“Gənclərimiz
Almaniyada Azərbaycanımızı təbliğ
etmək üçün əllərindən
gələni edirlər”
Yavər Məmmədova:
“Mənim ətrafımdakı
bütün əcnəbilər Azərbaycan
haqqında məlumatlıdırlar”
Azərbaycanda orta və ali məktəblərdə ictimai fəal olan gənclərimiz xaricdə təhsil alarkən də bu fəaliyyətlərini davam etdirirlər. Bu cür potensiallı gənclər əcnəbilərə nümunədirlər. Elə müsahibimiz Yavər Məmmədova da Almaniyada öz təhsili, eyni zamanda ictimai aktivliyi ilə Azərbaycanı layiqli şəkildə təmsil edir. Qeyd edək ki, Yavər Məmmədova 2015-ci ilin oktyabr ayından Almaniyanın Würzburg şəhərinin Julius-Maximillians adına Universitetində Avropa Hüququ ixtisası üzrə magistr təhsili alır. O, 2013-cü il 7 iyun tarixində Yeni Azərbaycan Partiyasının V Qurultayında çıxış edərək gənclər adından Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. İlk Avropa Oyunlarının Könüllüsü olan Yavər Məmmədova 2015-ci ildə ilk gənc olaraq “Beynəlxalq Dünya İnsanı” mükafatına layiq görülüb. Ümumilikdə 15-ə yaxın beynəlxalq təlim və seminarlarda iştirak edib, sertifikatlar qazanıb.
-Yaşınızın az olmasına baxmayaraq, zəngin ictimai fəaliyyətiniz var. Bu haqda oxucularımızı məlumatlandırmanızı istərdik.
-Öncə qeyd edim ki, mən 1993-cü il 16 avqustda Bakı şəhərində anadan olmuşam. 4 yaşımda ikən indiki Tibb işçiləri evində “Erudit” adlanan kursa getmişəm. Orada musiqi, rəsm və ingilis dili ilə məşğul olurdum. Həmçinin Zabitlər Evində 2001-ci ilədək baletə getmişəm. 1999-cu ildə N.Tusi adına Gimnaziyada 1-ci sinfə getmişəm. Lakin sonradan musiqiyə həvəsim olduğu üçün 2-ci sinifdən Gimnaziyadan çıxıb Səbail rayonu Məmməd Rahim adına 7 saylı Pilot məktəbində təhsilimi davam etdirdim. Həmçinin də Qara Qarayev adına 8 saylı musiqi məktəbində piano üzrə təhsil almağa başladım. Beləliklə, 2000-2008-ci illərdə 7 illik Musiqi məktəbini bitirdim.
Məktəbdə oxuyarkən də ictimai fəaliyyət göstərmişəm. 2006-cı ildə Məktəb Şagird Parlamentində Mətbuat Komitəsinin sədr müavini, daha sonra Mətbuat Komitəsinin sədri və bir müddət sonra Parlamentin sədr müavini seçildim. 2008-2010-cu illərdə isə Məktəb Şagird Parlamentinin sədri kimi fəaliyyət göstərmişəm. Məktəbdə oxuyarkən müxtəlif fənn olimpiadalarında iştirak etmişəm.
2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul oldum. Fakültədə də ictimai fəaliyyətimi davam etdirdim. 2011-2013-cü illərdə Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatında Debat Klubun sədri, BDU-nun Debat Klubunun Fakültə üzrə Koordinatoru, Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA- European Law Student Association) Seminar və Konfransların təşkili üzrə vitse-prezidenti vəzifəsində çalışmışam. 2013-cü ildə Hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədri seçilib,
2015-ci ilədək fəaliyyət göstərmişəm. Beləliklə, fakültə tarixində ilk Qadın Həmkarlar sədri olmuşam.
Köln, Almaniyada 2013-cü ilin aprelində Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) 63-cü Beynəlxalq Şura iclasında nümayəndə kimi iştirak etmişəm.
2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Dövlət və Hüquq tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistraturaya qəbul oldum. Təhsilim müddətində 4-cü kursda oxuyarkən, 2-ci dəfə isə magistraturanın 1-ci kursunda (hansı ki, magistr olaraq bu mükafata layiq görülən ilk tələbə olmuşam) İlin Tələbəsi Mükafatına layiq görülmüşəm.
