BMT nümayəndəsi: “Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycanı təbrik edirəm“

 

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqamətində tədbirlər davam etdirilir. Belə ki, müxtəlif beynəlxalq konfranslarda, seminarlarda mövcud həqiqətlərlə bağlı məlumatlar səsləndirilir. Dünən ADA Universitetində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı təşkil olunan tədbirdə real vəziyyətlə əlaqədar fikirlər səslənib.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə açılış nitqləri ilə çıxış ediblər, sonraBiz qaçqınlarla birgə dayanırıq” qlobal kampaniyası çərçivəsində hazırlanmış sosial-xidməti video nümayiş olunub.

 

“Əgər işğalçı, şovinist rejim düzgün yola qayıtmasa, onların sonu çatacaq

 

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 16 ildir ki, Ümumdünya Qaçqınlar Gününün qeyd edildiyini, ancaq onların qayıdışının qeyd olunmadığını söyləyib: “Dünyadakı aparıcı dövlətlər nə düşünür? Hegemonluq uğrunda mübarizə aparan dövlətlər dünyanı hansı vəziyyətə gətirib çıxarıblar? Azərbaycan 25 ildir ki, Ermənistan tərəfindən torpaqlarının işğalı ilə üzləşib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətnamələr, qərarlar qəbul ediblər, ancaq nəticə yoxdur”.

Ə. Həsənov bu gün dünyada məcburi köçkünləri hüquqi baxımdan idarə etmək üçün beynəlxalq sənəd olmadığını söyləyib: “Bu gün dünyada 40 milyon məcburi köçkünün hüququnu hansı sənədlə qorumaq lazımdır? Azərbaycan hər il BMT-də bu məsələni qaldırır, bizimlə razılaşırlar, ancaq belə bir sənəd qəbul olunmur. Gəlib Azərbaycan dövlətinin təcrübəsini öyrənsinlər. Avropa İttifaqı tez-tez Azərbaycanda insan hüquqları ilə bağlı sənəd qəbul edir, ancaq ölkəmizdə məcburi köçkün və qaçqınlarla bağlı sənəd qəbul etmir. Bu dərəcədə ədalətsizlik olarmı? Azərbaycan Prezidenti enerji resurslarının Avropaya daşınması üçün bütün işləri görüb, Avropanı xilas edib. Bunun qarşılığında Avropa bizə nə verib? Hörmət qarşılıqlı olmalıdır, Azərbaycana da hörmətlə yanaşılmalıdır”.

Ə. Həsənov bildirib ki, əgər 15 iyun Milli Qurtuluş Günüdürsə, 14 iyun Azərbaycanın işğal altındakı torpaqlarının Qurtuluş Gününün başlanğıcıdır. Ə. Həsənov deyib ki, Azərbaycanda məcburi köçkün gənclər arasında hərbi təhsil almaq meyilləri də güclənib: "Əgər 10 il əvvəl hərbi məktəblərdə 20 məcburi köçkün gənc təhsil alırdısa, bu gün hərbi məktəblərdə təhsil alan gənclərin sayı 276 nəfərə çatıb ".

Ə.Həsənov onu da qeyd edib ki, bu gün dünyada 65,6 milyon insan didərgin düşüb və qaçqın, miqrant, məcburi köçkündür. Yəni orta hesabla dünyada hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir. Ə. Həsənov bildirib ki, dünyada bu sahədə vəziyyət yaxşılaşmaq əvəzinə ağırlaşır: “Tək Türkiyə dövləti son 3 ildə 2 milyon 900 min qaçqın qəbul edib. Dünyada özlərini hegemon sayan dövlətlər öz aralarında yeni coğrafi məkanlara, regionlara nəzarət etmək, yeni təbii sərvətlər, xüsusən, enerji resursları əldə etmək üçün mübarizə aparırlar. Arada isə ərazisi kiçik, əhalisinin sayı az olan dövlətlər, xalqlar əziyyət çəkir. Bu gün dünyanın mənzərəsi budur. Son 30 ildə qaçqın, məcburi köçkün və miqrantların sayı 2 dəfə, münaqişə zonalarının sayı 3 dəfə artıb. Problemin həlli dünyada xalqların, dövlətlərin həmrəyliyini tələb edir”.

