“Naxçıvanın turizm
potensialının tanıdılmasında medianın rolu“ mövzusunda konfrans keçirilib
Naxçıvanda olan tarixi abidələrin təbliği ilə daha çox turist cəlb etmək olar
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültəsinin inzibati binasının akt zalında "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ölkənin aparıcı media rəhbərlərinin Naxçıvana ikinci dəfə səfər etdiyini bildirib. O deyib ki, ötən ilin oktyabr ayında da KİVDF-nin həyata keçirdiyi layihə çərçivəsində media rəhbərləri 20 nəfərlik heyətlə Naxçıvana səfər ediblər. V. Səfərli ötən il baş tutan səfərin Naxçıvan Muxtar Respublikasının ali orqanları ilə media arasında əlaqələrin genişləndirilməsi məqsədini daşıdığını söyləyib. İcraçı direktor budəfəki səfərin məqsədinin isə Naxçıvanın turizm potensialının tanıdılmasında medianın köməyindən istifadə etməkdən ibarət olduğunu bildirib. V. Səfərli Naxçıvanın böyük turizm potensialına malik olduğunu söyləyib: "Biz ötən səfərimizdə də Naxçıvanın tarixi və mədəni abidələrlə zənginliyinin, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün Naxçıvanda turistləri maraqlandıran Duzdağ Fizioterapiya Mərkəzi var ki, bu şəfa ocağının potensialından lazımınca istifadə olunmur. Bizim Naxçıvana səfərimizin məqsədi də bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə Naxçıvan Muxtar Respublikasına dəstək olmaqdır".
Muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilir
Daha sonra konfransda Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva çıxış edib. Ş. Şirəliyeva Naxçıvan Muxtar Respublikasında KİV-in hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib. Ş. Şirəliyeva Naxçıvanda azad mətbuatın inkişafının, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılmasının diqqətdə saxlanıldığını söyləyib: " Muxtar Respublikada televiziya və qəzetlər ən müasir avadanlıqlarla təmin edilib. Hazırda muxtar respublikada "Şərq qapısı" ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziyası və radiosu daxil olmaqla 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir. "Universitet" televiziyası və "Naxçıvan" radiosu həftənin üç günü kabel şəbəkəsi vasitəsilə universitet şəhərciyində, eləcə də açıq formada Naxçıvan şəhərində yayımlanır. Ölkəmizdə və dünyada nəşr olunan 100-dən artıq qəzet və jurnal abunə yolu və mətbuat yayımı vasitəsilə muxtar respublika əhalisinə çatdırılır. Naxçıvan Dövlət Televiziyasının, "Şərq qapısı" qəzetinin internet saytlarının istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziyası və Radiosunun internet üzərindən bütün dünyaya yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agentliklərinin müxbir postlarının faəliyyət göstərməsi Naxçıvanda informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə çatdırılmasına imkan verir. Müasir dövrdə azad mətbuatın inkişafını internet olmadan təsəvvür etmək mümkün deyil. Son illər muxtar respublikada yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, 4-cü nəsil mobil rabitə şəbəkəsinin, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin istifadəyə verilməsi, yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilməsi, sürətli internetə çıxış imkanlarının yaradılması informasiyaların daha çevik formada əldə olunmasına, ötürülməsinə və yayılmasına imkan verir. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilir. Muxtar respublikanın yaşayış məntəqələrində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilib, quraşdırılan yeni nəsil telekommunikasiya sistemi üzərindən də televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Naxçıvan Muxtar Respublikasında rəqəmsal televiziya vericiləri quraşdırılıb ki, bu xidmət vasitəsilə 67 televiziya proqramının yayımı, Naxçıvan Dövlət Televiziyasının isə ölkədə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilib”. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında ali təhsilli jurnalist kadrların hazırlanması xüsusi yer tutur. Hazırda muxtar respublikada jurnalistika sahəsi üzrə kadr hazırlığı 50 illik zəngin tarixə malik olan Naxçıvan Dövlət Universitetində həyata keçirilir. Ötən dövrdə jurnalistika ixtisasını 200-ə yaxın tələbə bitirib. Natiq bildirib ki, Naxçıvanın turizm potensialının təbliğini gələcəyin jurnalistlərinə dərindən öyrətmək, onlarda bu sahə üzrə peşə vərdişi formalaşdırmaq üçün səylə çalışırlar: "Lakin bu işdə bir məsələ diqqətdə saxlanılmalıdır ki, o da turistlərə onların dilində təbliğat aparmaqdır. Juralistika ixtisasında xarici dillərin tədrisinə üstünlük verilməsi, tələbə-jurnalistlərin bir və ya bir neçə xarici dili bilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Naxçıvana il ərzində 400 mindən artıq turist səyahət edir