- Hazırda magistr işinizin mövzusu nədir?
-Hal-hazırda magistr təhsilimin sonuna yaxınlaşıram və
magistr işimi yazıram. Elmi rəhbərim universitetimizin
prorektoru, fakültəmizin
dekanı Prof. Dr. Eckart
Pachedir. Belə bir
insanın mənə
elmi rəhbərlik etməsi, əlbəttə
ki, mənim üçün böyük
bir uğurdur. Mövzum “Avropa vətəndaşlarının
3-cü dövlətlərdə Diplomatik və Konsulluq müdafiəsi”dir.
Mövzunu seçərkən
professorum bu mövzu haqqında hələ heç kəsin magistr işi yazmadığını,
çətin və maraqlı mövzu seçdiyimi bildirmişdi.
Ümid edirəm ki, bunun da öhdəsindən
uğurla gələcəm.
-Gənclərin xaricdə təhsil alması ölkə başçısının
"biz neft kapitalını
insan kapitalına çevririk" fikrinin nə dərəcədə
təzahürüdür?
- Təbii ki, “Neft kapitalını insan kapitalına çevirmək” ideyası
çox uzaqgörən
siyasətin nəticəsidir.
Bir dövlət üçün
insan kapitalı çox vacibdir. Amma bu insan kapitalının
savadlı və dünyagörüşlü olması,
fikrimcə, daha mühüm və əhəmiyyətlidir. Təbii ki,
bunları vətənimiz
Azərbaycanda da əldə etmək olur. Amma xaricdə təhsil alan gənclərimiz
savad və dünyagörüşü ilə
yanaşı, həm də digər gənclərdən fərqli
olaraq öncə mükəmməl dil bilikləri və təbii ki, düşüncə tərzi
ilə fərqlənir.
Bu gənclər olduğu ölkənin mühitinə alışır
və Vətənə
qayıdarkən də
bu mühiti Vətəndə yaratmaq istəyirlər. Nəzərə alsaq ki, gənclərimizin
əksəriyyəti qabaqcıl
ölkələrdə təhsil
alırlar. Bu özü də Azərbaycanımızın inkişafına
çox böyük təsir edir. Daha bir məqam isə kadrlarla bağlıdır. Elə sahələr
var ki, onlar
hələ Azərbaycanda
ya heç yoxdur, ya da
inkişaf etməyib.
İş bazarında isə
həmin kadrlara ehtiyac var. Dövlət məcburən xaricdən mütəxəssis dəvət
edir. Bu isə
baha başa gəlir. Niyə də bu mütəxəssislər elə
bizim özümüzdən
olmasın?! Gənclərimiz həmin sahələri xaricdə öyrənərək
gələcəkdə Azərbaycanda
da bu sahənin
yaranmasına və inkişafına zəmin yaradır və mütəxəssislər yetişir.
Çox
istərdim ki, Xaricdə təhsillə bağlı Dövlət Proqramı bərpa olunsun və bu proqram bütün
sahələri əhatə
etsin. Bu proqram yuxarıda sadaladıqlarıma bir dəstəkdir.
-Azərbaycan gəncliyi Avropada hansı keyfiyyətilə seçilir?
-Azərbaycan gəncliyi,
ilk öncə öz savadı, vətənpərvərliyi,
mülayimliyi, tolerantlığı,
hər kəslə yaxşı yola getməsi ilə seçilir. Şəxsən mənim ətrafımdakı
bütün əcnəbilər
Azərbaycan haqqında
məlumatlıdırlar. Hətta Azərbaycan dilini öyrənməyə də
cəhd edirlər.
Onlar azərbaycanlıları dostcanlı,
qonaqpərvər, dünyagörüşlü,
mehriban biri kimi görürlər.
-Gənclərimiz Almaniyada
təbliğat işində
lazımi həmrəylik
göstərirlərmi?
- Təbliğat işləri,
əsasən, daha çox böyük şəhərlərdə aparılır.
