Biz Qazaxıstanda özümüzü Azərbaycanda olduğumuz kimi hiss edirik

 

İldırım Musayev: “Qazaxıstandakı soydaşlarımızın hər bir probleminə yardımçı oluruq

 

Adətən, diaspordan yazanda xaricdəki soydaşlarımızın təbliğati işlərini önə çəkirik. Lakin diaspor liderlərinin işi təkcə təbliğat olmamalıdır. Onlar xaricdəki həmyerlilərimizin istənilən problemini həll etmək üçün də çalışmalıdırlar. Qazaxıstanda olarkən bizə bir məsələ aydın oldu ki, diaspor kimi haqqında mediada yazılar verdiyimiz insanlar, soydaşlarımızın sənəd və ya hər hansı probleminin həllində aktivlik göstərmirlər. Lakin Qazaxıstanda elə həmyerlilərimz də var ki, onlar diasporda deyillər, amma, buna baxmayaraq, buradakı soydaşlarımızın bir növ güman yeridirlər. Onlar istənilən soydaşımızın hər hansı probleminin aradan qaldırlması üçün əllərindən gələni edirlər. Müsahibimiz İldırım Musayev də Qazaxıstandakı belə vətənpərvər və təəssübkeş soydaşlarımızdandır. Qeyd edək ki, İldırım Musayev 1976-cı ildə Lerik rayonunun Spyaregon kəndində anadan olub. Orta məktəbi Lerik rayonunda bitirib. Bakıda müxtəlif sahələrdə çalışıb. Özü Qarabağ müharibəsinin iştirakçısıdır. Bir qardaşı isə Qarabağ döyüşlərində şəhid olub. 2000-ci ildən Qazaxıstanın Astana şəhərində yaşayır. Çoxuşaqlı ailənin üzvü olan İldırım Musayev həyatda bütün nailiyyətlərini öz əziyyəti hesabına əldə edib. O, hazırda “Too TSK-ELARS” tikinti şirkətinin rəhbəridir. Ailəlidir, iki övladı var.

-Oradakı soydaşlarımıza nə kimi dəstək olursuz?

- Biz həmişə çalışmışıq ki, yaxşılıq edək. Valideynlərimiz bizə belə tərbiyə verib. Çalışmışam həmişə dost qazanım. Burdakı soydaşlarımızın hər bir probleminə yardımçı oluruq. Burada həmyerlilərimizin, əsasən, , sənəd, qeydiyyat problemi olur. Bu kimi islərdə soydaşlarımıza dəstək oluruq. Bəzən elə soydaşlarımız olur ki, Rusiyadan Qazaxıstana gəlirlər və buradan onların Azərbaycana göndərilməsinə kömək edirik. Əsas problemlərdən biriburada hər hansı soydaşımızın dünyasını dəyişəndə olur. Bilirsiniz ki, burada kimsə ölürsə, onun cənazəsini Azərbaycana göndərməyə çalışırıq ki, öz vətənində dəfn olunsun. Bunu etmək nə qədər çətin olsa da, biz öhdəsindən gəlirik. Sağ olsunlar, vətənpərvər soydaşlarımzı, həmrəylik göstərib kömək edirlər. Amma, bəzən diaspor üzvləri, bu baxımdan, çox laqeydlik edirlər. Bir müddət əvvəl 4 nəfər soydaşımız qəza nəticəsində vəfat etmişdi. Diaspordan kimsə gəlib meyitlərin göndərilməsində, həmçinin yas mərasimində iştirak etmədi.

-Vətənlə əlaqələriniz necədir?

-Bizim Vətənlə əlaqələrimiz qırılmaz tellərlə bağlıdır. Mən anamla, bacılarımla, qardaşlarımla, dost-tanışla həmişə əlaqə saxlayıram. Necə deyərlər, bir əlimiz Azərbaycanda, bir əlimizsə Qazaxıstandadır. Ayrıca, tez-tez Vətənə gedib-gəlirik. Mütəmadi olaraq da internetlə ölkəmizdə baş verənləri izləyirik. Vətənimizin sevincinə sevinir, kədərinə kədərlənirik. Yeri gəlmişkən, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat biziüzdü. Ermənistan işğalı möhkəmləndirmək məqsədilə uzun müddətdir təcavüzkar mövqeyini davam etdirir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə, regionda sülhünsabitliyin təmin edilməsinə mane olmaqdadır. Ermənistan bununla kifayətlənməyib regionda insani dəyərlərə zidd saysız-hesabsız haqsız fəaliyyətinə hər gün yenisini əlavə edir. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdikləri hadisə bunun bariz nümunəsidir. Fürsətdən istifadə edib bu faciə zamanı dünyasını dəyişənlərin ailəsinə, eləcə də xalqımıza başsağlığı verirəm.