Ə. Həsənovun sözlərinə görə, keçən il aprel döyüşləri Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqları istənilən an işğaldan azad etməyə hazır olduğunu göstərib: “Aprel döyüşlərindən sonra Ermənistanın təcavüzkar siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. Xalq, ordu, elə Serj Sarkisyanın ətrafı da ona qarşı qalxıb. Əgər işğalçı, şovinist rejim düzgün yola qayıtmasa, onların sonu çatacaq”.

Baş nazirin müavini onu da vurğulayıb ki, yeni salınan Cocuq Mərcanlı kəndində 50 ev tikilsə də, orada yaşamaq üçün 250 nəfər ərizə verib: "Respublikanın cənububdan, şimalından müxtəlif ərazilər daxil olub. Bütün insanlar ora axışmaq istəyir".

 

Biz bu gün 4 min məcburi köçkünün mənzillə təmin edilməsini nəzərdə tutan layihəni alqışlayırıq”

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayır: "Münaqişənin hər an alovlanmaq ehtimalı davamlı inkişafa təhlükə yaratmaqdadır. İnanırıq ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığının sabiq rəhbərinin BMT baş katibi seçilməsi bu sahədə problemlərin həllinə təkan verəcək".

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis qeyd edib ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon nəfər olub, bu da əvvəlki ildən 300 min nəfər çoxdur. O, didərgin düşmüş insanların 22,5 milyon nəfərinin qaçqın, 40,3 milyon nəfərinin öz ölkələri daxilində köçkün düşənlər, 2,8 milyon nəfərinin ölkələrini tərk edən və qaçqın qismində beynəlxalq himayə axtaran insanlar olduğunu nəzərə çatdırıb: "Didərgin düşən insanlar əsasən Əfqanıstan, SuriyaSomali münaqişələri ilə əlaqədar didərgin düşən insanlardır. Qaçqınlar, miqrantlar bacarıq və peşələri ilə gəldikləri ölkələrin inkişafına böyük töhfə verə bilərlər. Müharibə və terrorizmdən qaçanlarla müharibə və terrorizmi özlərinin peşələri kimi seçənlər arasında fərq böyükdür”.

F. De Angelis Azərbaycan cəmiyyətinin qonaqpərvərliyi ilə seçilən cəmiyyət olduğunu vurğulayıb: “Azərbaycan Dağlıq Qarabağ problemi ucbatından qaçqın və məcburi köçkün probleminə məruz qalıb. Ancaq Azərbaycan inkişaf yolu seçib. Bu gün Azərbaycan Avropada ən çox didərgin insanın olduğu ölkələrdəndir. Biz bu gün 4 min məcburi köçkünün mənzillə təmin edilməsini nəzərdə tutan layihəni alqışlayırıq. Mən Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycan hökumətini təbrik edirəm”.

Sonda məcburi köçkün gənclərin ifasında musiqi proqramı təqdim olunub.

 

İşğal altında olan tarixi və mədəni abidələrin əks olunduğu animasiya çarxı hazırlanıb

Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinin dünya ictimaiyyətinə çatdırmağın bir yolu da bədii, sənədli filmlərin təqdim edilməsidir. Bu istiqamətdə atılan addımlardan biri kimiSülh elçisi” adlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən animasiya çarxı hazırlanıb. Çarxda əsas qəhrəman Azərbaycanın işğal edilmiş ərazisində yaşayan gənc erməni qızıdır. O öz xalqının azərbaycanlılara qarşı aqressiv davranmasını anlayır və qəbul edir, ermənilər tərəfindən darmadağın edilmiş Azərbaycanın tarixi və mədəni abidələrinə baş çəkir. Animasiyanın əsas qəhrəmanı məktub yazaraq “Ermənitsan-Azərbaycan Sülh Platforması”na qoşulmaq qərarına gəlir. Lakin qızın atdığı addım onun üçün faciəvi sonluqla nəticələnir. Animasiyada 3D qrafikasının köməyi ilə Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Natəvanın Ev Muzeyi kimi tarixi-mədəni abidələr bərpa edilib. Animasiyada, həmçinin Azərbaycana qarşı erməni ideoloqlarının aparıcı şəxslərindən olan Movses Akopyanın qrafikası əks olunub.

Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada” layihəsi çərçivəsində hazırlanıb.

Nigar Abdullayeva

Palitra  2017.- 21 iyun.- S.11.