Dilimizin saflığının keşiyində dayanaq

 

Ümummilli lider Heydər Əliyev:

"Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz.”

Dil real və mücərrəd irsin qorunması, inkişaf etdirilməsi üçün ən mükəmməl alətdir. Ana dilinin tədrisi üçün atılmış hər bir addım təkcə dillərarası əlaqələri təkmilləşdirmək deyil, həmçinin dilçilik və mədəni ənənələr haqqında biliklərin artması, qarşılıqlı anlayış, dözümlülükdialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrnda Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Bu tarix bu gün bütün dünyada Beynəlxaql Ana dili günü kimi qeyd olunur. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədi ilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, qorumaq, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dünyanın ən qədim və zəngin dillərindən olan Azərbaycan dilinin tarixi inkişaf mərhələlərini və müasir vəziyyətini araşdırmaq üçün filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Mehriban Quliyeva ilə həmsöhbət olduq. Pedaqoji fakültədə elmi işlər üzrə dekan müavini, elmi katib Mehriban Quliyeva 2008- ci ildə "Əhməd Cəfəroğlunun dilçilik görüşləri" mövzusunda dissertasiya müdafiə edib. Hal-hazırda filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün " XIX əsr - XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında bədii dil xüsusiyyətləri" mövzusu üzərində işləyir. Hər iki işində elmi rəhbər filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur. "Professor Əhməd Cəfəroğlunun dilçilik gorüşləri", "Əhməd Cəfəroğlunun türk dili tarixi ilə bağlı görüşləri", " Kiçik yaşlı məktəblilərin nitq mədəniyyəti və nitq inkişafı məsələləri" adlı kitabları işıq üzü görüb.

- Dilimiz qədim dil olub. İstərdim ana dilimiz olan Azərbaycan dilinin tarixi barədə məlumat verəsiniz.

- Bu bir faktdır ki, Azərbaycan dili öz şirinliyini ilk növbədə analarımızın laylalarından alıb. Hələ körpəlikdə, sözünolduğunu bilmədiyimiz çağlarda qulağımızı oxşayan səsin ahəngindəki qeyri-adi şirinlik ruhumuza axaraq bütün varlığımıza hopur. Elə buna görədir ki, insanlar arasında ünsiyyət yaradan bu vasitəyə Ana dili deyirik. Elə qucağında böyüdüyümüz, boya-başa çatdığımız, daşına-torpağına vurğun kəsildiyimiz, yolunda hər cür fədakarlığa hazır olduğumuz məmləkətimizi də Ana Vətən adlandırırıq. Anaya məhəbbət dilə münasibəti formalaşdırır, dilə münasibət isə Vətən sevgisi deməkdir. Dil insan övladının ən qiymətli mənəvi sərvətidir. Tarixdə humanist, sülhsevər, xeyirxah xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətində yaşayan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bir sıra işğallarla üz-üzə gəlmişdir. VII əsrdən başlayaraq Azərbaycana ərəb işğalçıları, sonralar isə fars, monqol, türk qəsbkarları basqın etmişlər. Bu yadellilərin məqsədi xalqımızı və eləcə də onun dilini tarix meydanından çıxarmaq idi. Lakin Azərbaycan xalqı tarix boyu bu mənfur işğalçılarla amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, öz dilini də mühafizə edib saxlamışdır. İşğalçıların arzu və əməllərinin əksinə olaraq, Azərbaycan dilində sənət əsərləri yaradılır və dilimiz yavaş-yavaş ədəbi zəmin əsasında formalaşıb inkişaf edirdi. Yadellilərin təqibinə baxmayaraq, XIII əsrdə Həsənoğlu, XIV əsrdə Nəsimi və başqa sənətkarlarımız Azər-baycan dilində gözəl əsərlər yazıb-yaratmışlar. Həmin dövrlərdə (assimilyasiya dövründə) Azərbaycan dili nəinki öz müstəqilliyini qoruyub saxlamış, eyni zamanda öz həyatilik və sabitliyini sübut etmiş, hətta, öz növbəsində, ərəb və xüsusilə də fars dilinə də təsir göstərmişdir. Bu təsir sonralar təkcə həmin dillərə deyil, başqa bir sıra dillərə də olmuşdur. Tarix boyu öz orijinallığını mühafizə edib saxlayan Azərbaycan dili get-gedə inkişaf edərək XIX əsrdə milli dilə çevrilib. Yazılanlara görə, bu dövrdə Azərbaycan dilinin müstəqilliyi uğrunda mübarizə daha da kəskinləşib. Dövrün qabaqcıl adamları və bütün xalq dilin milli varlığını qorumağa başlayıb.

- Xalqımızın müxtəlif vaxtlarda dilinin əlindən alınması hansı mənfi nəticələrə gətitib çıxarıb?

