimizi burada yaşayan insanlara tanıtmaq və yaşatmaqdır. Uşaqlarımızın Azərbaycan dilini unutmamaları üçün də çalışırıq.
Bizim dərnəyin fəaliyyəti genişdir. 20 Yanvar, Xocalı soyqırımı günlərində broşürlər çap etdirib küçələrdə 5000 insana paylamışıq. Həmçinin ehsanlar vermişik, “Quran” oxutdurmuşuq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, 8 Mart, Novruz bayramlarını qeyd edirik. İlk dəfə olaraq Türkiyədə biz Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Novruz türkün bayramıdır” layihəsini İzmirdə keçirmişik.
Bələdiyyə sədrləri ilə görüşlərə qatılırıq. Azərbaycanımızla əlaqəli məlumatlar veririk.
-Bəzən hiss olunur ki, Türkiyədə səssiz şəkildə erməni lobbisi işləyir. Siz bunu hiss edirsizmi?
-Erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri də Türkiyədir. Biz bunu hər addımımızda hiss edirik. Xüsusən, Qarabağla, Xocalıyla bağlı tədbirlərimizdə daha çox hiss olunur.
-Necə düşünürsüz, bu,
Türkiyənin özünə də təhlükə deyilmi?
-Türkiyə bu günlərdə çox ağır günlər yaşayır: həm daxildən, həm də xaricdən hər cür təzyiqə məruz qalıb. Bu qüvvələrin arxasında erməni lobbisi də durur. Qarşıdan aprelin 24-ü gəlir, yenə də qondarma erməni soyqırımı gündəmə gələcək. Xaricdən dəstək alan qüvvələr Türkiyənin parçalanmasına, zəifləməsinə çalışırlar. Erməni diasporu, lobbisi var qüvvələri ilə işləyirlər. Olmamış bir yalandan uydurduqları qondarma soyqırımını ilə zərərçəkmiş kimi özlərinə imic qazanırlar. Bu durumda biz də Türkiyəyə dəstək olmalıyıq. Yaşadığımız Xocalı soyqırımını gündəmdə tutmalıyıq. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın üzərinə ağır və məsuliyyətli yük düşür. Bu günlərdə Türkiyə-Azərbaycan diasporları birlikdə olmalı, bir-biri ilə sıx əlaqə saxlamalıdır.
-Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bununla bağlı hər hansı tədbir planlayırsızmı?
-Hər il Xocalıyla bağlı müxtəlif tədbirlərimiz olur. Gücümüz yetdiyi qədər təşkil etdiyimiz tədbirlərə İzmirdə yaşayan millətləri cəlb eləmək istəyirik. Onlara Qarabağ, Xocalı gerçəklərini anladırıq. Məsələn, ötən il Xocalı qətliamının ildönümü münasibətilə "Xocalı Soyqırımı" adlı konfrans keçirdik. Azərbaycandan gǝlǝn millǝt vǝkili Aqil Abbasın da məruzəçi kimi iştirak etdiyi konfransa, Bayraqlı bələdiyyəsinin sədri Həsən Qarabağ və çox sayda qeyri-hökumǝt tǝşkilatının nümayəndəlǝri qatıldılar. Mən Xocalı qətliamına şahid olaraq baş verənlər haqqında danışdım.
Bu arada İzmirdǝ Bornova bǝlǝdiyyǝsi, Karacaoğlan mǝhǝllǝsindǝ yerlǝşǝn park tamamilǝ yenilǝnǝrǝk “Azǝrbaycan Dostluq Parkı" adıyla vǝtǝndaşların istifadǝsinǝ verilib. İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Mülazim Pahşanın ideyası ilə Xocalı qǝtliamında hǝyatlarını itirǝnlǝrin xatirǝsinǝ “Xocalı Şǝhidlǝri Abidǝsi" qoyulub. Bu abidənin açılışı Bornova bələdiyyəsi və İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə oldu.
Bu il də dərnəyimizin hesabına bir tamaşa hazırlayırıq. Xocalıda əsir düşmüş bir qadının ermənilər tərəfindən başına açılan müsibətlər göstəriləcək. Bu qadını səhnədə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmiş Vüsalə Gülməmmədova canlandıracaq. Əsərin rejissoru isə həmin universiteti bitirmiş Roza İbadovadır.
