BANM tələbələrini Yunanıstana göndərir

 

Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov cari ilin yaz semestri ərzində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar. Səfər ərəfəsində BANM-in rektoru Elmar Qasımov sözügedən tələbələr və onların valideynləri ilə görüşüb.

 

Milli.Az xəbər verir ki, rektor Rəhim Rəhimliyə və Məmməd Cəbrayılova müvəffəqiyyət arzulayaraq onlara bilik, bacarıq və nailiyyətlərinin davamlı olmasını arzuladı. O bildirdi ki, Ali Məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etməyə hər zaman dəstək olur. Elmar Qasımov Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsinin çox qürurvericiAli Məktəb üçün mühüm hadisə olduğunu vurğuladı. O, BANM-in beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədi ilə bir sıra beynəlxalq layihə və proqramlara qoşulduğunu nəzərə çatdırdı. Erasmus + proqramı çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını diqqətə çatdırdı. Rektor bildirdi ki, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur. "Əminəm ki, Yunanıstanda bizim tələbələrimiz ölkəmizi ləyaqətlə təmsil edəcəklər", - deyə rektor qeyd etdi.

 

Rəhim Rəhimli və Məmməd Cəbrayılov rektor Elmar Qasımova Ali Məktəbin tələbələr üçün yaratdığı imkanlara və şəraitə görə təşəkkür etdilər.

 

Rəhim Rəhimlinin və Məmməd Cəbrayılovun valideynləri böyük sevinc hissi keçirdiklərini və övladları ilə qürur duyduqlarını dedilər. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından söz açan valideynlər Ali Məktəbin rəhbərliyinə minnətdarlıq ifadə etdilər.

 

Palitra.-2017.-24 fevral.S.15.