BANM-də Xocalı soyqırımı yad edildi
Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir. Rektor deyib ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar. Elmar Qasımov qeyd edib ki, bu gün eyni siyasət Prezident İlham Əliyev tərəfindən həyata keçirilir.
BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi aspektləri haqqında danışıb, bu qanlı hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. O bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Mühasirəyə alınan şəhər yandırıldı. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edildmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
Daha sonra BANM-in Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Şəmsi Musayev “Xocalı tarixi və soyqırımın səbəbləri” mövzusunda, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Fuad Əlizadə isə “Xocalı soyqırımının baş verməsi və nəticələri” mövzusunda çıxış ediblər. Onlar gəncləri əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmağa və bununla bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyiblər.
Daha sonra Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə və Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Qurban Həsənovun ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər səsləndirilib və BANM-in tələbələri tərəfindən ingilis dilində hazırlanan və Xocalı Soyqırımına həsr olunmuş maraqlı və təsirli sosial video çarx nümayiş olunub.
Nigar
Palitra.-2017.-25 fevral.-S.15.