AŞPA-ya Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırış edilib

 

Rafael Hüseynov:

Bir zamanlar azərbaycanlıların taxıl və digər kənd təsərrüfatı məhsulları yetişdirdikləri torpaqlarda indi ermənilər narkotiklər əkib-becərirlər”

 

Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan əməli addımlar atsa da, işğalçı ölkə olan Ermənistan ilbəil bu həll olunmamış münaqişənin daha da uzadılması üçün səylərini artırır, yeri gələndə isə təxribatlara əl atır.

Münaqişə beynəlxalq təşkilatlarda gündəmə gətirilir. Ötən ilin aprel ayında baş verən toqquşmalardan sonra bu münaqişənin hər an alovlana biləcəyi bir daha hər kəsə bəlli oldu. Görünür bu səbəbdəndir ki, indi beynəlxalq təşkilatlarda bu problemlə bağlı məsələlər daha çox qaldırılır, rəsmilər münaqişənin həlli ilə bağlı fikirlərini dilə gətirirlər.

Avropa Şurası Parlament Assambleyasında da Dağlıq Qarabağ problemi tez-tez gündəmə gətirilir. Sonuncu dəfə məsələ ilə bağlı çıxışlar olarkən ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri yanğınlarla bağlı da söz açılıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iyunun 30-da keçirilən plenar iclasında həftənin əvvəlində başlanmış sərbəst müzakirələr davam edib. Sərbəst müzakirələrdə deputatlar sessiyanın gündəliyində əksini tapmayan, amma aktuallıq kəsb edən məsələlərlə bağlı fikirlərini ifadə ediblər. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək ciddi bir problemdən - beynəlxalq terrorizmdən, narkotiklərin geniş miqyasda becərilməsi və beynəlxalq nəzarətdən tam kənar şəkildə dövriyyəsindən söhbət açıb. Bildirib ki, son 25 ildə hər yay fəslində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa bitişik 7 rayonundan bir neçəsində erməni silahlı qüvvələri yanğınlar törədirlər. Elə 2-3 həftə öncə işğal altındakı Ağdam rayonunda Ermənistan ordusunun törətdiyi belə yanğınlar barədə rəsmi məlumatlar yayılıb.

R.Hüseynov qeyd edib ki, Ermənistan işğal altında saxladığı həmin Azərbaycan torpaqlarını əsasən iki məqsəd üçün istifadə edir. Bu nəzarətdənkənar ərazilərdə 25 ildir terrorçuların təlim düşərgələri yerləşdirilir və bir zamanlar azərbaycanlıların taxıl və digər kənd təsərrüfatı məhsulları yetişdirdikləri torpaqlarda indi ermənilər narkotiklər əkib-becərirlər. Hər ilin yayında növbəti məhsul toplandıqdan sonra izi itirmək məqsədilə narkotik plantasiyaları yandırılır. Narkotiklərdən əldə edilən çirkli pullar isə Ermənistan dövləti tərəfindən terrorizmin dəstəklənməsinə və silahlanmaya yönəldilir. Əks təqdirdə, iqtisadiyyatı çox dərin böhran vəziyyətində olan, səfalət içərisində olan bu ölkə silahlanmaya yönəltdiyi milyonları qazana bilməz.

Deputat vurğulayıb ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində narkotiklər yetişdirməsi ilə bağlı məlumatlar ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən aerokosmik müşahidə və çəkilişlər zamanı təsbit edilən, rəsmi hesabatlarda əksini tapan faktlardır. O, dünya birliyinin, eləcə də Avropa Şurasının bu dəhşətli problemlərlə əlaqədar təxirəsalınmaz tədbirlər görməsinin vacibliyini diqqətə çatdırıb.

