Ədalətin bərqərar olacağına inanırıq

 

“Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Heydər Əliyev

 

O gecə Xocalının yaşadığı dəhşəti, Xocalı sakinlərinin üzləşdikləri müsibətləri, vəhşilikləri təsvir etməkdə söz acizdir. Yaxın dövr tarixinin şahidi olmadığı faciəni, ancaq insanlığı, mərhəməti itirmiş ermənilər törədə bilərdi. Bu vəhşiliyi heç nə ilə müqayisə etmək mümkün deyil. Tarix boyu ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular.

Xocalı şəhərini hədəfə almaqda məqsəd nə idi?

7000 əhalisi olan bu şəhər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi erməniləri narahat edirdi. Çünki Xocalı Dağlıq Qarabağın paytaxtı Xankəndidən (ermənilərin Stepanakert adlandırdıqları şəhərdən) 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşir. Yeganə aeroportun məhz Xocalıda yerləşməsi də Dağlıq Qarabağın taleyində şəhərə xüsusi strateji önəm verirdi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və burada yerləşən aeroportu ələ keçirmək idi. Yırtıcı əməliyyata birbaşa başçılıq etmiş Arkadi Ter Padevosyan bildirirdi ki, “1991-ci ilin sonları anladıq ki, Qarabağın taleyi Xocalıdan asılıdır. Çünki şəhəri ələ keçirməklə Əsgəran-Stepanakert arasındakı yolu aça, bizim üçün həyati əhəmiyyətə malik aeroporta nəzarət edə bilərdik”. Bununla da Xocalı Dağlıq Qarabağonun sonrakı inkişafı üçün bir açar funksiyasını yerinə yetirirdi. Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri erməni separatizminin, şovinizminin qurbanı olmuşdur.

1992-ci il fevralın 16-da, soyqırım planından on gün əvvəl məlum 366-cı alayın nəzdində "Klukin, erməni cəbhəsi" deyilən "rota`" yaradılır. Sözügedən "rota"nın əsasını Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmalarını təmsil edən, beyinlərinə yeridilən, başı üstlərində "Böyük Ermənistan" xəritəsi asılan silahlı quldur erməni birləşmələri təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət "Şuşanik" adlı snayperçilər dəstəsi də həmin cəbhəyə qoşuldu. Düşüncələrinə türk düşmənçiliyi hopdurulan, insani idrakdan uzaq olan "Şuşanik" snayperçiləri Livandan gətirilmişdi. Burada diqqətçəkən məqamlardan birixüsusi məqam başkəsən qrup-Arabo batalyonunun dəvət edilməsi idi. Livanda döyüş təcrübəsi keçmiş erməni könüllülərdən ibarət qruplaşma Yaxın Şərq bölgəsində terrorçuluq üzrə əsl peşəkarlar sayılırdı. Onların malik olduqları xüsusi geyimsilahlar başkəsənlərin özəl hazırlıq təhcizatından xəbər verirdi. Bu qeyri-insani keyfiyyətə malik quldurların Xocalı əməliyyatına cəlb olunması artıq burada nələrin baş verəcəyini, şəhərdən bir nəfərin sağ qurtula bilməyəcəyinə əsas verirdi. Arabo batalyonunun Xocalı qətliamında iştirakına dair çoxsaylı dəlil-sübutlar mövcuddur. Öldürülmüş dinc sakinlərin, körpə uşaq və qadınların, qocaların cəsədlərini də təhqir edənlərin, əsasən, məhz bu batalyonun üzvləri olduqları təsdiqlənmişdir. Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim etdiyi Xocalı şəhərinə hərbçilərin danışıqlarının lent yazısı da planın əvvəlcədən hazırlandığını və bu faciədə Rusiyanın 366-cı rus hərbi alayının iştirakını təsdiqləyir. Soyqırım ilə bağlı araşdırmalar zamanı məlum olub ki, Xocalıya hücumda Rusiyanın 366-cı motoatıcı alayı ilə yanaşı, SSRİ-nin xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət 150 nəfərlik qrup iştirak etmişdir.

Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra olundu. Xəstələrə, ağsaqqal və ağbirçəklərə, körpə uşaqlara, qadınlara aman verilmədi. Azərbaycan xalqına qarşı amansız şəkildə soyqırım həyata keçirildi. 7 min əhalisi olan Xocalı şəhərində cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaq, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqren olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarını yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdi.

Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V. Savelyev özünün "Məxfi arayış"ında erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə bütün olub-keçənlərin şərhini verib etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların-uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi".

Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin miqyasca ən dəhşətlisidir. Xalqımızın qan yaddaşına həmişəlik həkk olunmuş Xocalı faciəsini soyqırımı adlandırmaq olar. Soyqırım (genosid) - ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini mənsubiyyətinə görə məhv edilməsi, bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Tarixdən məlumdur ki, İkinci Dünya müharibəsində hitlerçilər işğal etdikləri ölkələrdə əhaliyə qarşı kütləvi miqyasda soyqırımı cinayətləri törətmişlər: Xatın, yəhudi soyqırımları, eyni zamanda Yaponiyada XirosimaNaqasaki faciəsi, müsəlman dövlətlərindən İraqda, Əfqanıstanda, Pakistanda, Çeçenistanda, Suriyadas. baş verən son hadisələr göstərir ki, faşizmi doğan ana hələ sağdır.

Xocalının kurqanları və digər abidələri, müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələri hesab olunur. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Heydər Əliyev dərhal öz mövqeyini bütün dünyaya bildirdi: "Biz kədər içindəyik, qəm içindəyik. Bu gün Xocalı faciəsinin nə qədər dəhşətli faciə olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk etdik, bir daha hiss etdik. Ancaq, eyni zamanda, bu faciə də, Azərbaycanın başına gələn bəlalar da, xalqımızın iradəsini qırmayıbdır və qıra da bilməz!". Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərmişdir.

Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirərək, erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymət verilməsinə nail oldu.

Belə ki, ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Həmin dövrdən sonra Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.

Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu birmənalı təsdiqləyir. Hal-hazırda dünyada 14 ölkə və ABŞ-ın 21 ştatı tamya parlament səviyyəsində bu faciəni qətliam kimi tanıyıb.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, ermənilərin terrorçu, işğalçı əməllərinə qarşı qəti tədbirlər görülməmişdir. Lakin ölkə rəhbərliyinin bu məsələ ilə bağlı gördüyü işlər bizə əminliklə deməyə əsas verir ki, gec-tez nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, işğalçı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edəcəklər.

Xocalı faciəsinin gələcək nəsillərə çatdırılması, onların yaddaşından bu izlərin silinməməsi qarşımızda duran mühüm məqsədlərdən biridir.Hər il ölkəmizdə müxtəlif idarə və təşkilatlarda, üniversitetlərdə, məktəblərdə anım mərasimləri keçirilir, çıxışlar olunur, qətliama həsr olunmuş videofilmlər göstərilir.

Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir və bunun nəticəsidir ki, hər il ölkə xaricində anım tədbirləri keçirilir, erməni vəhşiliyi dünya ölkələrinə çatdırılır.

Biz Xocalıda tökülən günahsız qanların yerdə qalmayacağına, Azərbaycan xalqının birliyi, əqidə bütövlüyü naminə haqqın qələbə çalacağına, ədalətin bərqərar olacağına inanırıq. Zaman keçdikcə Xocalı faciəsinin mənəvi ağrısını daha dərindən duyuruqhiss edirik.

Elə bir sabah olacaq ki, Xocalı faciəsini Dağlıq Qarabağda, Xocalı torpağında yad edəcəyik. Biz bu müqəddəs arzuinamla yaşayırıq!

 

Leyla Hacıyeva,

Ədliyyə Nazirliyi Məhkəmə

Ekspertiza Mərkəzinin əməkdaşı

Palitra.-2017.-24 fevral.-S.8.