Füzulidəki təxribat Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoydu

 

Səfir: “Ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında İslam abidələrini, o cümlədən məscidləri, ziyarətgahları məhv ediblər”

 

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi son təxribatdan sonra beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti işğalçı ölkənin əməllərini qınadı. Amma Ermənistanın işğalçı siyasəti haqqında hələ də təbliğati işlərə ciddi ehtiyac var, dünya mediasının bu istiqamətdə yazılar yazması üçün görüləcək işlər çoxdur. Bunun üçün diaspor təşkilatları, xaricdə yaşayan azərbaycanlılar və diplomatlarımız da aktiv fəaliyyət göstərməlidirlər. Belə aktiv işlər görən səfirlərimizdən biri Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadədir. Belə ki, səfir bu ölkənin “Waqt Tvteleviziya kanalının “Embassy Road” proqramına müsahibə verərək son olaylar haqqında da söz açıb.

Səfir Azərbaycan-Pakistan münasibətlərinin ötən dövr ərzində hər iki ölkə rəhbərlərinin diqqət və qayğısı nəticəsində inkişaf etdiyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təcavüzkar dövlətin təmas xəttindəki təxribatları, Xocalı soyqırımı haqqında məlumat verən səfir ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında İslam abidələrini, o cümlədən məscidləri, ziyarətgahları məhv etdiyiniya təhqirə məruz qoyduğunu diqqətə çatdırıb. Azərbaycanın erməni terrorizmi və ekstremizmindən hələ də əziyyət çəkən bir ölkə olduğunu qeyd edən səfir dünya ölkələrinin, xüsusən İslam ölkələrinin dəstəyinin, münaqişəyə ədalətli yanaşmasının önəmli olduğunu vurğulayıb, Azərbaycan torpaqlarının işğal etməsinə görə Pakistanın Ermənistanı bir dövlət kimi tanımamasının yüksək qiymətləndirildiyini bildirib.

Səfir ikitərəfli əlaqələrə və regional məsələlərə dair aparıcının digər suallarını cavablandırıb, Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə bağlı Pakistan xalqına təbriklərini və xoş arzularını çatdırıb.

Özbəkistanda da erməni vandalizmi ilə bağlı daim təbliğati işlər aparılır. Buna misal olaraq Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlılar adından Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndindəki təxribatları ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Parlamentinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlamasını göstərmək olar.

Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı bütün dünyada yaşayan azərbaycanlılar kimi Özbəkistandakı azərbaycanlıları da dərindən sarsıdıb.

Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyevaonun iki yaşlı nəvəsi Zəhra qətlə yetirilib, Sərminaz Quliyeva isə ağır yaralanıb.

Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, beynəlxalq humanitar hüququninsan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına dairinsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.

Bəyanatda beynəlxalq qurumlar təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırılır.

Biz bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bəyan edirik ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyirik. Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək.

Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”,-deyə bəyanatda vurğulanır.

 

Ermənistanın səfirlikləri qarşısında etiraz aksiyaları təşkil edilib

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın acı nəticələrinə etiraz olaraq bu ökənin xaricdəki səfirlikləri qarşısında da etiraz aksiyaları təşkil olunub.

Belə aksiyalardan biri Ermənistanın Almaniya Federativ Respublikasındakı Səfirliyi önündə təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dünya Azərbaycanlılar Assambleyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə keçirilən Aksiyada iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi əhalisinin və mülki obyektlərinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Soydaşlarımız bu hadisəni Ermənistan dövlətinin təcavüzkar və terrorçu mahiyyətini əks etdirdiyini vurğulayıblar.

Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Çıxış edənlər xarici ölkələrdə, o cümlədən Almaniyada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Qeyd olunub ki, dinc sakinlərin həlak olması faktlarının təkrarlanması bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu regionda sülhün təmin olunmasına, münaqişənin danışıqlar masası arxasında həll edilməsinə maneə yaradan başlıca amildir.

Soydaşlarımız Azərbaycan dövlətinin ölkənin ərazi bütövlüyünün bərpası yönündə bütün addımlarını dəstəklədiklərini ifadə ediblər. Bildirilib ki, bu hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və hiddətinə səbəb olmuşdur.

Daha sonra işğalçı ordunun bugünə qədər dəfələrcə uşaq ölümlərinə səbəbkar olması və yüzlərcə uşağı qətl etməsinə etiraz olaraq səfirliyin giriş qapısına gəlincik buraxılmışdır. Bu addımın simvolik mənası həm də ondan ibarətdir ki, bugün Ermənistan cinayətkar hakimiyyəti oyuncaqları ilə oynamalı olan körpələri qətl edir.

Piketin sonunda iştirakçılar adından Ermənistan hakimiyyətinə etiraz bəyanatı səfirliyin poçt qutusuna atılıb.

Daha bir etiraz aksiyası isə Ermənistanın Londondakı səfirliyi qarşısında təşkil olunub. İki yaşlı Zəhranın qanlı cəsədinin fotosunu yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə əzilmiş və qana bulaşmış uşaq müqəvvaları qoyublar.

TEAS-dan verilən məlumata görə, bu rəmzi aksiyanı diaspor üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər.

"Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunmuş “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Ermənilərin mənfurcasına törətdikləri bu vəhşilik Böyük Britaniya, Fransa, BelçikaAvropa Parlamentinin üzvləri, eləcə də BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.

Bu insan faciəsi gündəmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir", - deyə məlumatda bildirilir.

Tural Tağıyev

 

Palitra  2017.- 11 iyul.- S.11.