“Peşəkarlıq yaşa
baxmır”
Nihad Əliyev:
“Yaxın vaxtlarda Göyçayda və
Bakıda tanınmış şəxsiyyətlərin portretlərindən
ibarət sərgi təşkil etməyi
planlaşdırıram”
Bu gün Azərbaycan gəncliyi istər ictimai sahədə, istərsə də fərdi yaradıcılıq sahəsində öz cəsarəti ilə seçilir. Maraqlıdır ki, region gəncləri də bu trendə qoşulub və heç də paytaxt gənclərindən geri qalmırlar. Elə müsahibimiz gənc rəssam Nihad Əliyev də gənc yaşda peşəkarlıq əldə edərək həyatda mübariz addımlarla irəliləməyə çalışır. Oxuculara gənc rəssam Nihad Əliyevlə müsahibəni təqdim edirik.
-Öncə Sizi tanımaq istərdik.
-Mən Əliyev Nihad Əmirəli oğlu 1986-cı il avqust ayının 25-də Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşam. Rəsm çəkməyə 4 yaşımda başlamışam, 9 yaşımda isə birdən-birə portret çəkməyə başlamışam. Mənim ən böyük istəyim o olub ki, gələcəkdə dünyaşöhrətli rəssam adına layiq görülüm. Buna görə də istəyirdim ki, rəssamlıq məktəbinə qəbul olum. Lakin valideynlərim istəyirdi ki, başqa bir təhsilim də olsun. 9-cu sinifdə oxuyanda isə belə bir qərara gəldim ki, əlavə təhsil əldə etmək məqsədilə hər hansısa bir ali məktəbə qəbul olum. 2003-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatında İnformasiya Texnologiyaları fakültəsinə qəbul oldum, 2007-ci ildə isə həmin ixtisası müvəffəqiyyətlə bitirdim. Rəssamlıq üzrə heç bir təhsilim yoxdur. Özüm öz üzərimdə çalışaraq peşəkar rəssam olmuşam. Rəssamlıqda daha çox portret və hər hansısa mövzulara aid rəsm əsərləri çəkirəm.
-İdeal hesab etdiyiniz hansı dünya şöhrətli rəssamlar...
-Ümumiyyətlə, hər bir dünya şöhrətli rəssamın zəhmətinin dəyəri var. Çünki hərəsinin öz seçimi və öz istiqməti var. Deyərdim ki, hər bir rəssamın özünün yol göstərməsi var. Məsələn, Avropa rəssamlarından: Leonardo da Vinçi, Rembrandt Harmes van Reyn, Rafael Santi, Klod Mone, Eduard Mane, Salvador Dali, Diyeqo Velaskes, Albrext Dyurer və b. Rus rəssamlarından: İlya Repin, İvan Kramskoy, İvan Şişkin, Vasiliy Perov, Vladimir Serov və b. Azərbaycan rəssamlarından: Səttar Bəhlulzadə, Tahir Salahov, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov və b. buna misal göstəmək olar.
-Azərbaycanın
hansı tanınmış rəssamları ilə görüşüb məsləhətlər
alırsız?
-Mən onu qeyd etmək istəyirəm ki, həm yerli, həm də xarici rəssamların mənim əsərlərimə baxıb bəyənmələri məni olduqca çox sevindirib. Azərbaycanın belə tanınmış rəssamlarından Əli Səfərov, Nəvai Mətin, Fəxrəddin Əli və başqaları. Xarici rəssamlardan isə Bekir Çeşmecioğlu, Şeyn Quffoq, Sakali Abderrahman, Mikelancelo Enqrisani, Jose Luis Qonzalez Quevara, Lola Extremadouro və başqalarının adını çəkə bilərəm.
-Siz deyirsiz ki, özünüz peşəkar rəssam olubsuz. Bu yaşda peşəkarlıqdan danışmaq tez deyilmi?
-Bu sualı belə cavablandırardım ki, peşəkarlıq yaşa baxmır. Əgər rəssam hər bir rəsm əsərini yüksək dərəcədə çəkə bilirsə və hər bir texnikada işləmədə yüksək qabiliyyətə malikdirsə, deməli, o artıq peşəkardır.
-Ümumiyyətlə,
peşəkarlığı nədə görürsüz?
-Qeyd etdiyim kimi, rəssamın peşəkarlığını onda görürəm ki, hər bir rəsm əsərini çəkməyi bacarmalı və hər bir texnikada işləməkdə yüksək qabiliyyətə malik olmalı, çəkdiyi rəsm əsərləri çox böyük həvəslə izlənməli və yüksək dərəcədə dəyərləndirilməlidir. Həmçinin peşəkar rəssamın əsərində qeyri-adilik olmalıdır.
-Yaradıcılıq prosesində uğur qazanmağın əsas yolu özünün dəst-xəttinin olmasıdır.
-Bəli, mənim də öz dəst-xəttim var. Daha çox kompozisiya əsasında məşhurların portiretlərini və tarixi mövzulara aid rəsm əsərlərini çəkirəm. Həmin rəsm əsərlərini çəkməkdə mənim məqsədim budur ki, bugünkü yeni nəsil həmin məşhurları tanımalıdır və tarixi bilməlidir.
-Siz
İqtisad Universitetinin
məzunusuz. Dünyanın indiki iqtisadi mənzərəsini bir
rəssam kimi necə təsvir edərdiz?
-Hər bir ölkənin öz milli iqtisadiyyatı mövcuddur. Bütün milli iqtisadiyyatlar bir-birilə əlaqəlidir, hamısı beynəlxalq əmək bölgüsündə iştirak edir.
-Xaricdə və
ya ölkə daxilində keçirilən
sərgilərdə əsərləriniz nümayiş
olunubmu?
- Mənim böyük arzum budur ki, respublika və beynəlxalq sərgi və müsabiqələrdə iştirak edim. Çox istərdim ki, iştirak üçün dəvətlər alım.
-Gələcəkdə
öz əsərlərinizin sərgisini
keçirməyi planlayırsız?
-Mən çox istərdim
ki, öz fərdi sərgilərim
təşkil olunsun. Yaxın vaxtlarda Göyçayda və
Bakıda tanınmış şəxsiyyətlərin portretlərindən
ibarət sərgi təşkil etməyi
planlaşdırıram.
Fuad Hüseynzadə
Palitra 2017.- 17 iyun.- S.15.