“Azərbaycanımızı,
Qarabağımızı əcnəbi tələbələrə
tarixi yönlərlə
tanıdırıq”
Araz Hüseyn:
“Elə tarixi faktları əlimizdə bayraq
etməliyik ki, Qarabağın, həqiqətən,
bizim olduğunu
asanlıqla əcnəbilərə sübut
edə bilək”
Xaricdə yaşayan və ali təhsilini davam etdirən azərbaycanlıların Azərbaycan həqiqətlərinin təbliği istiqamətində vacib rol oynadıqlarını dəfələrlə qeyd etmişik. Xaricdə müvəqqəti və daimi yaşayan azərbaycanlılar həm də Qarabağ həqiqətlərinin təbliğində də böyük rol oynayırlar. Türkiyədə ali təhsilini davam etdirən Araz Hüseynlə söhbətimizdə bu mövzu ətrafında danışdıq.
- Hazırda yaşadığınız Türkiyənin Malatya bölgəsində Dağlıq Qarabağla bağlı aktiv təbliğatlara ehtiyac varmı?
-Türkiyə bizə qardaş ölkə sayılsa da, bir millət, iki dövlət misalı münasibətlərimizin nə dərəcədə sıx olduğunu göstərsə də, yenə də düşünürəm ki, Dağlıq Qarabağ kimi ağrılı problemimizi daim bu ölkədə gündəmdə saxlamalıyıq. Düşünürəm ki, dünyanın hər yerində Qarabağla bağlı aktiv təbliğata ehtiyac var, nəinki Türkiyədə. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını bütün dünyaya müxtəlif vasitələrlə çatdırmalı, əməllərimizlə sübut edib göstərməliyik. Göstərmək o mənada ki, bir tədbir təşkil edəndə və ya başqa formada ictimai işlərdə olanda əlimizdə o qədər tutarlı əsaslar olmalıdır ki, Qarabağ probleminin haradan və necə qaynaqlandığını asan şəkildə əcnəbilərə başa sala bilək. Bildiyiniz kimi, Malatya Türkiyənin böyük şəhərlərindən biridir. Əhalisinin sayı bir milyona yaxındır. Bu qədər insanın yaşadığı bir ərazidə bütün insanların Qarabağla bağlı geniş məlumatlarının olması imkansızıdır. Düzdür, Türkiyədə hər kəs gözəl bilir ki, Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlar işğal olunub və bura tarixi Azərbaycan torpaqlarıdır. Amma başqa bilgilərə də ehtiyac var axı. Onun üçün də təbliğata hər yerdə ehtiyac var.
- Bəs nələri
ən effektiv təbliğat vasitəsi kimi görürsünüz?
-Qarabağla bağlı gənclər üçün tədbirlər, kiçik də olsa, konfranslar, xüsusi diqqətçəkən sərgilər effektli vasitələrdir. Ən əsası da bu kimi tədbirləri görməmişdən əvvəl Qarabağın tarixi, gözəllikləri, məşhur at cinsləri, xalçaları, ümumilikdə mədəniyyəti, xarı bülbül kimi vacib şeylər haqqında geniş məlumatlar toplamaq lazımdır. Dünya belə şeylərə daha çox baxır, nəinki fotosərgilərdə qanlı müharibə səhnələri ola. Təbliğatı elə qurmalıyıq ki, bir daha sübut edək ki, ermənilər bu ərazidə ikinci millət olublar və ora onların mədəniyyət ocağı, tarixi ərazisi olmayıb. Bu amilləri daha çox göstərmək, eyni zamanda yerli əhaliyə, turistlərə də bunlar haqqında məlumatlar vermək lazımdır. Elə tarixi faktları əlimizdə bayraq etməliyik ki, Qarabağın, həqiqətən, bizim olduğunu asanlıqla əcnəbilərə göstərə bilək. Düzdür, işğaldan, soyqırımından danışmaq daha effektli vasitədir. Amma bunu da, dediyim kimi, qanlı səhnələrlə qabartmaq o qədər də effektiv olmur. Övladı ilə şəhərdə gəzən gənc ailə qanlı fotolara baxıb, əksinə, bizi qınaya bilir ki, bu, uşağı üçün psixoloji travmadır. Daha ona izah etmək olmur ki, bu bir reallıqdır, bəşəri faciədir və s. Amma konfranslarda, qapalı salonlarda olan siyasi, ictimai tədbirlərdə mütləq şəkildə belə səhnələri qabartmaq lazımdır.
Bu cür təbliğatları da ən çox Azərbaycanın xaricdə təhsil alan gəncləri, tələbələri edir. Bu işlərdə dövlətimizin üzərinə böyük yük düşür, səfirliklərin də belə tələbələrin yanında olması, dəstək verməsi lazımdır. Azərbaycan diasporu xarici ölkələrdə nə qədər güclü olarsa, bu Azərbaycanımızı bir o qədər güclü edər və düşmənlərimizdən də bir addım qabaqda olarıq .
- Bəs özünü necə, ictimai
işlərdə aktivisinizmi? Yeri düşəndə aktiv
gənc olaraq ən böyük
problemimizlə bağlı təbliğatlar
aparırsınızmı?
