“Dəhliz” filmi təqdim edildi

 

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Dəhliz” filminin təqdimat mərasimi keçirildi. Rejissor Elmar Məlikovun hazırladığı filmin təqdimatında "Kaspi” qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, redaktorlar və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Ə. Amaşov bildirdi ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın dəstəyi ilə Xocalıda faciə törətdilər. O qeyd etdi ki, Xocalı faciəsi bəşər tarixinə soyqırım kimi düşüb: “ABŞ-ın 20-dən çox ştatı onu soyqırım kimi tanıyıb. Azərbaycan Prezident Adminstrasiyası, Milli Məclisi soyqırımla bağlı çoxsaylı sənəd qəbul edib”.

Ə.Amaşov bildirdi ki, Milli Məclis tərəfindən “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsi hazırlanıb, yaxın zamanda qəbul olunacaq. O əlavə etdi ki, soyqırımını törədilməsində olanlar indi hakimiyyətdə olsalar da, vaxt gələcək Azərbaycana gətirilib mühakimə olunacaqlar.

Sonra tanınmış jurnalistlər Ceyhun Əsgərov, Vüsalə Məmmədova, Səbinə Məlikovanın üzərində çalışdığı Xocalı şahidlərinin ifadəsi əsasında hazırlanan film təqdim edildi.

Daha sonra Ə.Amaşov Xocalı sakinlərinə dəhliz verilməsi barədə yayılan yalan informasiyalara münasibət bildirdi. O qeyd etdi ki, əgər dəhliz olsaydı, 600-dən çox insan həlak olmazdı: “Son zamanlar Ermənistan mediası faciənin azərbaycanlılar tərəfindən törədilməsi barədə məlumatlar yayır. Bu xalqımıza qarşı həqarətdir. Bu fikirlərin qarşısını almalıyıq”.

Sonra çıxış edən Sona Vəliyeva filmlə bağlı fikirlərini bölüşdü. O qeyd etdi ki, bəzən ermənilər Xocalıda öldürülənləri göstərib “gördükləriniz ermənilərdir” deyirlər, azərbaycanlılar onların başına bu işləri gətirib:Lakin bu gün faciənin canlı şahidləri var. Bu gün dünya yalana çox inanır. İnanmasaydı, bu qədər ədalətsizlik baş alıb getməzdi”.

S.Vəliyeva hesab edir ki, bu təbliğat uşaq bağçalarından başlamalı, evdə analar bu həqiqətləri dil açan uşağına deməlidir: “Erməni qadını körpə beşiyində yatmayanda nifrətlə “yat türk gəlib səni aparardeyir. Amma biz uşağımıza dostumuz, düşmənimiz kimdir, kimdən qorunmalıyıq, torpağımız nə qədərdir, nə qədər torpağımız işğal olunub, bizə üz tutub gələnə ocağımızın hansı hissəsində yer verməliyik kimi məsələləri öyrətməliyik”.

S.Vəliyeva qeyd etdi ki, bu gün Avropa başımızı bəzi şeylərlə qatır: “Saxta insan haqları məsələsini ortalığa atırlar. Lakin İnsan Haqları üzrə Beynəlxalq Konvensiya bizə təqdim olunmamışdan öncə bu millət böyüyün, kiçiyin yerini gözəl bilib, mənəviyyat məsələsində qalib olub”.

S. Vəliyeva vurğuladı ki, bizə səbr, gözləmə təqdim edənlər səhv fikirdədirlər: “Xocalı faciəsinin unudulması üçün bizə zaman məsafəsi qurublar. Əgər Qarabağdan çıxan körpənin bu gün 25 yaşı varsa, on ildən sonra 35 yaşı olacaq. Guya ona Qarabağı versək də qəbul etməz. Amma bu həqiqət deyil. Lələtəpə alınanda bir uşaq oyuncaqlarını yığıb demişdi ki, kəndimizə getmirik?”

O vurğuladı ki, millətimizin bu cür milli yaddaşı var, hər şey milli yaddaşa bağlıdır: “1905-ci ildə, 1918-ci ildə belə faciələr olmamışdı? İrəvandan, Zəngəzur ellərindən köçürülən soydaşlarımız olmamışdı? Əlbəttə, olmuşdu. Bizim başımızı qatdılar, ermənilərlə hansı qardaşlıqdan söhbət gedə bilər ki? Onlar uşağı, qocanı, qadını rəhm etmədən öldürüblər”.

S.Vəliyeva təqdim edilən filmi yüksək qiymətləndirərək bildirdi ki, təbliğatı gücləndirməliyik: “Düşünürəm ki, film ingilis, fransız dillərinə mütləq tərcümə olunmalıdır ki, dünyaya çatdıraq. O zaman biz təbliğatımızda bir addım öndə olacağıq”.

O qeyd etdi ki, bu gün erməni lobbisi güclüdür, dünya da erməninin tərəfindədir: “Lakin ilahinin ədaləti və səbrin sonu var. Biz beynəlxalq qanunlar əsasında haqq ədalətin öz yerini tapmasını gözləyirik. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi soyqırım status aldı”. O bildirdi ki, bu, bəşər tarixində misli görünməmiş vəhşilik aktıdır.

S. Vəliyeva bildirdi ki, Xirosima və Naqasakidə şəhərlərin dağıdılmış bir hissəsi muzey kimi saxlanılır: “Bu gün Cocuq Mərcanlıda da dağıdılmış evlərin bir qismini muzey kimi saxlamaq təklif olunur. Əsas güc özümüzük. Hər bir yaradıcı adam nə isə etmək istəyir. Xocalıda dəhliz məsələsi olmamışdı. Olsaydı, bu qədər insan qırılmazdı. Orada gələcəyin Bülbülü, Xan Şuşinskisi var idi, lakin onları beşikdə boğdular. Düşünürəm ki, biz həmrəy olmağı bacarmalıyıq. İnanıram ki, bir gün o torpaqlara qayıdacağıq”.

Təqdimatda baş redaktorlarqonaqlar da çıxış edərək filmin əhəmiyyətindən danışdılar.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-22 fevral.-S.4.