Xocalı həqiqətləri dünya ictimaiyyətinə
çatdırılır
Xocalı soyqırımının
25-ci ildönümün tamam olur. Bu
məqsədlə dünyanın müxtəlif ölkələrində
tədbirlər həyata keçirilir. Bu tədbirlər Xocalı soyqırımı
və Ermənistan işğalı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması baxımından böyük
əhəmiyyət kəsb edir.
İordaniyanın “7stars TV” telekanalında Xocalı soyqırımı ilə bağlı reportaj yayımlanıb
Həmin tədbirlər çərçivəsində İordaniyanın “7stars TV” telekanalında “Azərbaycan Respublikasının İordaniyadakı səfirliyi Xocalı soyqırımının ildönümünü qeyd edir” adlı 58 dəqiqəlik veriliş nümayiş olunub. Səfirlikdən ildiriblər ki, verilişdə Ermənistanın hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğında 613 nəfərin həlak olduğu, 150 nəfərin itkin düşdüyü qeyd edilib. Səfir Sabir Ağabəyov, İordaniya Senatının İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri, senator Mərvan əl-Hmud, İordaniya Baş nazirinin sabiq müavini Saleh Ərşidat, Nümayəndələr Palatasının sabiq üzvü Hazem Qaşou, iordaniyalı diplomat, səfir Muvaffaq əl-Acluni, sabiq mədəniyyət naziri Samir Habaşne, yazıçı, Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilik evi”nin /“Dar əl-Arubə”/ baş direktoru Sultan Haşim Xəttab, yazıçı-jurnalist, tarixçi Ömər əl-Armuti və başqaları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən, respublikamıza qarşı erməni təcavüzünə son qoyulmasını, Xocalıda törədilən qırğının dünya ictimaiyyəti tərəfindən soyqırımı və müharibə cinayəti kimi tanınmasını və Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsini tələb edən fikirlər səsləndiriblər. Səfir S.Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bununla da bir milyondan artıq insanın öz yurdundan didərgin düşdüyünü diqqətə çatdırıb. O, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikdən bəhs edərək onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi vurğulayıb. Səfir işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair beynəlxalq təşkilatlar tərəfindən bir neçə qətnamənin qəbul olunduğunu diqqətə çatdırıb. S.Ağabəyov İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini, habelə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı keçirilən səsvermələrdə İordaniya tərəfinin daim sabit dost mövqe nümayiş etdirdiyini məmnunluqla vurğulayıb, Kral II Abdullaha, İordaniya xalqına və hökumətinə Azərbaycan xalqı və hökuməti adından minnətdarlığını bildirib. Səfirliyin müşaviri İlham Əliyev Xocalı soyqırımı ilə bağlı tarixi faktları və həqiqətləri izləyicilərin diqqətinə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, kəndlərin və şəhərlərin, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbiristanlıqların dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. Bildirib ki, Xocalı soyqırımı 1905-1907-ci, 1918-ci, 1948-1950-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri silsilə qırğınların davamıdır və bu qətliamlar işğalçı Ermənistanın irqçi və soyqırımı siyasətini əks etdirir, “Böyük Ermənistan” kimi sərsəm bir ideyanın həyata keçirilməsinə xidmət edir. Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlanması barədə məlumat verən müşavir Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini, işğal altında olan bütün torpaqlarımızın sülh yoluna razılıq verilməyəcəyi təqdirdə güc yolu ilə tezliklə azad ediləcəyini bildirib.
İordaniyalı senator: “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir”
Daha sonra çıxış edən İordaniya Senatının İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri senator Mərvan əl-Hmud, İordaniya Baş nazirinin sabiq müavini Saleh Ərşidat, Nümayəndələr Palatasının sabiq üzvü Hazem Qaşou, iordaniyalı diplomat, səfir Muvaffaq əl-Acluni, sabiq mədəniyyət naziri Samir Habaşne Xocalı soyqırımının dünya tarixində ən kədərli və hüznlü tarix kimi qeyd edildiyini bildirib və Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndiriblər. Qeyd ediblər ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı Şurasının 9-cu iclası zamanı qəbul edilmiş Qətnamənin 3-cü bəndində İKT Pİ-yə üzv parlamentlərin erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğın “insanlığa qarşı törədilmiş cinayət” kimi tanıdığı qeyd olunub. Xocalı soyqırımını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş cinayətlərin ən dəhşətlisi olduğunu bildirərək, münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini qeyd edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə sistematik işlərin görüldüyünü və bunun Xocalı şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün milli və insani vəzifə olduğunu diqqətə çatdırıblar. Daha sonra verilişdə İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti Ömər Əl-Armuti ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlar barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışıb, faktlar və statistik göstəriciləri öz kitabında əks etdirdiyini deyib. İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti, teleaparıcı Sultan Həttab Azərbaycanın işğal edilmiş torpaqlarını hərbi yolla azad etməyə tam qadir olduğunu vurğulayıb. Verilişin sonunda səfir S.Ağabəyov və İordaniyanın bir sıra rəsmi şəxsləri telekanala müsahibə verərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı cinayət aktı kimi qiymətləndiriblər.
