Beynəlxalq ictimaiyyət Ermənistanın
işğalçı siyasətini qınayan bəyanatlar
yayıb
Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə hücumlarının davam etməsi beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması deməkdir
Ermənistan hərbi birləşmələri tərəfindən iyulun 4-də dinc azərbaycanlı əhalinin yaşadığı kəndlərin iriçaplı silahlardan atəşə tutulması, atəş nəticəsində ölüm hadisənin baş verməsi dünya ictimaiyyətində narazılıq yaradıb. Artıq bir çox ölkələrdəki diaspor təşkilatları, eləcə də parlamentarilər bu məsələ ilə bağlı öz etirazlarını bildiriblər.
Belə ki, Paris Azərbaycan Evi Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatla əlaqədar bəyanat yayıb. Bəyanatda Fransada yaşayan azərbaycanlılar adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Quliyeva Sahibə İdris qızının və onun nəvəsi Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi qəti şəkildə pislənilib, həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verilib.
Bəyanatda, həmçinin Ermənistan dövlətinin ötən əsrin sonlarına doğru Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən bəhs edilib və bildirilib ki, 1 milyondan çox Azərbaycan əhalisi öz ölkəsində məcburi köçkün kimi yaşayır.
“Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılsa da, Ermənistan dövləti beynəlxalq təşkilatların çağırış və qərarlarına laqeyd yanaşır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycan ərazilərinin dərhal azad edilməsini və məcburi köçkünlərin öz ölkələrinə qaytarılmasını tələb etsə də bu qətnamələr hələ də yerinə yetirilməmiş qalır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yerləşdirilməsi münaqişə zonasında vəziyyətin pisləşməsinin, baş verən hadisələrin əsas səbəbidir və münaqişənin siyasi həllinə mane olur. Hər bir azərbaycanlı məcburi köçkünün arzusu öz vətəninə qayıtmaqdır, bu işğal davam edə bilməz”, - deyə bəyanatda vurğulanır.
Paris Azərbaycan Evi Fransadakı azərbaycanlılar adından ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı və bütün dünya ictimaiyyətini Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
İtaliyalı deputatlar Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmağa son qoyacağına ümid etdiklərini bildiriblər
İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlar veriblər.
İqtidar Demokratik Partiyadan olan deputat Kristina Bargero bildirib ki, bu gün daha bir körpənin həyatından qəddarlıq nəticəsində məhrum olması xəbərini almaq və hələ də aktiv fazada qalmaqda davam edən Ermənistan-Azərbaycan münaqişəsi barədə az yazan bir çox mətbuat orqanlarının laqeydliyini görmək çox ağrılıdır. “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını tələb edən çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın silahlı qüvvələri tərəfindən iki yaşlı körpə qətlə yetirilib",- deyə italiyalı deputat vurğulayıb.
Deputat K.Bargero Ermənistanın ən tez zamanda öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxaracağına və beynəlxalq ictimaiyyəti aldatmağa son qoyacağına ümid etdiyini bildirib. "İtaliya hökuməti isə gələn il ATƏT-ə sədrliyi dövründə konstruktiv danışıqlar vasitəsilə uzunmüddətli sülhün bərqərar olunması yolunda fəaliyyət göstərməlidir”,- deyə Kristina Bargero fikirlərini tamamlayıb. Hakim Demokratik partiyadan olan digər deputat, xarici əlaqələr daimi komissiyasının üzvü Xalid Çauki isə qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində bir qadının və onun nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması ilə nəticələnən hücumla bağlı yeni xəbərlər dərin narahatlıq doğurur və Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını göstərir. O deyib: “Biz Ermənistan tərəfindən törədilən təcavüz aktını qəti və kəskin şəkildə qınayırıq, ziyan çəkən mülki əhali ilə tam həmrəyliyimizi ifadə edirik. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun səyləri ilə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtması zərurətindən başlamaqla, sülh danışıqlarını yenidən bərpa etmək mümkün olacaq”.
İtaliya Senatında 5 ulduz hərəkatı partiyasının təmsilçisi, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Vito Petroçelli isə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa başlamalıdır. İtalyan senator deyib ki, 30 ilə yaxın davam edən bu müharibə ilə bağlı həm BMT, həm də ATƏT öz rəylərini dəfələrlə bildiriblər və dünən də bir qadın və bir körpənin həyatlarını itirməsinə münasibətdə susqunluq hökm sürür.