-Bu
tamaşanın ideyası kimdən gəldi?
-Bu ideya hamımızın fikri oldu. İnanın, qızlarımız bu əsərə çox əmək sərf edirlər. Çox ağır bir
əsərdir. Onların psixoloji
durumunu özünüz
təsəvvür edin.
İnanın, çox gözəl
bir tamaşa ilə insanlara Xocalı hadisələrini
anladacaqlar.
Onu da deyim ki, qadını
canlandıran Vüsalə
xanım əslən Qarabağlıdır. Roza xanımın da
atası Qarabağ qazisidir.
- Xocalı hadisələri necə xatırlayırsız?
-O gecə, 25-dən 26-na keçən gecə Xocalıda yalnız insanlar qətlə yetirilmədi, canlı-cansız
nǝ varsa, hər şey qətlə yetirildi. Ağacından budağına, daşından
torpağına, heyvanlarından
insanına qədər
hər şeyi mǝhv etdilǝr. O gecə Xocalıda insanların nalǝsi, heyvanların səsi, ağacların fəryadı
yer üzünü bürüdü. O gecə
Xocalıda körpələr
qətlə yetirildi, uşaqlar öldürüldü,
yaşlıların diri-diri
başları kəsildi,
dəriləri soyuldu.
İnsan
hüquqlarını qoruyan
cəmiyyətlər, təşkilatlar
o gecə kor, kar oldular. O gecə doğulmamış
körpələr analarının
qarınlarından çıxarıldı.
Türk dünyası soyqırımına
məruz qaldı.
-Türkiyədəki QHT-lərimiz Qarabağ mövzusunu nə dərəcədə diqqətdə
saxlayırlar?
-İzmirdəki QHT-lərimiz
Qarabağ mövzusunu
bacardıqları qədər
gündəmdə saxlayırlar. Hətta, bəzən
Qarabağla bağlı
hansısa məsələdə
həmrəylik də
nümayiş etdirirlər.
Məsələn, 2014-cü ildə Türkiyədə fəaliyyət
göstərən qeyri-hökumət
təşkilatları öz
torpağında ermənilərə
əsir düşmüş
Dilqəm Əsgərov
və Şahbaz Quliyevin tez bir
zamanda azad edilməsi tələbi ilə çıxış
etdilər. Bizimlə birgə
30-dan çox QHT-nin imzaladığı bəyanatda
hər iki şəxsin doğma torpaqlarında necə əsir düşdükləri
xatırladılır və
onlara qarşı qondarma məhkəmə qurulduğu vurğulanırdı.
-Perspektivdə hansı layihələriniz
var?
-26 fevralda Azərbaycan
TÜRK-ləri və
Dost Dərnəklər Federasiyası
ilə Qarabağlar bələdiyyəsi tərəfindən
“Qarabağda Xocalı
abidəsi”nin açılışı olacaq.
Bu, Azərbaycan TÜRK- ləri və Dost Dərnəklər Federasiyasının
sədri İsa Ambarcının ideyasıdır.
Açılışdan sonrada
burada olan dərnəklər Bornova bələdiyyəsinin keçən
il açdığı
Xocalı abidəsini ziyarət edəcək. Axşam da şəhidlərimizin ruhuna dualar oxunacaq,
ehsan verəcəyik.
Bizim İzmir
şəhərindəki Qarabağlar
bələdiyyəsinin sədri
Muhittin Selvitopu ilə görüşümüz
olub. Görüşdə Azərbaycan mədəniyyətinin
Türkiyədə tanıdılması
məqsədilə birgə
əməkdaşlığın perspektivləri müzakirə
etdik. Həmin zaman biz “Qarabağda
Qarabağ günləri”
adlı layihəni M.Selvitopuna təqdim etmişdik. Bu layihə M.Selvitopun marağına səbəb
olub. Artıq layihənin razılığını
almışıq. Bu il mayın 8-də, Şuşanın işğal
günündə İzmirdə
layihəni həyata keçirəcəyik.
Fuad Hüseynzadə
Palitra.-2017.-17 fevral.-S.11.