Adilikdə böyüklük nümunəsi
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Azərbaycan
iqtisad elminin müasir inkişafında mühüm rolu
olanlardan biri də Naxçıvan Dövlət Universitetinin
“İqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri
doktoru, professor Ağarza Rüstəmovdur.
Mütəxəssislər
onu ölkəmizdə sosial sahənin və aqrar sektorun
iqtisadiyyatının əsas tədqiqatçılarından
biri, tanınmış ali məktəb
işi təşkilatçısı kimi tanıyırlar.
Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli
(keçmiş Şərur) rayonundakı Qıvraq kənd
orta məktəbinin məzunu Ağarza Ağahəsən
oğlu Rüstəmov 1975-ci ildə Azərbaycan Dövlət
Xalq Təsərrüfatı İnstitutunu Siyasi iqtisadi
ixtisası üzrə fərqlənmə diplomu ilə
bitirmişdir.
Azərbaycan iqtisad elminin inkişafında
böyük rolu olmuş görkəmli iqtisadçı alim,
professor Ələsgər Qasımov onu iqtisadi nəzəriyyə
üzrə yüksək hazırlıqlı tələbələrdən
biri kimi fərqləndirmişdir. Ağarza
Rüstəmovun taleyində tanınmış
iqtisadçı, böyük pedaqoq və geniş
dünyagörüşə malik ziyalı Ağayar Həsənovun
mühüm xidmətləri olmuşdur. O, professor Ələsgər
Qasımovdan iqtisad elmini, Ağayar müəllimdən isə
həyatı, ziyalılığı, müəllimliyi
öyrənmişdir.
Naxçıvan Dövlət Universiteti Ağarza Rüstəmovun
tərcümeyi-halında xüsusi mərhələ təşkil
edir. Onun
elmi-pedaqoji fəaliyyəti bütünlüklə ölkəmizin
bu ali məktəbinə
bağlıdır. Ağarza Rüstəmov
Naxçıvan Dövlət Universitetində yüksək
ixtisaslı iqtisadçı kadrların hazırlanmasında,
yeni elmi nəslin formalaşmasına 40 ildən çoxdur ki,
ürəklə xidmət edir. O, Azərbaycan SSR Ali və
Orta İxtisas Təhsili Nazirliyinin təyinatı ilə 1975-ci
ildə Naxçıvan Dövlət Universitetinə göndərilmişdir.
Bu ali təhsil ocağında o, universitet həyatının
bütün mərhələlərinin sınaqlarından
uğurla keçmişdir. Ağarza müəllim
Naxçıvan Dövlət Universitetində kabinə rəhbərliyindən
müəllimliyə, kafedra müdirliyinə, fakültə
dekanlığına qədər şərəfli və məsuliyyətli
yol keçmişdir. Bu mərhələlərin
hər birində o, tutduğu vəzifədə həmişə
sabitliyi və tarazlığı qoruyub saxlamağı,
ümumi inkişafa fayda verməyi əsas məqsəd kimi qəbul
etmişdir. İctimai və elmi-pedaqoji
mühitin tarazlı inkişafına xidmət etməklə
Ağarza Rüstəmov çalışdığı
kollektivdə birlik və sağlam əməkdaşlıq
şəraitinin formalaşdırılmasına öz töhfəsini
vermişdir. Sabitlik və inkişaf baxımından o, həmişə
tərəzinin ağır gözü funksiyasını yerinə yetirmişdir. Beləliklə, Naxçıvan Dövlət
Universitetində Ağarza müəllim mühüm
tarazlıq nöqtələrindən biri kimi qəbul
olunmuşdur. Bu isə onun ətrafında
tədris işinin və elmi mühitin təkamül yolu ilə
inkişaf etməsinə kömək etmişdir.