Konfransda çıxış edən Naxçıvan Universitetinin iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov Naxçıvan Muxtar Respublikasının ölkəmizin mühüm turizm mərkəzlərindən olduğunu söyləyib: "Muxtar Respublikanın turizm potensialı turistlərin və bura ilə maraqlanan hər kəsin diqqətini cəlb edir. Keçmiş İttifaq dövründə sərhədyanı bir region kimi xarici turistlərin üzünə bağlı olmuş muxtar respublika indi hər yerdən gəlmiş turistlərlə dolub daşır. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələri qəbul edən beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir komfort standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoran müəssisələri, qədim və zəngin tarixi-mədəni irs, turistlərin muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait Naxçıvana gələn turistlərin sayını artırıb. Hazırda il ərzində 400 mindən artıq turistin səyahət etdiyi Naxçıvan, dövlət başçılarının işgüzar görüşlər keçirdiyi, tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini-ziyarət məqsədilə səyahət edən turistlərin ən çox müraciət etdikləri məkana çevrilib. Formalaşan turizm potensialından bəhrə götürmək üçün tələb olunan çox ciddi təşkilati-kadr məsələləri ilə yanaşı, sözsüz ki, təbliğat mexanizminin də səmərəli olması mühüm amildir. Bu baxımdan, hesab edirik ki, məhz məqsədyönlü şəkildə həyata keçirilən təbliğat vasitəsilə bu gün turizmdən əldə olunan nəticələri dəfələrlə yaxşılaşdıra bilərik".
Ə. Cabbarov
Naxçıvanın turizm ehtiyatları
barəsində informasiyanın dünyada
yayılması məsələlərinə təkcə bu istiqamətdə işlər görməklə
arzuedilən nəticələrə çatmağı
düşünməyin çox çətin
olduğunu söyləyib: "Dünya təcrübəsi göstərir ki, geniş səyahət
təcrübəsinə malik olan bir turistin
paylaşdığı müsbət təəssüratın
yaratdığı motiv çox
zaman birtərəfli olaraq
həyata keçirilən təbliğatdan daha
çox təsirli olur.
Buna görə də peşəkar, yəni
çox səyahət edən turistlərə
yönəlmiş təbliğat mexanizminin
qurulmasına bu istiqamətdə ən səmərəli
vasitə kimi baxmaq olar. Turizmin təbliğat işində, xüsusən, media vasitəsilə həyata keçirilən
təbliğatyönümlü işlərdə uğur qazanmaq üçün müasir
tələbkar turistin profilinin
yaxşı öyrənilməsi, başqa
sözlə, onun tələbini, maraq və mənafelərinin nəzərə
alınması lazımdır. Misal üçün,
bu gün dünyada geniş
yayılmış, ancaq
yaşadığımız regionda hələ
də çox tətbiq olunmayan
sosial turizmə baxdıqda
Naxçıvan Duzdağına müalicə üçün
gələn vətəndaşlar və Ağbulaq
İstirahət Mərkəzinə müxtəlif kateqoriyalardan olan uşaq və gənclər üçün sosial tur paketlərinin təklifi
Naxçıvanın turizm imici və turistlərin də marağı
baxımından çox uğurlu
təbliğat obyektidir”. O qeyd edib ki,
media nümayəndələri, birbaşa turizmin təbliği
ilə məşğul olan jurnalistlər
istər informasiya saytlarında və elektron mediada, istərsə
də sosial şəbəkələrdə
mədəniyyətlərarası dialoqun
elçiləri kimi müasir
turistlərin diqqətini Naxçıvanın təkcə
yerləşdiyi mövqeyə deyil,
həm də malik olduğu
tarixi zənginliklərə və
xalqımıza xas milli
adətlərə yönəltməyi bacarmalıdırlar. Konfransda “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “APA
Holdinq”in prezidenti Vüsalə Mahirqızı
çıxış edərək Naxçıvanın turizm imkanlarından söz
açıblar. Qonaqlar muxtar
respublikanın turizm potensialının daha çox təbliğ
olunması üçün müxtəlif
təkliflər səsləndiriblər. N.Əliyev öz çıxışında
Naxçıvanda tarixi abidələrin təbliği
ilə daha çox turist cəlb etməyin mümkünlüyünü
vurğulayıb. Konfrans
qarşılıqlı müzakirələrlə davam edib. Tədbirin sonunda universitetin jurnalistika fakültəsinin tələbələri
də öz fikirlərini səsləndiriblər.
Nigar
Palitra 2017.- 1 iyun.- S.5.