“Gənclərimiz artıq boş
vaxtlarından səmərəli yararlanmağı
bacarırlar”
İlkin Həsənov:
“İslam
Həmrəyliyi Oyunlarında tələbələr ən böyük töhfələrini öz könüllülük
fəaliyyətləri ilə verəcəklər”
Müsahibimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi, akademiyanın Tələbə Gənclər Təşkilatının sədri İlkin Həsənovdur.
-Özünüz barədə məlumat verərdiniz.
- Mən, İlkin Həsənov 1996-cı il fevral ayının 2-də anadan olmuşam, 2003-cü ildə ibtidai təhsilə başlamışam və 2013-cü ildə orta məktəbi bitirmişəm. Elə həmin ildə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum. Hazırda akademiyanın 4-cü kurs tələbəsiyəm. Ali təhsil aldığım müddətdə ictimai işlərdə aktiv tələbə olmuşam. 21 may 2016-cı ildə keçirilən Tələbə Gənclər Təşkilatının hesabat seçki konfransında təşkilata sədr seçildim.
-Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman mütəxəssislərinin yetişdirilməsində əvəzedilməz rolu var. Akademiyanız haqqında nələri deyərdiniz?
-Haqlısınız. Akademiyanın özəlliyindən biri dediyiniz amildir. Ümumiyyətlə, akademiyanın əsası 1930-cu ildə qoyulub. O vaxt Cənubi Qafqazda bu tip təhsil verən yeganə ali təhsil ocağı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası olub. Hazırda da Azərbaycanda bədən tərbiyəsi və idman mütəxəssisi yetişdirən yeganə ali təhsil ocağı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Akademiyada 2016-cı ilin əvvəlindən başlayaraq əsaslı yenidənqurma işləri gedir. Bu yenidənqurma işləri tək infrastrukturu deyil, həm də təhsili əhatə edir. Hazırda akademiyada üç fakültə mövcuddur. Onlardan 2-si yeni açılıb və artıq bu ildən o fakültələrdə “İdman menecmenti”, “İdman jurnalistikası” və “İdman tibbi və reabilitasiya” magistr ixtisaslarına qəbul gözlənilir. Qeyd edim ki, bu ixtisaslar üzrə tədris Avropanın idman sahəsində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri ilə birgə olduğundan tədris tamamilə ingilis dilində aparılacaq və bu da, öz növbəsində, hazırlanan kadrların beynəlxalq əmək bazarında dayanıqlı və rəqabətqabliyyətli mütəxəssis olmasını təmin edəcək.
Bundan əlavə, keçən tədris ilinin sonlarından başlayaraq imtahanlarda şəffaflığı təmin etmək üçün akademiyada elektron təhsilin müasir standartlarına cavab verən “Online Unversity” proqramı quraşdırılıb və imtahanlar test üsulu ilə aparılır. Bununla da imtahanlarda 100 faiz şəffaflıq təmin olunub. Tələbə imtahanı bitirdiyi andaca topladığı nəticəni bilir.
Eyni zamanda akademiyada müasir standartlara cavab verən elektron kitabxana və bütün lazımi avadanlıqla təmin edilmiş oxu zalları yaradılıb. Əvvəllər tələbələr kitabxanaya az maraq göstərsələr də, mütaliələrin vacib olduğunu görəndən sonra onlar kitabxanada səhərdən axşama kimi dərslərə, kollokviumlara və imtahanlara hazırlaşırlar. Yəni indi kitabxanada daha çox tələbə görmək olur.
Bir sözlə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaxşı təhsil almaq üçün bütün şərait yaradılıb və biz, tələbələr buna sevinirik.
- Belə anladım ki, akademiyadakı təhsil, tədrisin səviyyəsi, ümumilikdə mühit sizi qane edir.
-Bəli. Amma xırda problemlər
də olur. Bu da təbiidir.
Düşünürəm ki, hər bir cəmiyyətin təhsil, tədris sistemində və mühitində müəyyən
problemlər mövcuddur.
