Arxangelsk vilayətində Azərbaycan Ticarət Evinin açılması üçün yer ayrılıb”

 

Tərlan Qasımov: “Arxangelskdəki kitabxanalara Azərbaycanla bağlı kitablar təqdim olunacaq

 

Xəbər verdiyimiz kimi, 2017-ci il Azərbaycanın Rusiyadakı səfirliyi və konsulluğu ilə qarşılıqlı razılaşma əsasında Arxangelsk vilayətində Azərbaycan Mədəniyyəti ili elan olunub. Bu təşəbbüs “Arxangelsk vilayətində Azərbaycan diasporu” Təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımov tərəfindən irəli sürülüb. İl ərzində Arxangelsk vilayətində Azərbaycanla bağlı müxtəlif səpkili tədbirlər keçiriləcək.Arxangelsk vilayətində Azərbaycan diasporu” Təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımovun dediyinə görə, artıq bir sıra mədəniyyət tədbirləri keçiriblər: “Bu ilin 16 martında biz min nəfərlik bir arenada Novruz bayramı tədbiri keçirdik. Həmin tədbirdə Azərbaycandan gələn incəsənət nümayəndələri ilə Arxangelskdə fəaliyyət göstərən “Sever-Vostok” ansamblının rəhbəri Cavanşir Kazımovun iştirakı ilə konsert proqramı oldu. Həmin konsertdə rus folklorunun nümayəndələri olan “Nənələr” qrupunun iştirakı ilə Cavanşir Kazımovun dueti səsləndi. Bu duetdə “Muleyli” mahnısını ruslar Azərbaycan dilində oxudular.

Həmçinin Arxangelsk vilayətinin tam mərkəzində Arxangelsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin və şəhər administrasiyanın razılığı ilə biz Novruz tonqalı qaladıq. Həmin tonqalın yanması Azərbaycan Prezidentinə, dövlətinə, eləcə də bizim diaspor təşkilatımıza hörmət və ehtiramın nəticəsidir. Əsas məqsədimiz böyüməkdə olan gənc nəslə adət-ənənələmizi aşılamaqdır. Belə tədbirlərlə biz milli-mənəvi dəyərlərimizi bir daha onlara əyani şəkildə göstəririk. Eyni zamanda yerli ictimaiyyətə öz mədəniyyətimizdən nümunələr göstəririk”.

 

Arxangelskdə Azərbaycan Günləri davam edir

Tərlan Qasımov dedi ki, “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatının rəhbərliyi olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bir sıra tədbirlərdə də iştirak etmişik: “Bu tədbirlərdən birincisi "Arxangelsk uşaqlara kömək mərkəzi”ndə (“Luçika”) keçirildi. Uşaqlara stolüstü oyunlarnoutbook hədiyyə edildi. Həmçinin uşaqlara meyvə və şirniyyat paylanıldı. Növbəti tədbir isə “Arxangelsk vilayətində Azərbaycan diasporu” Təşkilatı tərəfindən Çiklomen xüsusi uşaq evinin uşaqları üçün təşkil edildi. Belə ki, uşaqlara şəhərin məşhur kafelərinin birində nahar verildi. Uşaqlar onlara göstərilən bu qayğıya görə çox sevindilər”.

Bütün bunlarla yanaşı, söhbət əsnasında öyrəndik ki, “Arxangelsk vilayətində Azərbaycan diasporu” Təşkilatının, Arxangelsk vilayətinin millətlər şurası və yerli hakimiyyətin birgə təşkilatçılığı ilə iyunun 8-də Rusiya Günü ərəfəsində böyük konsert təşkil olunub. Qonaqlar Azərbaycanın çalğı alətlərini, milli mətbəxini və suvenirlərini tanımaq imkanı qazanıblar. Tərlan Qasımov tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat verib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəalları maraqlı konsert proqramı ilə çıxış ediblər. Qeyd edək ki, konsertdə Arxangelsk vilayəti qubernatorunun daxili siyasət üzrə müavini Aleksey Andronov, Arxangelsk Xalqlar Assambleyasının sədri Svetlana Smirnova və digər rəsmi şəxslər, yerli milli-mədəni birliklərin, ictimai təşkilatların rəhbər və nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Həmçinin “Arxangelsk vilayətində Azərbaycan diasporu” Təşkilatı tərəfindən iyunun 25-də Ramazan bayramı qeyd olunub. Bayram tədbirində tək Azərbaycan diasporu deyil, digər müsəlman xalqlarının nümayəndələri də iştirak ediblər.

