Sözün bədii və poetik ifadəsi
bitmir
“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı şair Etibar Vəliyevdir. Qələmlə dostluq edən Etibar müəllim gözəl şeirlər yazır və bir neçə şeir kitabının müəllifidir. Etibar müəllimin qəlbi şair qəlbidir. İncə ruh, dərin düşüncə, sevgi dolu bir qəlbin sahibidir. Bunu şairin şeirində daha aydın görə bilirik. Gözəl şeirlər müəllifi olan Etibar Vəliyev yaradıcılığını davam etdirir və ölkəmizin dilbər güşələrindən biri olan Lənkəran rayonunda yazıb-yaradır. Şairə yaradıcılığında uzun ömür, cansağlığı arzu edirik.
Etibar Vəliyev 1963-cü il may ayının 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. Burada səkkizillik kənd məktəbini bitirdikdən sonra 1978-1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda təhsil alıb. 1981-ci ildən Lənkəran rayonunun “Lənkəran çay” sovxozunda fəhlə işləyib. Hərbi xidməti borcunu 1981-1983-cü illərdə yerinə yetirib. Tərxis edildikdən sonra yenə sovxozda fəhləlik edib. Lənkəran rayonunun “Puşkin”, “Oktyabrın 60 illiyi” sovxozlarında iqtisadçı və 1988-1998-ci illərdə Lənkəran “5 №-li çay fabriki”ndə baş mühasib işləyib. Bu müddət ərzində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi təhsil alıb. Hazırda Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi-baş əmək müfəttişi işləyir. Ədəbi fəaliyyətlə XX əsrin 70-ci illərindən məşğul olur. Dövri mətbuatda və almanaxlarda şeirləri vaxtaşırı dərc edilir. İlk şeiri indiki “Lənkəran” qəzetində çap olunub. “Görüşə gəl”, “Baxmağa dəyər”, “Mənim Duyğum” adlı şeirlər kitabının müəllifidir. “Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibidir. “Qızıl Qələm” və Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” fəxri media mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
- Etibar müəllim
sizin ədəbiyyata marağınız nə vaxtdan
yaranıb?
- Əslində, mən orta məktəbdə oxuyarkən dəqiq elmlərə marağım böyük olub. Səkkizinci sinifdə oxuduğum vaxt Gəncə şəhərindən olan gənc bir ədəbiyyat müəllimini təyinatla bizim məktəbə göndərmişdilər. Çox təəssüf ki, soy adını unutmuşam. Adı Məmməd idi. Məmməd müəllimin ədəbiyyat fənnini gözəl tədris etməklə yanaşı, Nizaminin, Füzulinin, Nəsiminin qəzəllərini bizə başa düşə biləcəyimiz tərzdə izah və təhlil etməsi məndə ədəbiyyata olan yatmış marağı oyatdı. O vaxtdan ədəbiyyatı elə sevdim ki, hətta şeir yazmaq həvəsinə düşdüm.
- İlk
yazdığınız şeirlər çap olunubmu?
- Yox. İnanmıram ki, sonradan şair olmuş hər hansı bir poeziya həvəskarının ilk şeiri çap oluna biləcək səviyyədə mükəmməl olsun. İlk şeirim də daxil olmaqla gənclik illərində yazmış olduğum yüzlərlə şeirim zəif olduğundan çap olunmayıb. Buna baxmayaraq, o zəif şeirlərimi də qoruyub saxlayıram.
- O şeirlər ki zəifdi və çap olunan səviyyədə deyil, onları niyə qoruyub saxlayırsız?
- İnanın ki, zəif şeirlərim də güclü şeirlərim qədər mənə əzizdir. Ana dünyaya gətirdiyi və sağlamlıq imkanları məhdud olan balasından belə, imtina etməz.
- Bəs bu
günə qədər neçə şeir
yazmısınız?
- Yazdığım şeirləri saymamışam. Hazırda dördüncü kitabımı çapa hazırlayıram. Hər kitabımda yüzdən artıq şeir var.
- Sonuncu şeiri
nə vaxt yazmısınız?
-Dünən yazmışam və oxucularım oxusun deyə, sosial şəbəkədə olan səhifəmdə paylaşmışam.
- Sizcə,
insan doğulanda şair doğulur, yoxsa sonradan şair olur?
- Deyirlər
ki, Allah insanın alın yazısını hələ insan
ana bətnində olanda yazır. O alın yazısında
insanın kim olacağı da
yazılır. Deməli, şairlər
doğulurlar. Lakin şairlərin həyatda
özünü təsdiq məqamları müxtəlif zaman və
yaş hədlərində olur.
- Dostluqda ən çox nəyə
önəm verirsiz?