Naxçıvan Dövlət Universitetində Ağarza
Rüstəmovun elmi-pedaqoji fəaliyyətinin özünəməxsus
izləri vardır. O, Naxçıvan Dövlət Universitetində iqtisad
üzrə ən gənc elmlər namizədlərindən
biri olmuşdur. Ağarza Rüstəmovun 6 dekabr
1990-cı ildə Bakı Dövlət Universitetinin Dissertasiya
şurasında “Elmi-texniki tərəqqi şəraitində əsas
istehsal fondlarının sürətləndirilməsi problemləri”
mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasında
iqtisad elmi üçün aktual və əhəmiyyətli
olan bir problem özünün elmi həllini
tapmışdır. Onun 2005-ci ildə Azərbaycan Elmi-Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı
İnstitutunda “Yeni münasibətlər şəraitində əhalinin
maddi rifahının yüksəlməsinin iqtisadi problemləri”
mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası
müstəqillik dövrü Azərbaycan iqtisad elmində
sosial sahənin iqtisadiyyatına həsr edilmiş əhəmiyyətli
elmi əsərlərdən biridir. İqtisad
elmində çox vaxt arxa planda qalan sosial sferanın
iqtisadiyyatının müasir problemləri bu elmi tədqiqat
işində ilk dəfə olaraq əsaslı şəkildə
araşdırılıb təhlil edilmiş və ümumiləşdirilmişdir.
Ağarza Rüstəmovun irəli
sürdüyü təkliflər və tövsiyələr həm
müstəqillik şəraitində ölkəmizdə sosial
sahənin yenidən qurulmasına, həm də iqtisad elminin
sosial istiqamətinin inkişaf etdirilməsinə öz
töhfəsini vermişdir. Onun sosial
iqtisadiyyata həsr olunmuş elmi əsərləri bu problemin
müxtəlif aspektlərinə aydınlıq gətirən əhəmiyyətli
tədqiqatlardır.
Ağarza
Rüstəmovun hazırlayıb nəşr etdirdiyi “Kənd
yerlərində aztəminatlı əhalinin sosial müdafiəsinin
yaxşılaşdırılması istiqamətləri”
(2001), “Əhalinin rifah halının
yaxşılaşdırılmasında sosial-iqtisadi
inkişafın istiqamətləri” (2002), “Respublikada əhalinin
maddi rifahının yüksəldilməsinin iqtisadi problemləri”
(2003), “Kənd əhalisinin maddi-məişət şəraitinin
yaxşılaşdırılması problemləri” (2003), “Bədən
tərbiyəsi və idmanın iqtisadiyyatı” (2010) kimi tədqiqat
əsərləri ölkəmizdə bu sahə üzrə əsas
elmi mənbələr sırasına daxildir. Ağarza
Rüstəmov elmi cəhətdən əsaslandırmışdır
ki, dövlət müstəqilliyi sosial-iqtisadi sahəni real həyatın
və böyük elmin ön mövqeyinə
çıxarmışdır. Onun fikrincə,
Azərbaycan Respublikasının iqtisadiyyatı sosial
yönlü olub, əsas hədəfləri etibarı ilə
mənsub olduğu xalqın rifah halının daha da
yaxşılaşdırılmasına xidmət edir. O,
haqlı olaraq Azərbaycan Respublikasının Dövlət
Büdcəsinin sosial yönlü büdcə kimi
formalaşması ənənəsinin sabitləşmiş bir
siyasətə əsaslanmasını Azərbaycan
xalqının ümummilli lideri, görkəmli dövlət
xadimi Heydər Əliyevin adı ilə bağlı olan tarixi
xidmət kimi qiymətləndirir.
Ağarza Rüstəmovun “Bazar və bazar mexanizmləri”
(2002), “Biznesin əsasları” (2008), “Aqrar sahənin
inkişafının regional problemləri” (2013) monoqrafik tədqiqatlarında
da qarşıya qoyulmuş problemin geniş öyrənilib
araşdırılması ilə yanaşı, son nəticədə
sosial yönlü iqtisadi siyasətin ana xətlərinə
doğru inkişafın təmin olunması məsələlərinə
də xüsusi diqqət yetirilir. Son 40 ildən artıq
bir dövrdə çap etdirdiyi 120-dən çox elmi məqalələrində
də əsas etibarilə sosial yönlü aqrar siyasət və
biznes mühiti məsələlərinə dair müasir
baxışlar öz əksini tapır. Ağarza
Rüstəmovun tədqiqatları nəzəri
araşdırmalarla praktikadan gələn, təcrübə ilə
təsdiq olunmuş müddəalar üzərində
qurulduğu üçün elmi əhəmiyyət daşımaqla
yanaşı, həm də həyati əsaslara malik
araşdırmalar olaraq inkişaf proseslərinə kömək
edə bilir.