Təbii
ki, bu problemlər
bizim də təhsil və tədris sistemimizdən yan keçməyib. Müəyyən problemlər mövcuddur,
amma ümumilikdə təhsil sistemini və mühitini normal qiymətləndirmək olar.
Əsas odur ki, təhsil
alanlar üçün
dövlət tərəfindən
bütün şərait
yaradılır.
-Akademiyanın TGT-si
haqqında da söz açardınız.
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasında Tələbə
Gənclər Təşkilatı
2005-ci ildə yaradılıb.
Təşkilatın əsas vəzifələri
tələbələrin hüquqlarını
müdafiə etmək,
tələbələr arasında
geniş şəbəkə
yaratmaq, onların sosial həyatını canlandırmaq və asudə vaxtlarını səmərəli təşkil
etməkdən ibarətdir.
Sadalanan istiqamətlər üzrə
bu tədris ilində bir çox işlər görülüb, TGT-yə
və onun gördüyü işlərə
yeni nəfəs gətirmişik. Tələbələrimizin
dünyagörüşünü genişləndirmək və
asudə vaxtlarını
faydalı təşkil
etmək üçün
biz, təşkilat olaraq
onları mədəniyyət
mərkəzlərimizlə tanış edir, mütəmadi olaraq mədəniyyət mərkəzlərinə səfərlər
təşkil edirik. Bu
səfərlərə Qala-Tarix
Etnoqrafiya mərkəzi,
Xalq Təhsil Muzeyi, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, Qobustan dövlət bədii-tarix qoruğuna və s. mərkəzlərə
təşkil etdiyimiz səfərləri misal göstərmək olar.
Tələbələrin seçdiyi peşədən
başqa, əlavə
bilik və bacarıqlara yiyələnməyi
də vacib hesab etdiyimizə görə maraq üzrə müxtəlif
klubların fəaliyyətini
dəstəkləyirik. Hazırda ADBTİA TGT çərçivəsində 8 klub fəaliyyət göstərir. Bu klublarda
tələbələr öz
maraq dairələrinə
uyğun olaraq fəaliyyətlə məşğul
ola bilirlər.
Klubların fəaliyyəti
çərçivəsində pulsuz olaraq gitara,
rəqs dərsləri
təşkil olunub,
“II ASAPES CUP” daxili futzal
turniri keçirilib və digər idman növləri üzrə yeni turnirlər planlaşdırılır,
intellektual yarışlar,
konsert proqramları təşkil olunub, ingilis dili bacarıqlarını
yaxşılaşdırmaq üçün danışıq
klubu, fotoqrafiya sənətinin təbliği
üçün isə
foto-art klub fəaliyyət göstərir.
Cari tədris
ilinin ikinci yarısında da müəyyən fəaliyyət
istiqamətləri artıq
planlaşdırılıb. Tədris ilinin
ikinci yarısında,
əsasən, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın
qurulmasını, klubların
fəaliyyətlərini daha
da təkmilləşdirməyi,
mədəniyyət mərkəzlərinə
olan səfərləri
davam etdirməyi və tələbələrimizin
yay tətillərinin səmərəli keçirilməsi
üçün onları
müxtəlif yay məktəblərinə, düşərgələrə
və könüllü
fəaliyyətə cəlb
etməyi düşünürük.
Əməkdaşlığın yaradılması üçün artıq bir neçə təşkilatla görüşüb
- məsələn, AİESEC, AEGEE, ENACTUS
Azərbaycan və s.
- müvafiq razılıqlar
əldə etmişik.
Təbii ki, həyata keçirdiyimiz bütün
bu fəaliyyət rəhbərliyin dəstəyi
nəticəsində baş
tutub. Rəhbərliyin dəstəyi nəticəsində
TGT-nin maddi-texniki bazası günü-gündən
möhkəmlənir. Məsələn, bu yaxınlarda
musiqi dərslərinin
keçirilməsi üçün
yeni “Musiqi otağı” ilə təchiz olunmuşuq.