İndoneziyanın parlamenti hökumətdən münaqişə həll olunana qədər Ermənistanda diplomatik nümayəndəlik açmamağı tələb edir
İndoneziya parlamentinin xarici əlaqələr üzrə birinci komissiyası isə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda deyilir ki, Xocalı soyqırımı Azərbaycan xalqının üzləşdiyi ən ağrılı yaradır. Bu yalnız Azərbaycan xalqının yarası deyil, eyni zamanda, bütün dünyanın acısı və bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Sənəddə qeyd edilir ki, birinci komissiya İndoneziya-Azərbaycan ikitərəfli əlaqələrinə qardaşlıq çərçivəsində baxır: “Biz inanırıq ki, gerçək qardaşlığın inşası bir-birinin ağrılarını öyrənməkdən, mənəvi dayaq olmaqdan və lazim gələrsə tətbiqi dəstək verməkdən keçir”. Bəyanatda Nümayəndələr Palatasının sabiq spikeri Marzuki Əlidən sitat gətirilərək bir daha vurğulanır ki, İndoneziyanın qanunverici orqanı hökumətdən Ermənistan ilə Azərbaycan arasındakı münaqişə həll olunana qədər Ermənistanda diplomatik nümayəndəlik açmamağı tələb edir. İndoneziya xarici siyasətinin Xocalı soyqırımı məsələsinə münasibətinin davamı olaraq palatanın birinci komissiyası əsas məqamları bir daha vurğulayır: “Birincisi, komissiya Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, insanlıq və ədalətə yaraşmayan təcavüzün bütün formalarını qınayır. Azərbaycana qarşı təcavüz baş verərkən artıq bu ölkə müstəqil idi. Bütün dövlətlər Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmət etməlidir. İkincisi, komissiya Azərbaycanın müsəlman olduqlarına görə xüsusi zəmində qətlə yetirilmiş yüzlərlə vətəndaşına öz rəğbətini ifadə edir. Ermənistanın işğalının nəticəsi olaraq bir milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından qovulub və məcburi köçkünə çevrilib. Üçüncüsü, İndoneziya Ermənistanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyə çağırır. Bu qətnamələr Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edir. Beynəlxalq ictimaiyyətin üzvü olaraq İndoneziya Ermənistan ilə Azərbaycan arasında davam edən münaqişənin ən yaxşı həllinə ümid edir. Dördüncüsü, komissiya İndoneziya hökumətinə çağırış edərək bildirir ki, Ermənistan və Azərbaycan ilə ikitərəfli münasibətlərdə İndoneziyanın xarici siyasət kursuna uyğun olaraq Xocalı soyqırımını unutmamalı, heç vaxt bu mövqedən dönməməli və hər iki tərəfə münaqişəni sülh yolu ilə həll etmək üçün təkan verməlidir.
ABŞ Azərbaycanlılar Şəbəkəsi məlumatlandırma kampaniyası keçirir
ABŞ-da Amerika
ictimaiyyətini isə Xocalı qətliamı barədə məlumatlandırmaq
üzrə illik kampaniya
keçirilir. ABŞ Azərbaycanlılar
Şəbəkəsi tərəfindən
hazırlanmış, ABŞ konqresmenlərinə,
ştatların parlamentlərinin və
administrasiyalarının qanunvericilərinə, ABŞ Dövlət
Departamentinə və Amerika KİV-lərinə
ünvanlanmış müraciətdə qeyd
edilir ki, 1992-ci ilin fevral ayında
Xocalıda keçmiş SSRİ
silahlı qüvvələrinin 366-cı motoatıcı
alayının köməyi ilə erməni silahlı qüvvələri
tərəfindən törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiq
edilmiş ən dəhşətli hadisələrdən
biridir. Müraciətdə
Xocalının işğalı zamanı həlak olmuş insanlar haqqında
statistik informasiya və
erməni silahlı bölmələri tərəfindən
törədilmiş vəhşiliklər barədə spesifik məlumatlar verilir.
ABŞ Azərbaycanlılar Şəbəkəsi
Xocalı qırğınının dünya
ölkələrinin qanunverici orqanları
və hökumətləri tərəfindən
tanınmasının vacibliyini vurğulayaraq qeyd edir ki, Xocalı
qırğını bu günə qədər
ABŞ-ın 30-dan çox
ştatının parlamentləri və qubernator
proklamasiyaları səviyyəsində tanınıb.
A.Miriyev
Palitra.-2017.-24 fevral.-S.11.