-Azərbaycanla bağlı tədbirlərdə iştirak edirsizmi?

-Azərbaycanla bağlı hər bir tədbirdə iştirak edirəm. İyun ayında

Astanada “2-ci Avrasiya Beynəlxalq Kitab Sərgisi-2017” keçirildi. Sərgidə Azərbaycanda son illər müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş olunurdu. Bu sərgiyə böyük maraqla qatıldım. Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi “2-ci Avrasiya Beynəlxalq Kitab Sərgisi – 2017” çərçivəsində Azərbaycan səfirliyinin xüsusi təşkilatçılığı ilə Azərbaycan güşəsində 1000-dən çox kitabjurnal nümayiş olunurdu. Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, eləcə də çağdaş ədəbiyyat nümayəndələrinin kitabları ilə maraqlanırdılar. Sərgi çərçivəsində Azərbaycan Xalçaçılıq tarixi, ənənələri, ölkəmizdə istehsal olunan çay məhsulları orijinal təqdimatda nümayiş olunurdu. Sərgi iştirakçıları Azərbaycan rəqslərini canlı şəkildə izləmək imkanı da əldə etdilər. Burada diqqətimi çəkən qazax qızlarının Azərbaycan milli geyimində bizim mahnıları rəqs etmələri oldu.

-EXPO-2017-də Azərbaycanla bağlı pavilyon sizdə nə kimi təəssürat yaradıb?

- Əvvəla, qeyd edim ki, EXPO-2017 beynəlxalq ixtisaslaşmış sərginin Astanada açılışı ümumən Qazaxıstanda böyük sevinc yaradıb. Ötən ay EXPO-2017-nin açılışında mən də iştirak etmişdim. Bu sərgidə 115 ölkə arasında Azərbaycan pavilyonu da var. EXPO-2017-də Azərbaycanla bağlı pavilyon məndə çox xoş təəssürat yaradıb. Məlumat üçün deyim ki, EXPO-2017-də Azərbaycan pavilyonu ziyarətçilərin ən çox maraq göstərdiyi 10 ekspozisiya arasında 4-cü yerdədir. 400 kvadratmetrdən artıq sahəyə malik olan Azərbaycan pavilyonunda ölkəmizin enerji resursları, tarixi və mədəniyyəti nümayiş olunur.

Bildiyiniz kimi, iyulun 9-da ESKPO-2017 sərgisi çərçivəsində Azərbaycanın Milli günü keçirildi. Mən o tədbirdə də iştirak etdim. Sağ olsun bizim Qazaxıstandakı səfir Rəşad Məmmədov. Çox möhtəşəm şəkildə orada hər şeyi təşkil etmişdi. Milli Gün çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirildi. Tədbirdə Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev Azərbaycan nümayəndə heyətinə Milli Günün keçirilməsi münasibətilə öz təbriklərini çatdırdı, Azərbaycan tərəfinə EXPO-2017 sərgisində fəal iştirakına görə təşəkkürünü bildirdi. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovsa çıxışında Azərbaycan pavilyonu haqqında danışdı. Çıxışlardan sonra Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını özündə əks etdirən film nümayiş olundu. Milli Gün münasibətilə Azərbaycan pavilyonunun qarşısında konsert proqramı təşkil olundu. “Natiqritm qrupumilli rəqslərimiz sərgi iştirakçılarının alqışları ilə qarşılandı.

Qeyd edim ki, pavilyonun 1-ci mərtəbəsində Qazaxıstanın tarixi, mədəniyyəti, adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunurdu. Pavilyonun 2-8-ci mərtəbələrində enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, sukinetika növləri nümayiş olunurdu. Pavilyonun fasadı, dizaynı isə EXPO-nun ümumu görünüşünü tamamlamaqla Astana sərgisinin simvoluna çevrilmişdi. Bütün bunları görmək isə məni bir azərbaycanlı olaraq qürurlandırırdı.

-Qazaxların azərbaycanlılara münasibəti necədir?

- Qazaxların azərbaycanlılara münasibəti çox yaxşıdır. Qazaxlar bir müsəlman xalqı olaraq bizə çox xoş, mehriban münasibət göstərirlər. Onlardan özümüzə qarşı hər hansı laqeydlik görməmişik. Biz Qazaxıstanda olduğumuz zaman, demək olar ki, özümüzü Azərbaycanda olduğumuz kimi hiss edirik.

 

Fuad Hüseynzadə

Palitra  2017.- 13 iyul.- S.7.