Dünyada hamı terrorizmi pisləyir, narkotiklərin əkilib-becərilməsi, ticarəti və transferi ilə bağlı narahatlığını ifadə edir, amma Ermənistanın törətdiyi bu boyda dəhşətlərin bütün dəlil-sübutu ortada ola-ola buna qarşı hansısa konkret tədbirlər görməyə, həyəcan təbili çalmağa biganəlik göstərilir. Bəlkə beynəlxalq birlik Ermənistanın ifasında terrorizmihumanist bir aksiya kimi qavrayır və narkobiznesi də mədəni ticarətin məqbul şəkillərindən biri kimi qəbul edir?! Ermənistan ordusu işğal altındakı təzə məhsul toplanmış ərazilərdə yanğınları bu gün də törətməkdədir. Həmin alovların arxasında dayanan müdhiş həqiqətə qarşı qəti mübarizə hamının, o cümlədən Avropa Şurasının birbaşa vəzifəsidir. Məgər hərəkətə gəlmək üçün həmin alovda bilavasitə yanmağa qədər gözləmək lazımdır?” - deyə R.Hüseynov fikirlərini tamamlayıb.

 

“Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsini tələb edən 1416 saylı qətnamə nə üçün həyata keçirilmir?”

Millət vəkili Qənirə Pasayeva ASPA-nın sessiyasında çıxış edib. O, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət yetirib, ASPA -nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb.

Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda D. Əsgərov və Ş. Quliyevin azad edilməsi istiqamətində verdiyi açıqlamalara görə təşəkkür edən Q. Paşayeva bununla belə təəssüflə qeyd edib ki, Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, T. Yaqlandın açıqlamalarına baxmayaraq, onların azadlığa buraxılması istiqamətində hələlik heç bir müsbət irəliləyiş yoxdur: “Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir günahı yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, atalarının, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarət etməyə gediblər. Amma Ermənistan dövləti aylardır bu insanlara zülm edir”.

Millət vəkili bildirib ki, D. Əsgərov və Ş. Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyir. “Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz ASPA -dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik. Dəyərli dostlar, Ermənistan ASPA -nın qəbul etdiyi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində heç bir addım atmır. Bu qətnamənin qəbul edildiyi zamandan bu günə rəsmi İrəvan onun yerinə yetirilməsi istiqamətində bir addım belə atmayıb. Ermənistan bir neçə ay əvvəl Sərsəng su anbarı ətrafında müzakirələr zamanı qəbul edilən qətnamənin həyata keçirilməsi istiqamətində də heç bir addım atmır. ASPA-da alınan bu qərarların həyata keçirilməməsi və Ermənistan tərəfindən onlara məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün ASPA -nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təzyiq göstərməsi lazımdır. Dəyərli həmkarlar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən 1416 saylı qətnamə bu Assambleyada qəbul olunmadımı? Qərarı sizlər vermədinizmi? 1416 saylı qərar nə üçün həyata keçirilmir? Sizlər Ermənistandan bu qərarların həyata keçirilməsini tələb etməlisiniz. Aldığınız qərarlara məhəl qoymurlarsa, təzyiq göstərməlisiniz. ASPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, ASPA -nın işğal edilmiş torpaqlardan çəkilməsinə dair qətnamələrinə əməl etməyən Ermənistanın buradakı nümayəndə heyətinin “səsvermə haqqının alınması” ilə bağlı məsələni müzakirə edib, qərar qəbul etmir? 25 ildir öz evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən sadəcə aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərmənizi gözləyir, sizi buna çağırır və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır. DünyaAvropa çox ağır günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları bizi çox ciddi narahat etməlidir. Assambleyamız mədəniyyətlər, dinlərarası müstəvidə gərginliklərin surətlə artmasından ciddi narahat olmalı, bu gərginliklərin gələcəkdə böyük faciələrə səbəb ola biləcəyini, Avropanın və bütün dünyanın gələcəyi üçün böyük təhlükələr yaradacağını heç bir zaman unutmamalıdır. Bunun qarşısını almağın yolu isə ikili standartlara yol vermədən birlikdə daha çox çalışmaqdır”.

Q. Paşayeva qeyd edib ki, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multikulturalizmin genişlənməsi mövzusu ASPA -nın daim gündəmində olmalıdır: “Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməliyik, bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropadünyada daha geniş yayılmasına çalışmalıyıq. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbəbdən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyllərin qarşısının alınması istiqamətində, irqçiliyə qarşı mübarizədə ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multikulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və ASPA -da tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var. Avropada islamofobiya, antisemitizmin artması hamımızı ciddi narahat etməlidir və buna qarşı ASPA daha çox işlər görməlidir, birlikdə mübarizəmizi gücləndirməliyik".

 

Tural Tağıyev

Palitra  2017.- 1 iyul.- S.11.