- Əlbəttə, ilk növbədə şəxsiyyətə,
səmimiyyətə və dürüstlüyə.
- Poeziya adamının digərlərindən
fərqi nədir?
- Bir insan
kimi heç bir fərqi yoxdur. Yaradıcılıq
baxımından isə poeziya adamı Allahın ona verdiyi
istedadı ilə digər insanlardan fərqlidir. Bu fərq şairin özünün ilham pərisinin,
fikir və düşüncələrinin əsiri
olmasında, digər insanların isə azad
olmasındadır. Yəni şairin təbi
və ilham pərisi gələrsə, o yazmağa məhkumdur.
Bu zaman onun fikir və düşüncələri
yazmaq istədiyi mövzuda olduğuna görə, bəzən
ətrafını görməyə, kimsəni eşitməyə
bilər.
- Müasir dövrün gənc
yazarlarının şeirləri sizi qane edirmi?
-
Müasir dövrdə istedadlı və gənc yazarlar
çoxdur və bir çoxlarının yazdıqları
şeirləri də bəyənirəm. Azərbaycan
xalqı çox istedadlı xalqdır. Lakin
zəif yazanlar da var. Bu da ki, təbii haldır. İstedadı olan puxtələşəcək,
istedadı olmayan zaman keçdikcə özü kənara
çəkiləcək.
- Etibar müəllim, sizcə,
şairlər arasında rəqabət varmı?
- Rəqabət
olmayan yerdə inkişaf yoxdur. Əgər hər
bir şair daha yeni, daha gözəl və daha mənalı
söz deməyə çalışırsa, bu artıq rəqabətin
nümunəsidir. Buna sağlam rəqabət
deyərdim. Çox təəssüf ki,
sağlam olmayan rəqabətin də şahidi oluruq. Mənə
görə sağlam olmayan rəqabəti iç dünyası
sağlam olmayan insanlar aparır və icazə verin bizlərə
xoş ovqat gətirməyən məsələ barədə
danışmayım.
- Etibar
müəllim, siz hansı şeirinizi
yaradıcılığınızın şah əsəri və
vurulmuş möhürü hesab edirsiniz?
- Əslində, yaradıcılığıma hansı
şeirimlə möhür vurduğumu oxucularım müəyyən
etməlidir. Özüm isə son dövrlərdə
yazdığım “Qiyamətdi qiyamət” şeirimi daha
çox bəyənirəm.
- Bu gün sərbəst şeirə
geniş meydanın verilməsi, daha çox heca vəznində
yazan şair kimi sizdə qıcıq doğurmur?
- Yox. Əslində, mən də sərbəst vəzndə
şeirlər yazmışam və yazıram. Kim hansı vəzndə daha yaxşı yaza bilirsə,
qoy yazsın. Özümdə heç vaxt şairlərə
qarşı qısqanclıq hiss etməmişəm.
Çünki bilirəm ki, istər heca formasında, istərsə
də sərbəst formada oxucunu düşündürüb
ona ovqat verə bilən istedad əhli yaxşı şair ola bilər. Sərbəst
şeir çərçivəsiz olsa da, burda da gözəl
söz, yeni, düşündürücü fikir və məntiq
önəmlidir. Bu keyfiyyətləri
özündə göstərməyən yazılar
nağıldır. Təbii ki, sərbəst şeir
adı ilə nağıl yazanlar da var. Zəif yazanlar isə
poeziyada ciddi qələm sahiblərinin şeirlərini oxuyub
öyrəndikdən sonra ötəri hislərini anlayar və
bacardıqları iş ilə məşqul olarlar. Bu sahədə kiməsə qadağa qoymaq olmaz.
Zaman özü insandan daşıya bilmədiyi
yükü alır. Bu sahədə
heç bir həvəskar yazara iradımı bildirməməyim
elə qısqanc olmamağımla bağlıdır.
- Oxucu sayı sizi qane edirmi?
- Yox. Oxucu sayı nəinki məni, deyərdim ki,
müasir dövrün heç bir şairini qane edə bilməz.
Bunun nümunəsi zəif kitab
satışıdır. Heç
şübhəsiz ki, bunun da obyektiv və subyektiv səbəbləri
var. Düşünürəm ki, zaman keçdikcə hər
şey qaydasına düşəcək. Çünki
Azərbaycan xalqı ədəbiyyatı və poeziyanı
sevir və yaxşı şeir nümunəsini dəyərləndirir.
- Sizcə, indiyədək
yazılmış şeirlərdə bütün sözlər
işlənib?
- Söz
elə bir tükənməz xəzinədir ki, onun bədii və
poetik ifadəsi bitməz.
