Parisdə Vaqif Səmədoğlunun
kitabının təqdimatı keçirilib
Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub. Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub.
"Kaspi”yə verilən məlumata görə, xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbiri Paris Azərbaycan Evinin sədri Azərbaycanın Dostları Assosiyasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq ilk öncə təşkilatın fəaliyyəti və tədbirin məqsədi barədə qonaqlara məlumat verib. O, Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atasi, məşhur söz ustası Səməd Vurğunun poeziyasından qaynaqlansa da belə onun şer tərzini təkrarlamayaraq yeni bir tərz yaradıcısı oldugunu vurğulayıb.
Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına baxmayaraq öz şeri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın geniş rəğbətini qazandığını deyib. Səfir, şairin məşhur "Doğuldum 1939-da, 1937-də tutuldum” misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını deyib.
Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak edib.
Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şerləri haqqında təəsüratlarını tamaşaçılarla bölüşüb.
Daha sonra tarixçi, şair, 25 ildən artıq poeziyaya həsr olunmuş radio programının müəllif və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və Vaqif Səmədoğlunun da məhz əcdadlarından miras qalan bir vergisi olduğunu deyib. Şerlərinin dərin fəlsəfi mənasi ilə bizi inam axtarışına, səyahətə, şəfqət və yaxşılığa çağırdığını söyləyib. Şairin sənətinə heyran olan Payen Appenzeller hətta yaxin zamanda canlandırdığı poeziya verilişlərindən birini Vaqif Səmədoğluna həsr edəcəyini bildirib.
Şairin həyat yoldaşı, Səməd Vurğun ev muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşmüs, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslübda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd edib. Nüşabə Vəkilova şairin fransızca dərc olunmuş şerlər toplusunun ərsəyə gəlməsində əvəzsiz rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.
Xatirə gecəsi boyunca şairin həyat və yaradıcılğından söhbət açılıb, şerləri və sözlərinə yazılmış mahnıları səsləndirilib, şairə həsr olunmuş film izlənilib.
Tədbirin sonunda şairin nəticəsi, gənclər üçün Prezident
mükafatı laureatı, Paris Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov fortepianoda
Azərbaycan və xarici bəstəkarların
musiqilərini ifa edib.
Nigar
Palitra 2017.- 8 iyun.-
S.13.