O şəhərlərdə azərbaycanlılar çoxdur.
Amma gənclərimiz Almaniyanın
istənilən şəhərində
Azərbaycanımızı təbliğ etmək üçün əllərindən
gələni edirlər.
İstər təşkilatlanmış şəkildə, istərsə
də ayrı-ayrı.
-Adətən, Avropada demokratiyadan danışanda
insan haqlarını önə çəkirlər.
Gələcəyin hüquqşünası olaraq necə düşünürsüz, Avropa,
həqiqətən, insan
haqlarını müdafiə
edirmi?
- Avropa üçün ən birinci öz mənafeləri, öz vətəndaşlarıdır.
Bu zaman, lazım
gəlsə, digər
vətəndaşların hüquqlarını
pozmağa belə hazırdır. Avropa ən
əsas insan hüquqlarından biri olan ayrı-seçkiliyin qadağasına əməl
etmir. Burada yaşadığım müddətdə dəfələrlə
dini, irqi, milli ayrı-seçkiliyi görmüşəm və
şəxsən yaşamışam.
Amma etiraf etməliyik ki, öz dövlətləri
daxilində və vətəndaşları çərçivəsində,
bu baxımdan heç bir problem yoxdur və hətta deyə bilərik ki, ola da bilməz. Bunun isə əsas
səbəbini avropalıların
hüquq düşüncəsinin
yüksək olmasında
görürəm. Onlar təkcə
hüquqlarını deyil,
həmçinin vəzifələrini
də çox gözəl bilirlər və həddən artıq dürüstdürlər.
-Almaniyada hansı diaspor üzvləri ilə əməkdaşlıq
edirsiz?
- Etiraf etməliyəm ki, dərslərlə bağlı o qədər
də vaxtım olmur. Məhz bu səbəbdən
individual olaraq özüm
Azərbaycanımızın təbliğatı ilə
məşğul oluram.
Amma Bonn şəhərində Alman-Azərbaycan
Dostluq Cəmiyyətinin
sədri Naibə Hacıyeva ilə əlaqəm var və onun tədbirində
iştirak etmişəm.
- Ümumiyyətlə, təhsilinizlə
yanaşı, nə kimi ictimai fəallıq
göstərirsiz?
-Almaniyada yaşadığım
müddətdə tək
olsam da, Xocalı ilə bağlı əlimdə bayrağımız və
“Xocalıya ədalət”
şüarı ilə
gəzmiş, Almaniya Parlamenti “erməni soyqırımı”nı tanıyarkən
türk qardaşlarımızla
buna etiraz etmiş, Xocalı faciəsinin dəhşətlərini
əks etdirən fotoları iştirakçılara
paylamış, “Soyqırımı
görmək istəyirsənsə,
Xocalıya bax!” şüarının deyilməsinə
nail olmuşam. Bundan başqa,
dəfələrlə milli
mətbəximizin nemətlərini
bişirərək əcnəbi
dostlarımı dəvət
edib Azərbaycan gecələri təşkil
etmişəm.
Şəhərimizdə keçirilən moda həftəsində şəhərdə
milli paltarımızı
geyinərək mədəniyyətimizi
təbliğ etmiş,
maraqlanan hər kəsə məlumat vermişəm.
2017-ci ilin mart ayında
Alman- Azərbaycan Dostluq Cəmiyyətinin almanlar üçün təşkil etdiyi Azərbaycan haqqında tədbirə dəvət
almış, Novruz bayramı, adət-ənənələrimiz
haqqında almanca çıxış etmişəm. Mənimlə gələn alman dostumun azərbaycanca təşəkkür etmək
istəyini nəzərə
alaraq, onun azərbaycanca danışmasına
köməklik etmişəm.
Beləliklə, o tələbə bütün almanların qarşısında Azərbaycan
haqqında yeni biliklər əldə etdiyi üçün öz təşəkkürünü
ilk əvvəl azərbaycanca,
sonra isə almanca bildirmiş və Azərbaycan dilini öyrənmək istədiyini demişdir.
Fuad Hüseynzadə
Palitra 2017.- 8 iyul.- S.7.