“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası Azərbaycanla Aİ arasında gələcək əlaqələr üçün vacib amildir

 

"Cənub Qaz Dəhlizi" layihəsi dünyanın və Avropanın maraq dairəsindədir

 

“Cənub Qaz Dəhlizi” həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir”. Bu sözləri Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına həsr olunan mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, bu gün Avropanın bir çox ölkəsinin diqqəti Bakıdadır. “Cənub Qaz Dəhlizi” həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir. Toplantıda iştirak edən müxtəlif maliyyə qurumlarının rəhbərləri layihəni dəstəklədiklərini və vəsait ayırmaqda maraqlı olduqlarını bildirdilər. Həmçinin də "Cənub Qaz Dəhlizi"nin seqmentləri - Cənubi Qafqaz Boru Kəməri, "Şahdəniz-2" TANAP və TAP-ın icra vəziyyəti və gələcəkdə görüləcək işlər nəzərdən keçirildi. Bu layihələr Avropa Komissiyası tərəfindən daim dəstəklənir. Nazir deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır: “Layihənin reallaşdırılmasına bir neçə il öncə başlanılıb. Dünya iqtisadiyyatında maliyyə böhranının müşahidə edildiyi bir vaxtda bu layihənin həyata keçirilməsi böyük səy tələb edir. Eyni zamanda mövcud vəziyyət tələb edir ki, səylər birləşdirilsin. "Cənub Qaz Dəhlizi” layihəsini genişləndirmək fikrimiz var. Buna görə də məhz bu gün burada İon Boru Kəməri ölkələrinin nümayəndələri də iştirak edirdilər”. N. Əliyev qeyd edib ki, layihənin həyata keçirilməsində ən mühüm məsələlərdən biri maliyyələşmə ilə bağlıdır: "Dünya Bankı, Asiya İnkişaf Bankının nümayəndələri bu tədbirdə iştirak ediblər. Onlar bəyan etdilər ki, bu layihəyə maraq göstərirlər və layihənin maliyyələşməsində iştirak edəcəklər".

 

"Cənub Qaz Dəhlizi"nə qoşulmaq istəyən ölkələrin sayı artır"

Energetika naziri bildirib ki, Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər açır. Onun sözlərinə görə, layihənin iştirakında maraqlı olan ölkələrin sayı artır: “2019-cu ilin sonunda bu birləşmə hazır olacaq. Yunanıstan ərazisindən Bolqarıstana kəmər uzanacaq. Bu ölkələr "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər. Bu isə "Cənub Qaz dəhlizi" layihəsi üçün yeni bir perspektivlər, yollar açır".

 

Maroş Şefçoviç:

Avropa Komissiyası Azərbaycan qazının Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək”

Mətbuat konfransında iştirak edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib ki, Avropa Komissiyası Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək. O bildirib ki, nazirlərin üçüncü toplantısı çox uğurlu keçib. Toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinin icra vəziyyəti və layihənin seqmentlərinin inkişafı müzakirə olunub. Əldə olunan uğurlu nəticələr, eləcə də qarşıya çıxan çətinliklər nəzərdən keçirilib: "Əslində, bu layihənin bütün hissələrində irəliləyən addımlar barədə məlumatları eşitməkdən məmnun olduq. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində olduqca böyük irəliləyişlər var. Bu gün biz layihəni üçüncü dəfə nəzərdən keçirdik. Bunun üçünbiz Azərbaycan hökumətinə, marşrut boyu yerləşən ölkələrin rəhbərlərinə, layihəni maliyyələşdirəcək maliyyə institutlarına öz təşəkkürümüzü bildiririk. "Cənub Qaz Dəhlizi" layihəsi marşrut boyunca yerləşən ölkələrə fayda verəcək və bu ölkələrin istehlakçıları bundan bəhrələnəcək. Layihənin icrası ilə bağlı ləngimələrlə bağlı narazılıqlar var idi. Lakin müasir dövrün çağırışları da nəzərə alınmalıdır. Biz bu narazılıqları İtaliya hökumətinə çatdırdıq. Hesab edirik ki, "Cənub Qaz Dəhlizi" bütün iştirakçılar, xüsusilə də İtaliya üçün mühüm bir layihədir. Çünki biz 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıyıq və bunun həyata keçirilməsi üçün çalışırıq".

 

Robin Danniqan:

“ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır”

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan mətbuat konfransında deyib ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır. O qeyd edib ki, ABŞ nümayəndə heyətinin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir: "ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək".

 

“Cənub Qaz Dəhlizi” Azərbaycan-Avropa əlaqələrini möhkəmləndirəcək

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün vacib amildir. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu layihə ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanla Avropa arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Valeh Ələsgərov “Trend”ə deyib ki, bu, çox vacib layihədir: “Bu layihə Avropa üçün yeni qaz mənbəyidir və həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələrin qazı üçün yeni yoldur. Təbii ki, bu layihə Azərbaycanın Avropa ölkələri ilə həm iqtisadi, həm də siyasi əlaqələrini möhkəmləndirəcək”. V.Ələsgərov vurğulayıb ki, layihə Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətini də artıracaq: “Bu layihə Azərbaycan qazının Avropaya nəqli ilə yanaşı, Azərbaycanın Türkmənistan və İran qazının nəqli üçün tranzit ölkə olmasına imkan verəcək. Bu da Azərbaycanın dünyada iqtisadisiyasi çəkisini daha da artıracaq”.

Anar Miriyev

Palitra.-2017.-24 fevral.-S.4.