Professor
Ağarza Rüstəmov tələbə gənclərlə
işləməyə ürəkdən bağlı olan ali məktəb işçisidir. O, XX əsrin
yetmiş-səksəninci illərində o zaman geniş
yayılmış tələbə inşaat dəstələrinə
bacarıqla rəhbərlik etmiş, Azərbaycandan kənarda,
daha çox isə Rusiyanın ucqar vilayətlərində
Naxçıvandan olan tələbələrin səmərəli
işini yüksək səviyyədə təşkil etmək
vəzifələrini layiqincə yerinə yetirmişdir.
Naxçıvan Dövlət Universitetində ali
məktəb səviyyəsində, xüsusən İqtisad
fakültəsində tələbə elmi cəmiyyətinin
işinə dəstək verməklə o, yeni nəsil
iqtisadçı alimlərin yetişib formalaşmasına zəmin
hazırlamışdır. Doktorantura təhsili alanlar
üçün isə iqtisad elmləri doktoru, professor
Ağarza Rüstəmov qaygıkeş elmi rəhbər,
xeyirxah məsləhətçi, geniş ürəkli bələdçidir.
Gənc tədqiqatçıların
Azərbaycanda və onun hüdudlarından kənarda məqalələrinin
çapı, onların beynəlxalq elmi konfranslarda
iştirakının təmin edilməsi, dissertasiyalara rəylərin
alınması, rəsmi opponentlərin tapılması və
sair kimi görünən və görünməyən məsələlərin
həllində professor Ağarza Rüstəmovla müqayisə
edilə biləcək elmi rəhbər tapmaq çətindir.
Hazırda Naxçıvan Muxtar Respublikasında müxtəlif
elmi qurumlarda və ali məktəblərdə
çalışan elə bir iqtisadçı tapmaq çətindir
ki, onun inkişafında Ağarza müəllimin rolu, zəhməti
olmamış olsun. Professor Ağarza Rüstəmovun
birbaşa elmi rəhbərliyi ilə namizədlik
dissertasiyası müdafiə edərək iqtisad elmləri
namizədi alimlik dərəcəsi almış Rəhman Məmmədov,
N.Məmmədov, Zaur Tağıyev, A.Rüstəmova,
Ə.Ağayev, Ramil İsmayılov, Əşrəf Ələkbərov,
Flora Ələsgərova, Elnur Bağırov, Cavadxan
Qasımov, Vüqar Abbasov və başqaları hazırda
dövlət idarəetməsində, ali məktəblərdə,
elmi-tədqiqat müəssisələrində, habelə
özəl sektorda uğurla fəaliyyətlərini davam
etdirirlər.
İqtisad
elmləri doktoru, professor Ağarza Rüstəmovun
həyatında onun 1994-2004-cü illərdə
Naxçıvan Dövlət Universiteti İqtisad fakültəsinin
dekanı kimi göstərdiyi fəaliyyət xüsusi yer
tutur. O, yeni qurulmuş İqtisad fakültəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsinə, kadr
potensialının gücləndirilməsinə, istehsalatda əlaqələrin
formalaşdırılmasına böyük diqqət
yetirmiş, bir çox hallarda bu işlərin ilk
addımlarını atmış, əsaslarını
yaratmışdır. Ölkəmizin paytaxtından
tanınmış iqtisadçı alimlərin İqtisad
fakültəsində tədrisə cəlb olunması, yaxud
elmi rəhbər və ya rəsmi opponent olaraq cavan tədqiqatçılara
yol göstərməsi istiqamətində Ağarza Rüstəmovun
apardığı iş Naxçıvanda yüksək
ixtisaslı iqtisadçı kadrların hazırlanmasına
sanballı xidmətə çevrilmişdir. Etiraf
etmək lazımdır ki, o vaxtlar İqtisad fakültəsinin
yaradılması və formalaşdırılması
üçün bu işlər olduqca zəruri idi.
