“Soyqırım Muzeyi” kitab-albomu təqdim edilib
Hərbi
Prokurorluq ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
A.Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə
gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi
Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki
Sənədli və Tədris Filmləri Kinostudiyasında
hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat
mərasimi keçirilib. Prezidentin
İşlər İdarəsinin Prezident
Kitabxanasında keçirilən tədbirdə Milli Məclisin deputatları, Hərbi Prokurorluğun məsul işçiləri və
Tarix İnstitutunun əməkdaşları
iştirak ediblər. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib
ki, bu günlərdə
həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində XX əsrin
faciəsi - Xocalı soyqırımının ildönümü
ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində
reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bəzi ölkələrində
Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də,
belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik öz
hüquqi qiymətini almayıb. Prezident “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncam
imzalayıb. Prezident Administrasiyası bu sərəncamın icrası məqsədilə
Tədbirlər Planını təsdiq edib.
Xocalı soyqırımının 25-ci ildönümü
ərəfəsində hazırlanmış bu kitab-albomda və sənədli
filmdə son 200 ildə erməni
vandallarının öz
havadarlarının köməyi ilə Azərbaycan xalqına
qarşı həyata keçirdikləri soyqırımı və
deportasiyaların miqyası xronoloji
ardıcıllıqla, sistemli şəkildə
tarixi sənədlərin, istintaq
materialları və şahid ifadələri
əsasında əks etdirilib. “Əsrin
faciəsi” sənədli filminin Azərbaycan
dilindəki versiyasının mətni ingilis
dilində, ingilis dilində olan versiyasının mətni isə Azərbaycan
dilində sub-titrlərlə müşayiət olunur. M.Əhmədov
vurğulayıb ki, bu
kitab insanlığa qarşı törədilmiş
soyqırımı cinayətlərinin unudulmaması və
beynəlxalq aləmdə tanıdılması üçün
görüləcək işlərin bundan
sonra da ardıcıl davam etdirilməsinə təkan verəcək.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd edib ki,
institutda aparılan elmi
tədqiqatların mühüm istiqamətlərindən
biri də xalqımıza qarşı ermənilərin
həyata keçirdikləri soyqırımları tarixinin araşdırılmasıdır.
Tarix İnstitutunun direktoru bildirib ki, 1914-1918-ci illərdə
böyük dövlətlərin fəal
köməyi ilə terrorçu-ekstremist
erməni təşkilatlarının Azərbaycanın və
Şərqi Anadolunun türk-müsəlman
əhalisinə qarşı həyata keçirdiyi
soyqırımları dünya tarixinin ən dəhşətli
soyqırımlarıdır. Sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil
edilən Stepan Şaumyan
əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun”
partiyasının üzvü olub. O, “Daşnaksütyun”
partiyasının Bakı Komitəsinin üzvü
idi. Hərbi prokuror
Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri
erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan
torpaqlarında həyata keçirdikləri kütləvi
qırğınlar və soyqırımları nəticəsində
həlak olan on minlərlə
azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd
bölmədən – tarix, deportasiyalar-repressiyalar,
soyqırımları və terror bölmələrindən
ibarət olmaqla 320 kvadratmetrlik
sahəni əhatə edir. Hərbi
prokuror bildirib ki, muzeyin
yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara
qarşı törədilmiş soyqırımı cinayətləri
barədə tarixi həqiqətləri əyani
şəkildə gələcək nəsillərə
çatdırmaq və ictimaiyyət arasında təbliğini
genişləndirməkdir. Xanlar Vəliyev diqqətə çatdırıb ki, muzeyin
soyqırımları və terror bölmələrində
erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalı şəhərinə birgə hücumunu,
Xocalı və ətraf ərazilərin
işğalını əks etdirən maket
və fotolar, habelə digər eksponatlar yer alıb. Erməni
terrorçularının istifadə etdikləri
partladıcı qurğuların, güllə başlıqlarının
hadisə yerindən götürülmüş
nümunələri də muzeydə saxlanılır. Tədbirdə
çıxış edənlər təqdim olunan
kitabın əhəmiyyətindən danışıblar.
Vurğulanıb ki, “Soyqırım Muzeyi” kitabının digər dillərdə də
hazırlanmasına ehtiyac var.
Palitra.-2017.-17 fevral.-S.5.