 

Arxangelsk şairlərinin Azərbaycanda iki dildə kitabı çap olunacaq

Hömsöhbətimiz bu il ərzində görüləcək işlər haqqında da danışdı: “Ruslar kitabsevər millətdir. Amma Rusiya kitabxanlarında, xüsusən də Arxangelskdəki kitabxanalarda Azərbaycanla bağlı kifayət qədər kitablar yoxdur. Buna görə də Arxangelskdə Dobrolyubov adına vilayət kitabxanasında Azərbaycan guşəsi yaratmaq istəyirik. Həmin guşədə bizim Azərbaycan xalqının tarixi, mədəniyyəti, erməni təcavüzü və bədii ədəbiyyatla bağlı kitablar sərgilənəcək. Orada, eyni zamanda şəhər kitabxanasına da Azərbaycanla bağlı kitablar təqdim olunacaq. Biz kitablarla bağlı Azərbaycanın 12 rəsmi qurumuna müraciət etmişik. Azərbaycandan 300-500 arası kitab aparılacaq. Ümid edirəm ki, bizi qane edən cavab alacağıq.

Sentyabr ayının 20-25 ərəfəsində nəzərdə tutduğumuz bu sərgiyə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu Sultan Qasımov da dəvət olunub. Eyni zamanda bu tədbirə Azərbaycandan da nümayəndə heyəti qatılacaq. Bu sərgi bir ay nümayiş olunacaq. Həmçinin Rusiya mediasında videoçarxlar yayımlanacaq. Sonda kitablar kitabxananın fonduna təhvil veriləcək.

Növbəti işimiz isə yazar dostumuz Əkbər Qoşalının dəstəyi ilə Arxangelsk şairlərinin Azərbaycanda iki dildə kitabı çap olunacaq. “Arxangelski şairlərinin antalogiyası” adlı bu kitabda 10-a yaxın şairin poetik nümunələri artıq rus dilindən Azərbaycan dilinə tərcümə olunub. Həmin kitabın Arxangelskdə təqdimatı sentyabra nəzərdə tutulub”.

Tərlan Qasımov Arxangelsk vilayətində Azərbaycan Ticarət Evinin açılması üçün də işlərin aparıldığını bildirdi: “Bildiyimə görə əvvəlcə liman şəhərlərində Ticarət evlərinin açılması nəzərdə tutulub. Arxangelsk şəhəri də Rusiyanın ən birinci liman şəhəridir. Artıq Arxangelsk vilayətində Azərbaycan Ticarət Evinin açılması üçün yer ayrılıb. 1100 kv metr ərazisi olan 3 mərtəbəli bina ayrılıb. Həmin binanın birinci mərtəbəsi Ticarət Evi, ikinci mərtəbəsini isə Heydər Əliyev adına Dostluq Mərkəzi etmək nəzərdə tutulub. Bununla bağlı artıq Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun tərəfindən Azərbaycanının iqtisadiyyat naziri Şahin Müstafayevə məktub göndərilib. Ümid edirəm ki, aidiyyəti qurumlar bu işə öz münasibətini göstərəcək. Onu da deyim ki, may ayının 26-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin, "Azersun Holding" nümayəndələrinin Arxangelsk vilayətinə səfəri baş tutdu. Qısamüddətli səfər zəngin qrafiki ilə nizamlanmışdı. Səfər zamanı Arxangelsk vilayətinin qubernatoru, iqtisadiyyat naziris. rəsmilərlə görüşdə Azərbaycan Ticarət Evinin açılması ilə də bağlı söhbətlər oldu”.

 

Fuad Hüseynzadə

Palitra 2017.- 6 iyul.- S.7.