- Sizin
şair olmağınızda kimlərin əməyi var və
ustadınız kimdir?
- Şair olmaq heç də tam əməklə
bağlı olan nəticə deyil. Şairlik İlahi
vergi və istedaddır. Bu istedadın təqdim etmə
qaydalarını öyrənmək üçün Nizamini,
Füzulini, Nəsimini, M.Müşfiqi, M.F.Axundovu,
S.Vurğunu, R.Rzanı, M.Arazı, Z.Yaqubu və başqa
adlarını çəkmədiyim böyük şair və
yazarları oxumaq və Azərbaycan dilini mükəmməl
öyrənmək gərəkdir. Mən
heç kimin yanında və heç bir məclisdə ustad dərsi
keçmədiyimdən kimisə ustadım kimi təqdim edə
bilmərəm. Lakin ustad şairlərin
şeir və qəzəllərini oxuyub öyrənməyimin
şair olmağımda rolu danılmazdır. Rəhmətlik atam isə kitablarımın çap
olunduğunu görməsə də, məni həmişə
ruhlandırıb və mənə mənəvi dayaq olub.
- Nifrət eləməyi
bacarırsınız?
- Nifrət
etmək üçün xüsusi bacarıq tələb
olunmur ki. Adəm övladı həm sevə, həm
də nifrət edə bilər. Lakin
unutmayaq ki, heç nə əbədi olmadığı kimi,
nifrət də əbədi deyil. Ona
görə də çalışıram nifrət edəcəyim
məqamlara çatmamış dayanım.
- Şairin evində
kitabxanası varmı?
- Əlbəttə, var. Şairi kitabxanasız təsəvvür
etmək olmaz.
- Sizə
yazılanlara cavab yazırsınız?
- Sosial
şəbəkələrin ünsiyyət vasitəsinə
çevrildiyindən indi ünvanlı poçt
yazışmaları çox az olur. Lakin mən bu və digər formada yazılan
bütün yazılanlara cavab yazıram.
- Oxucularınızla
görüşlər keçirirsiz?
- Bəli,
vaxt və şəraiti nəzərə alıb,
oxucularımla görüşüb, onlarla ünsiyyət
qurmaqda maraqlıyam. Onların fikir və
düşüncələri mənim üçün önəmlidir.
2016-cı ilin 26 dekabr tarixində Lənkəran
Dövlət Dram Teatrında Lənkəran Şəhər
İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə mənim
rayon ictimaiyyəti və poeziya həvəskarları ilə
görüşüm keçirildi. Tədbirin
aparıcısı Azərbaycan Yazıçılar Birliyi
İdarə Heyətinin üzvü, “Azərbaycan”
jurnalının poeziya şöbəsinin müdiri Qəşəm
Nəcəfzadə, şair dostlarım Balayar Sadiq, İltifat
Saleh, Ağamir Cavad, Xatirə Xatun və başqaları
yaradıcılığımla bağlı fikirlərini
bildirdilər. Dinləyicilərə şeirlərimi
oxudum və arzu edənlərə kitablarımı hədiyyə
etdim. Fürsətdən istifadə edib,
sizin vasitənizlə sözə və ədəbiyyata dəyər
verən Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı, çox hörmətli Taleh müəllimə
şair dostlarım adından təşəkkür edirəm.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
da ədəbiyyat adamlarına xüsusi diqqət və
qayğı ilə yanaşır. Yetər ki, ədəbi
söz deyəsən.
- Sonda gələcək
planlarınız haqda danışardız.
- Gələcək
üçün maraqlı ideya və planlarım var. İlk
növbədə 2017-ci ilin may ayında ad günüm öncəsi
növbəti şeirlər kitabımı çap etdirmək
istəyirəm. Oxucularım və şeir həvəskarları
ilə toplum görüşlər keçirməyi planlaşdırmışam.
Milli Ordumuza dəstək nümunəsi olaraq
Yazıçılar Birliyinin xətti ilə cəbhə
bölgəsində əsgərlərimizlə
görüşüb, onlara vətənpərvərlik
mövzusunda şeirlər oxumağı da qarşımda mənəvi
borcum kimi görürəm. Bu yaxınlarda
doğulub boya-başa çatdığım, Azərbaycanın
dilbər güşəsi olan Lənkəran şəhərində
oxucularım və şeir həvəskarları ilə daha bir
görüş keçirəcəm. Həmin
görüşə şair dostlarımı də dəvət
edəcəm. Düşünürəm
ki, maraqlı bir tədbir olacaq və insanların ruhuna xoş
və yeni ovqat qatacağıq.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub
Palitra.-2017.-22 fevral.-S.15.