-Türkiyənin Malatya şəhərində İnönü Universitetində xarici tələbələr üçün Uluslararası Tələbə Topluluğu qurmuşuq. Bu topluluğun nəzdində fəaliyyət göstərən 20-yə yaxın ölkədən olan tələbə var. Bizlər bu ölkələrin tələbələri ilə toplandığımızda hər zaman Azərbaycanı, mədəniyyətimizi, adət ən-ənəmizi və Azərbaycanın sizin də qeyd etdiyiniz kimi ən yaralı yeri olan Qarabağımızı əlimizdən gələn qədər təbliğ etməyə, gündəmdə saxlamağa çalışırıq. Bu görülən işlər dər təbii ki, yetərli deyil. Biz gənclər daha da fəal olmalıyıq, başqa sahələrdə də hər zaman hiyləgər düşmənlərimizdən bir addım öndə olmalıyıq. Çünki düşmən də yatmır, onların təbliğat maşınları çoxdan işləyir. Onu da deyim ki, hər zaman sülhə yox, lazım gələrsə müharibəyə də hazır olmalıyıq. Gənclərimiz bunu daim bilməlidirlər. Sülh çıxış yoludur, amma sülhə razı olmayana alternativ yol qalmır-müharibə!
- KİV-i
Qarabağ həqiqətlərinin təbliğində
nə dərrəcə vacib amil sayırsınız?
- Mən deyərdim ki, KİV çox vacib amildir. Bizim bir ildə etdiyimiz tədbirləri, gördüyümüz işləri, bəzən tanınmış bir media orqanı bir həftəyə çox effektiv edər. Xarici mətbuat hər zaman effektli vasitələrdən biri sayılıb. Bəzən onlar da düşmənlərimizin yalanlarına aldanıb səhv məlumatlar verirlər. Onun üçün də xaricdəki diasporlarımızı daha da gücləndirməliyik ki, onların səhv məlumatlar yazmağına əngəl olsunlar. Diaspor təşkilatlarında ayrıca medianı daim izləyən adamlar fəaliyyət göstərməlidirlər ki, hər gün medianı diqqətdə saxlasınlar. Diaspor təşkilatları KİV-lərlə aktiv işləməli, Qarabağın tarix boyu azərbaycanlıların torpaqları, Azərbaycanın ayrılmaz parçası olduğunu məqalələrində daim qeyd etməlidirlər. Xarici mətbuatda yazılan Qarabağ həqiqətləri o ölkələrin insanlarını da məlumatlandırar və bizim düşmənlərimizin də hiyləgər planlarının qarşısının alınmasına kömək edə bilər.
Yuxarıda da qeyd etdiyim kimi, yaşadığım şəhərdə Qarabağ və Xocalı faciəsi ilə əlaqədar əlimizdən gələn qədər konfranslar, şəkil sərgiləri açmışıq. Qarabağ həqiqətlərinin tanınması üçün insanlara məlumatlar vermişik. Bunları xarici medialarda da vermişik. Bunun effekti olmayıb desək, yalan olar. Çox insanın problemlə bağlı məlumatı olsa da, bu məlumatlar çox az sayılıb. Bu tədbirləri görüb KİV-də təbliğat apardıqdan sonra insanlar Qarabağın gerçəklərini daha dərindən öyrənirlər, problemlə bağlı məlumatlarının daha da artdığını dilə gətirirlər. Bu uğurlar tək Türkiyədə deyil, dünyanın hər yerində bizim kimi aktiv tələbələrin sayəsində baş tutur. Biz bunları təmənnasız edirik və əslində, heç bir dəstək də gözləmirik. Bizə Vətən sevgisi, Qarabağ sevgisi güc verir.
- Bildiyim qədərilə belə təbliğatları oxuduğunuz universitetlərdə əcnəbi tələbələr arasında aparmaq da effektiv üsuldur.
-Tam haqlısınız.
Türkiyədə xeyli sayda
Afrika, Amerika, Asiya və Avropadan olan tələbələr təhsil
alırlar. Mən yaşadığım şəhərdə
minlərlə əcnəbi tələbə var.
Qonşu ölkələrdən olan tələbələrin Azərbaycan, Qarabağ haqqında məlumatları olsa da, bu
məlumatlar çox qənaətbəxş
sayılmır. O zaman biz
onlara daha geniş şəkildə izahatlar
verir, bu tələbələrə
Azərbaycanımızı, Qarabağımızı tarixi yönlərlə tanıdırıq. Avropa, Afrika, Amerikadan olan tələbələr
isə Azərbaycanı tanısalar da,
onların Qarabağ haqqında, demək olar ki, məlumatları yoxdur. O zaman onlara ölkəmizi, Qarabağı daha da geniş
təqdim edirik, effektiv
üsullara əl atırıq. Bizim adət-ənənələr,
Qarabağın inciləri, Qarabağla
bağlı qurulmuş siyasi
oyunlar, əli silahsız vətəndaşlarımızın,
uşaqların, qocaların, qadınların necə vəhşicəsinə
öldürülməsi- soyqırımı haqqında məlumatlar
veririk. Əcnəbilər Azərbaycanı
daha çox neft ölkəsi kimi
tanıyırlar, ən çox da gözəl Bakımızdan bəhs edirlər.
Bakı onların hər birinin gedib görmək istədiyi şəhərdir.
Ölkəmizdə təşkil olunan Avropa Oyunlarından, İslam
Həmrəyliyi Oyunlarından, Formula 1
yarışlarından çox bəhs
edirlər. Qarabağa gəldikdə isə
bu qədər ədalətsizliyi görə-görə,
bu qədər faktların ortada
olmasına rəğmən ölkələrin susmalarına təəssüf
edirlər. Söz düşəndə
bizdən daha çox
Qarabağ haqqında məlumat almaq istəyirlər. Mən inanıram ki, bizim kimi
gənclərlə, tez bir
zamanda torpaqlarımız sülh
yolu ilə alınmasa, müharibə yolu ilə mənfur düşməndən azad olacaq.
Tural Tağıyev
Palitra 2017.- 9 iyun.- S.11.