“Kaspi”- maarifçilik
meydanı” kitabının təqdimatı olub
Beynəlxalq Mətbuat Mərkəzində “Artkaspi.az” adlı ədəbi-mədəni saytın və “Kaspi”- maarifçilik meydanı” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, qəzetlərin baş redaktorları, KİV nümayəndələri iştirak ediblər.
MŞ sədri, millət vəkili Əflatun Amaşov tədbiri giriş
sözü ilə açaraq
deyib ki, Azərbaycan
dastanları, musiqisi ilə bağlı
çoxsaylı əsərlər məhz “Kaspi”
qəzetində dərc olunub: “Bu qəzet, eyni zamanda Azərbaycan mədəniyyətini yayan, Azərbaycan mədəniyyətinin maarifçiliyini öz
üzərinə götürən bir nəşr
idi. “Artkaspi.az”
saytı da məhz “Kaspi”nin həmin ənənəsini davam
etdirir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı
ilə bağlı diqqəti cəlb edən məqamlara toxunacaq və öz
oxucularını həmin sahədə olan
informasiyalarla məlumatlandıracaq. “Kaspi” qəzetinin redaksiyası “Kaspi”nin arxivini bir
müddət bundan əvvəl əldə
edib. Artıq arxiv “Kaspi” qəzetindədir. Bu
gün “Kaspi”nin həmin arxivini M.F.Axundov adına Milli Kitabxanaya təqdim edəcəyik. “Kaspi”-maarifçilik
meydanı” kitabı, sözün həqiqi
mənasında, mükəmməl hazırlanıb. Kitabda sistem tamamilə başqa cürdür”.
"Kaspi" qəzetinin təsisçisi
Sona Vəliyeva “Kaspi-maaifçilik
meydanı” kitabı haqqında məlumat verib.
Qeyd edib ki, kitabda dərc olunan materiallar “Kaspi” qəzetində yer
almış mövzulardır: “Zaman-zaman Həsən
bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov,
Nəriman Nərimanov, Hacı Zeynalabdin
Tağıyev və başqa maarifçilərimiz
haqqında yazıları dərc etdik.
Tağıyevin maarifçilərin sırasına aid edilməsinə təəccüblənənlər
də oldu. Buna da biz cəsarət etdik. Bu gün
Tağıyev, adını ziyalı qoyan çox ziyalıdan yuxarıda durur”.
Sona Vəliyeva bildirib
ki, bu böyük
şəxsiyyətlər haqqında Prezident
sərəncamı var. Kitabda
sərəncam və həmin şəxsiyyətlər haqda ekspertlərin rəyləri də öz əksini tapdı: “Biz
düşündük ki,
bu qədər qiymətli faktlar
bir qəzetin səhifəsində
tapılmaya bilər, kitab isə bir xəzinədir. Qərara gəldik ki, həmin məlumatları bir
kitab halına gətirək. Bunu “Kaspi Təhsil Şirkəti”
və “Kaspi” qəzetinin birgə layihəsi
əsasında ərsəyə gətirdik”. Sona
Vəliyeva əlavə edib ki, onlar haqqında
kitabın çapına bu tarixi şəxsiyyətlərin hamıdan çox haqları var: “Çünki onlar
sıradan maarifçilər deyillər. Onlar maarifçilik
ideyasını irəli sürüb milli şüurun
oyanmasında, milli azadlıq hərəkatının
formalaşmasında, AXC-nin qurulmasına qədər
cəsarətli bir yol
keçmiş, bəzən ölümü gözlərinin önünə
almışlar. Əgər Çar
Rusiyası qəzetin çapına icazə verəndə
bilsəydi ki, maarifpərvər şəxs
tərəfindən alınacaq, Həsən bəy Zərdabi
dolayı yolla redaktorluq
edəcək, Azərbaycan mətbuatına yenidən
ağsaqqallıq edəcək, buna icazə
verməzdi”. “Kaspi” qəzetinin təsisçisi
vurğulayıb ki, arxiv
materiallarında Jandarm İdarəsinin Mətbəə
Senzura İdarəsinə
yazdığı belə bir fikir var: “Deyilir
ki, siz Tağıyevi
sıradan iş adamı bilməyin, o, Orta Asiya,
Rusiya və Qafqaz da daxil olmaqla
çox böyük nüfuza malik istedadlı
adamdır. Həmin yazıda Həsən bəyi nəzərə
alaraq yazıblar ki, qəzeti
belə bir qorxulu
adamın himayəsinə vermək olmaz”.
“Artkaspi.az” saytının baş
redaktoru Fərid Hüseyn
təqdim etdikləri saytın ədəbiyyat və mədəniyyət
portalı olduğunu bildirib:
“Bu sayt "Kaspi” qəzetinin həftəlik Ədəbiyyat
sayının əlavəsi kimi
yaradılsa da, hər gün
yenilənən müstəqil saytdır”. F.Hüseyn bildirib
ki, ölkəmizin ədəbiyyat, mədəniyyət,
humanitar elm, kino, teatr kimi
sahələrindəki yenilikləri, maarifləndirici
yazıları dərc edən saytın məqsədi, ölkəmizin
ədəbi və mədəni sahələr üzrə
yeniliklərini dünyaya
çatdırmaq, habelə bəşəri uğurları,
dünyanın humanitar sahələrinin
aparıcı şəxslərinin elmi, ədəbi
irsini xalqımıza
tanıtdırmaqdır. “Kaspi” qəzetinin
baş redaktoru İlham Quliyev deyib ki, “Kaspi”ni üç əsrin qəzeti
adlandırmışıq: “Hər zaman da özümüzü tarixi “Kaspi”nin
varisləri kimi aparmağa
çalışırıq. Həmişə də o tarixi “Kaspi”nin irsini təbliğ etməyə,
ictimaiyyətə, cəmiyyətə çatdırmağa
çalışırıq. Bu istiqamətdəki
fəaliyyətlərimiz zamanı bizə məlum oldu ki, tarixi
“Kaspi”nin arxivi Avropa ölkələrinin
birində saxlanılır. Biz əlaqələrimizi işə saldıq və
müəyyən danışıqlar apardıqdan sonra məlum oldu ki, “Kaspi”nin
nüsxələri elektron variantda,
həmçinin o dövrdə
çıxan bir sıra qəzetlərin
nüsxələri Hollandiyadakı bir mətbəədə
saxlanılır. Sonradan biz danışıqlar aparandan
sonra həmin nüsxələri ölkəmizə
gətirmək barədə razılaşma əldə etdik”. Milli Kitabxananın direktoru Kərim Tahirov isə
bildirib ki, Milli Kitabxananın saytı vasitəsilə
nüsxələr bütün dünyaya yayılacaq. Sonda
“Kaspi”nin bütün nömrələrinin elektron variantı Milli Kitabxanaya bağışlanıb, İsa Hüseynovun həyat
və yaradıcılığına həsr olunmuş
ədəbiyyat əlavəsinin xüsusi
sayı təqdim edilib.
Mahmud
Palitra.-2017.-18 fevral.-S.4.