Naxçıvan Dövlət Universiteti İqtisad fakültəsinin
dekanı, professor Ağarza Rüstəmovun
apardığı çoxcəhətli iş muxtar respublika rəhbərliyinin
iqtisadçı kadrların hazırlanması istiqamətində
qarşıya qoyduğu məsuliyyətli vəzifələrin
həyata keçirilməsində mühüm addımlar
olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ardıcıl olaraq hərtərəfli şəkildə göstərdiyi böyük qayğının nəticəsində bu gün Naxçıvan Dövlət Universiteti, o cümlədən də İqtisad fakültəsi Azərbaycan Respublikasının əsas elm və ali təhsil mərkəzlərindən biri kimi qəbul olunur. Bu yaxınlarda Naxçıvan dövlət Universitetinin üçüncü dəfə ölkəmizin ali məktəbləri arasında birinci yerə çıxması muxtar respublikada aparılmış məqsədyönlü dövlət siyasətinin və ciddi elmi-təşkilati tədbirlərin qanunauyğun məntiqi nəticəsidir.
Ağarza Rüstəmov artıq on ildən çoxdur ki, Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri kimi fəaliyyətini uğurla davam etdirir. Bu kafedra universitetdə tədris işinin təşkilinə öz töhfəsini verməklə bərabər, həm namizədlik və doktorluq dissertasiyalarına rəy verən ölkə miqyaslı aparıcı müəssisələrin sırasına daxil edilmişdir. Ağarza Rüstəmovun hazırlayıb nəşr etdirdiyi tədris-metodiki ədəbiyyatlar, dərs vəsaitləri və proqramlar, metodik göstəricilər tələbələrin və magistrların əlindən tutur, onlara bələdçilik edir.
Ağarza Rüstəmovu ölkəmizin elmi ictimaiyyəti ilə yanaşı, yaxın və uzaq xarici ölkələrin iqtisadçı alimləri də tanıyır, ona ehtiramla yanaşırlar. Ağarza müəllimin Rusiyada, Türkiyədə və Özbəkistanda çap olunmuş 17 elmi məqaləsi onun elmi tədqiqatlarının əhatə dairəsinin genişliyini göstərir. Tempus proqramı çərçivəsində professor Ağarza Rüstəmovun da yaxından iştirak etdiyi layihələr İqtisad fakültəsi müəllim və tələbələrinin üfüqlərinin daha da genişlənməsinə şərait yaradır.
Çoxillik və səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov “Tərəqqi” medalı ilə təltif olunmuşdur. “Avropa” nəşriyyat və mətbuat evi onu “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalına layiq görmüşdür. O, 2013-cü ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü seçilmişdir. Professor Ağarza Rüstəmov bir çox elmi jurnalların redaksiya heyətinin üzvüdur.
Şəxsi keyfiyyətləri ilə də Ağarza Rüstəmovun özünəməxsusluqları vardır. Uzun illərin müşahidələrindən sonra deyə bilərəm ki, mənəvi ucalıq, etibar, sadəlik və xeyirxahlıq Ağarza müəlimin xarakterini səciyyələndirən əsas keyfiyyətlərdən biridir. Onun keçdiyi şərəfli və məsuliyyətli ömür yolunu adilikdə böyüklük nümunəsi kimi xarakterizə etmək olar.
İqtisad elmlər doktoru, professor Ağarza Rüstəmov həyatının mənasına çevrilmiş və 50 yaşı tamam olmuş Naxçıvan Dövlət Universitetində iqtisadçı kadrların hazırlanmasına xidmət etmək yolunu şərəflə davam etdirməkdədir. Ömrünün 42 ilini həsr etdiyi Naxçıvan Dövlət Universiteti onun özünün də yüksəlişinə, tanınmasına böyük yol açmışdır. Professor Ağarza Rüstəmov iş yoldaşları, həmkarları, dostları, yetirmələri və tələbələri ilə birlikdə 65 yaşını qeyd edir. Tanınmış iqtisadçı alim və pedaqoq, etibarlı dost olan Ağarza Rüstəmovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uğurlar arzu edirik.
5 iyul 2017-ci il
Palitra 2017.- 11 iyul.-
S.13.