Deputatlar Kristina Bargero və Xalid Çaukinin bəyanatları mənsub olduqları Demokratik partiyanın rəsmi internet səhifəsində və İtaliya milli xəbər agentliyi-ANSA tərəfindən yayılıb, senator Vito Petroçellinin bəyanatı isə ANSA agentliyində yerləşdirilib.
Alxanlıda iki dinc sakinin öldürülməsi barədə Amerika ictimaiyyətində məlumatlandırılma kampaniyası aparılır
ABŞ Azərbaycanlıları Şəbəkəsi isə Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin onun işğal edilmiş ərazilərində yerləşən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və bunun nəticəsində iki dinc sakinin öldürülməsi barədə Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə kampaniya aparır.
ABŞ Administrasiyasının üzvlərinə, konqresmenlərə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, kənd qumbaraatanlardan, 82 və 120 millimetrlik minataanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri - 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilib. Ağır yaralanmış daha bir qadın hərbi hospitala çatdırılıb.
Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə hücumlarının davam etməsi beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu ilin Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. ABŞ Azərbaycanlıları Şəbəkəsi vurğulayır ki, erməni hərbçilərinin mülki şəxslərə hücumları yeni bir şey deyildir. Bir vaxtlar səhra komandiri olan Ermənistanın indiki Prezidenti Serj Sarkisyan 1992-ci ilin fevralında Xocalı qırğınında - Azərbaycan xalqının 613 dinc sakininin, o cümlədən 106 qadının və 63 uşağın erməni hərbi hissələri tərəfindən qabaqcadan düşünülmüş şəkildə məhv edilməsində bilavasitə iştirak edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzünü pisləyən və işğalçı qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. Müraciətin sonunda deyilir ki, ABŞ Administrasiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməli və beynəlxalq hüququn aliliyinin bərpa olunmasında ABŞ-ın müttəfiqini dəstəkləməlidir.
Həmçinin bu məsələ ilə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb. Məktubun bir surəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilib. Məktubda mülki vətəndaşların, xüsusilə də uşaqların qətlə yetirilməsinin tamamilə qeyri-məqbul olduğu və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğu qeyd olunur.
Ermənistan-Azərbaycan
münaqişəsi barədə danışan D.Şuter Azərbaycanın suveren
ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğal edilməsinin və etnik təmizləməyə məruz
qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biri
adlandırır. O, bu ədalətsizliyin
yüz minlərlə azərbaycanlı məcburi
köçkünün məşəqqətinə
səbəb olmaqda davam
etdiyini ürəkağrısı ilə
vurğulayır. Münaqişə zamanı azərbaycanlı
mülki əhaliyə qarşı Ermənistan
qoşunları tərəfindən müxtəlif qəddarlıqların
törədildiyini qeyd edən D.Şuter bu səpkidə
Xocalı soyqırımını diqqətə
çatdırır. O qeyd edir
ki, yüzlərlə uşaq,
qadın və yaşlıların qətlə yetirildiyi bu qətliam
müharibə və münaqişələrin mülki şəxslərə vurduğu
böyük ziyanların bariz
göstəricisidir. Azərbaycanın işğal olunmuş ərazilərindən
erməni qoşunlarının dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinin
indiyədək yerinə yetirilməməsinin təəssüf
doğurduğunu diqqətə
çatdıran D.Şuter
bu münaqişənin bu
gün Cənubi Qafqazdakı təhlükəsizliyə
ən böyük hədə olduğunu vurğulayır. Sonda mülki
əhalinin hədəfə alınmasını tamamilə qəbuledilməz
olduğunu qeyd edən
D.Şuter balaca Zəhra
və onun nənəsinin
öldürülməsini qətiyyətlə pislədiyini bildirir, Ermənistan prezidentini
bu dəhşətli cinayəti pisləməyə
və bu cinayəti törədənləri
tezliklə taparaq məsuliyyətə cəlb
etməyə, eləcə də belə faciələrin təkrarlanmaması
üçün müvafiq
tədbirləri görməyə çağırır.
Fuad Hüseynzadə
Palitra 2017.- 7 iyul.- S.11.