Əlavə olaraq, TGT otağı
və Tələbə
Mərkəzi də bizim ixtiyarımıza verilib.
Bizə verilən dəstəyi gördükcə dayanmadan
işləmək, həm
akademiyaya, həm ölkəmizə fayda vermək istəyirik. Artıq yeni
ideyalarımız və
yeni layihələrimiz
var. İnanırıq ki,
bizim xoş xəbərlərimizi hələ
çox eşidəcəksiniz.
-Təhsilinizi genişləndirməklə
bağlı planlarınız
varmı? Məsələn, xaricdə təhsilin
sizə hansı töhfələri olardı?
-Təhsilimi davam etdirmək fikrindəyəm.
Amma xaricdə deyil, öz ölkəmizdə.
Bizdə də xaricdəki universitetlər
səviyyəsində təhsil
verən ali
təhsil ocaqları mövcuddur. Ümumiyyətlə,
son illərdə xaricdə
təhsil alan
gənclərimizin sayı
artıb. İlk öncə qeyd
etmək istərdim ki, bunun başlıca
səbəblərindən biri
dövlətimizin xaricdə
təhsil almaq üçün yaratdığı
imkanlardır. Bu imkanlara
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı”nı misal göstərmək olar. Xaricdə təhsil alan
gənclər haqqında
da optimist düşüncələrim
mövcuddur. İnanıram
ki, xaricdə təhsil alan
gənclərimiz yüksək
səviyyədə təhsil
alıb gələcəkdə
öz təhsilləri
ilə cəmiyyətimizə
böyük faydalar verəcəklər.
- Bəs, ümumən gəncliyimizin indiki durumunu necə xarakterizə edərdiniz?
-Hazırda Azərbaycanda
parlaq, vətənpərvər
bir gənclik mövcuddur. Azərbaycanın gəncliyinin əsas
məqsədi mədəniyyətimizi
inkişaf etdirmək,
tariximizi dərindən
öyrənmək və
öyrənilməsinin təbliğ
edilməsi, Qarabağ
probleminin tez bir zamanda həll
edilməsidir. Bəli, gənclərimiz
də bu problemin həllinə müəyyən mənada
öz töhfələrini
verirlər və əsas məqsədləridir.
Gənclərimiz-tələbələr ictimai işlərdə çox fəaldırlar. Ümumi götürsək,
artıq gənclərimiz
boş vaxtlarından səmərəli yararlanmağı
bacarırlar. Tələbələrimizdə günü-gündən yeni dil bilikləri
formallaşır, bədii
kitablar oxumaq həvəsi artır.
Eyni zamanda tələbələrimizin
bir çoxu könüllülük fəaliyyətinə
maraqlıdırlar.
-Könüllülük fəaliyyətindən
söz açdınız.
İslam
Həmrəyliyi Oyunları
yaxınlaşır. Tələbələrin bu beynəlxalq yarışa hansı töhfələri olacaq?
-Böyük idman tədbirlərini könüllülərsiz təsəvvür etmək mümkün deyil. Artıq Azərbaycanda könüllülər ordusu mövcuddur. Bu ordunun əsas tərkib hissəsi isə tələbələrdən ibarətdir. İslam Həmrəyliyi Oyunlarında tələbələr ən böyük töhfələrini öz könüllülük fəaliyyətləri ilə verəcəklər. Artıq İslam Həmrəyliyi Oyunlarının könüllülərinin böyük əksəriyyətinin tələbələr olduğunu müşahidə etmək mümkündür.
Ümid edirəm ki, digər beynəlxalq
idman yarışları kimi,
bu yarışı da
ən yüksək səviyyədə təşkil edəcəyik
və bu yarışın daha
da uğurlu təşkil
olunmasında tələbələrimiz öz
əməklərini əsirgəməyəcəklər.
Tural Tağıyev
Palitra.-2017.-21 fevral.-S.7.