-Azərbaycanda bir neçə əsr əski əlifba hökmranlıq edib. Tariximizin, ədəbiyyatımızın, ictimai-siyasi, fəlsəfi fikrimizin parlaq səhifələri bu əlifba ilə tarixə köçürülüb. Görkəmli şəxsiyyətlərimiz fikirlərini bu əlifbanın köməyilə reallaşdırıb. Ərəb əlifbası siyasətinə rəsmən ilk qarşı çıxan dahi azərbaycanlı, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov olub. O, Azərbaycan xalqının öz əlifbasının olması zərurətini irəli sürüb. Onun apardığı gərgin mübarizə zamanında öz bəhrəsini verməsə də, arzusu XXI əsrdə həyata keçdi. Mirzə Fətəli əsərlərini əski əlifbada yazsa da, bu əlifbanın ana dilimizin qayda-qanunları, tələbləri ilə heç cür uzlaşmadığını vurğulayırdı. Məlumdur ki, 1918-ci ilin 28 mayında Azərbaycan dövləti öz müstəqilliyini elan etdi. Milli məfkurə adamları gəldi hakimiyyət başına. Tarixçi alimlərin verdiyi bilgiyə görə, həmin vaxt Azərbaycanın dövlət dili türk dili, əlifbası isə ərəb əlifbası olub. Onların milli əlifba haqda düşüncələrinin, layihə və təkliflərinin olub-olmaması barədə bizdə fakt yoxdur. Ola bilsin ki, bu haqda kimlərinsə fikir və təklifi olub. Bir neçə əsr Azərbaycan türklərinin yazı vasitəsi olan ərəb əlifbasının hüquqi hökmranlığına Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra ölkəyə rəhbərlik edən bolşevik hökuməti son qoyub. Azərbaycan Sovet Respublikasında cəmi iki il əski əlifbadan istifadə edilib. 1922-ci il dekabrın 30-da Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu latın qrafikalı əlifba ilə ərəb əlifbasının eyni hüquqa malik olması barədə qərar qəbul edildi. 17 ildən sonra Azərbaycan xalqı yenidən əlifba imtahanı ilə üz-üzə qalır. Tariximizdə yeni əlifba dəyişikliyinə sarı addım atılır. Əslində məqsəd yenə xalqımızı öz tarixindən, mədəniyyətindən, keçmişindən, milli kimliyindən ayırmaq, onu keçmişinə qarşı qoymaq olub. 1939-cu ildə latın əlifbasının dövlət əlifbası kimi ləğv olunması kiril əlifbasının qəbul olunması ortaya çıxıb. 50 ildən artıq bir müddət ərzində Azərbaycan xalqı kiril əlifbasından istifadə edib. Bu əlifba ilə böyük maddi-mənəvi, mədəni, ədəbi sərvət yaradıb. Əlifba dəyişikliyi xalqımızın milli bağlılığını, birliyini heç cür sarsıda bilməyib. Milli mədəniyyətə, Azərbaycanın dövlətçilik ənənələrinə xidmət edənlər elə kiril əlifbası vasitəsilə bolşevizm ideologiyasını qamçılayıb. Azərbaycan dövləti ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra kiril əlifbasından imtina ilə əlaqədar çağırışlar, fikirlər meydana çıxıb. Yeni milli əlifbanın qəbul edilməsi gündəmə gəlib. O dövrdə yavaş-yavaş ortalığa latın əlifbası çıxmağa başlayıb. Milli düşüncə sahibləri hesab edirdi ki, 1922-ci ildən 1939-cu ilə qədər bizim respublikanın əlifbası olan latın qrafikası müstəqil Azərbaycanın rəsmi əlifbası olsun. O vaxt latın əlifbasından pərakəndə şəkildə istifadə edilməyə başlandı.

- Sovet dövründə rus dili ikinci ana dili səviyyəsində tədris olunurdu, bəs ana dilimizin öyrədilməsində təbliğində sərbəstlik varmıydı?

- Sovet dövründə Azərbaycan türkcəsi (30- cu illərdən etibarən rəsmi olaraq Azərbaycan dili) müxtəlif siyasi-ideoloji problemlərə baxmayaraq, sürətlə inkişaf etmiş, ictimai həyatın müxtəlif sahələrində özünün təbii- tarixi hüquqlarına yiyələnmiş, xüsusilə milli ədəbiyyatın əsasında dayanmış, demokratikləşmiş, milliləşmiş, kütləvi normativlik qazanmışdır. Ancaq tədricən dövlət idarəçilik sistemindən ünsiyyətindən sıxışdırılmağa, siyasi nüfuzunu itirməyə başlamış, hətta Azərbaycan SSR Konstitusiyasından Azərbaycan dilinin respublikada dövlət dili olması barədəki xüsusi maddə çıxarılmışdır. Sovetlər Birliyində Stalin rejiminin süqut etdiyi kəskin tənqidə məruz qaldığı 50-ci illərin ortalarından sonra Azərbaycan ziyalıları, xüsusilə akademik, Xalq yazıçısı dövlət xadimi Mirzə İbrahimov Azərbaycan dilinin dövlət idarələrindəki pozulmuş hüquqlarını bərpa etmək təşəbbüsü göstərsələr , həmin təşəbbüs tamamilə uğursuz oldu. Mühüm məsələlərdən biri XIX əsrin əvvəllərindən etibarən ikiyə parçalanması, Şimalın Rusiyanın (SSRİ-nin), Cənubun isə İranın tabeliyində olması, Şimalda rus, Cənubda isə fars dilinin hökm etməsi millətin təbii bütövlüyünü zədələyir, milli ruhu təhdid edirdi. Azərbaycan dili keçən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərinə belə bir keyfiyyətdə, demək olar ki, paradoksal bir vəziyyətdə gəlib çıxmışdı. Əsas paradoks isə ondan ibarət idi ki, dilin inkişaf potensialı kifayət qədər güclü olsa da, siyasi nüfuzu, yəni dövlət dili olaraq mövqeyi məhdudlaşdırılmış, hətta hər hansı dilin inkişafı üçün mühüm hadisələrdən biri olan etnik- mədəni kontekstindən, yəni digər qohum türk dilləri ilə kontaktlardan məhrum edilmişdi. Buna baxmayaraq, həmin dövrdə Azərbaycan dilinə aid sanballı tədqiqat əsərləri yazıldı. Bu sahəyə dair görkəmli elm xadimlərimiz dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar çap etdirmişdilər.

 

(ardı gələn sayımızda)

 

Rübeyzət Bayramova

Naxçıvan Dövlət Universiteti

Palitra.-2017.-22 fevral.-S.13.