“Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”

 

Fidan Əhmədova: “Elə ilk gün öz-özümə dedim ki, nə yaxşı ki, ucqar kəndi seçmişəm”

 

Müsahibimiz öz istəyi ilə ucqar kəndlərdən birində müəllimə işləyən Fidan Əhmədovadır.

-Özünüz və işlədiyiniz məktəb haqqında məlumat verərdiniz.

-Mən, Əhmədova Fidan Ədil qızı 1994-cü ildə Ucar rayonunda anadan olmuşam. 2000-2011-ci illərdə Ucar rayon 1 nömrəli texniki-humanitar fənlər təmayüllü məktəb liseydə təhsil almışam. 2011-ci ildə qəbul imtahanında yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuşam. 2015-ci ildə universiteti bitirdikdən sonra müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və hazırda işlədiyim Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəbində biologiya müəllimliyi üçün ayrılmış vakant yeri tutdum. Məktəbimiz rayon mərkəzindən uzaqda yerləşsə də, uşaqlar hər bir sahədə çox istedadlıdırlar və burada təhsil alan gənclər arasında təhsilə maraq çoxdur. Direktorumuz Səbuhi Mahmudov daim şagirdlərin təhsili və şəxsi problemləri ilə maraqlanır. Onun səylərinin nəticəsidir ki, məktəbdə ailə mühiti formalaşıb. Elə bir şagird yoxdur ki, nəinki müəllimin diqqəti, eləcə də sevgidən və qayğıdan uzaqda qalsın. Bu münasibət həm də müəllim kollektivində özünü göstərir. Elə buna görədir ki, 1 il işləmək fikri ilə gəldiyim məktəbdə artıq 2 ildir ki, işləyirəm. Bu məktəbin şagirdləri, sözün əsl mənasında, ayrı bir aləmdir. Onların dərsə göstərdiyi maraq məni daha da həvəsləndirir.

- Ucqar kəndi seçməyinizi peşənizə olan sevgi ilə əlaqələndirmək olarmı?

-Düzünü desəm, kəndə gəlməkdə-burada fəaliyyət göstərməkdə əsas səbəblərimdən biri şəhər həyatından yorulmuş olmağım və şəhərdə üçün qoyulan tələblərin bir az uyğunsuz olmağı idi. Həm də buna qismət də deyə bilərik. Amma dərs demək üçün uşaqların qarşısına çıxdığım ilk günü unutmaram. Elə ilk gün öz-özümə dedim ki, nə yaxşı ki, bu ucqar kəndi seçmişəm. Tam səmimi deyirəm, uşaqların sevgisi məni bu kəndə, bu məktəbə bağladı. Mən müəllimliyi burada öyrəndim, peşəmi ilk olaraq burada sevməyə başladım.

-Ucar həmişə təhsilin səviyyəsinə, qəbul imtahanlarında abituriyentlərin göstərdiyi yüksək nəticələrə görə seçilib. Bu barədə də danışardınız.

-Bəli, bizim rayonumuz həmişə təhsilin yüksək səviyyəsinə görə seçilib. Çünki burada daim təhsilə qayğı göstərilir. Ümumiyyətlə, bir müşahidəmi sizə deyim ki, insanlar artıq daha çox bu barədə düşünməyə başlayıblar ki, fərd olaraq həyatda özünə yer tutmaq istəyirsənsə, mütləq yaxşı təhsil almalısan. Əgər müşahidə etmisinizsə son illər qəbul imtahanlarında yüksək nəticələr göstərən, daha çox bal toplayan abituriyentlər rayonların payına düşür. Eləcə də bizim rayonda bu rəqəm getdikcə artır. Burada valideyn və şagirdlərin daha çox məsuliyyətli olmaları deyil, müəllim amilivar. Müəllimlər öz üzərlərində daim işləyirlər. Elə bunun nəticəsidir ki, rayonumuz qəbul imtahanlarında həmişə fəxr ediləsi nəticələr göstərir. Bundan başqa, hər belə yüksək nəticələr artdıqca kəndlərdən də təhsilə marağın daha çox artması sevindirici haldır. Hələ illər öncə -mən orta məktəbi bitirdiyim 2010-2011-ci tədris ilində 31 nəfər şagird 500 baldan yüksək nəticə ilə ali məktəbə qəbul olmuşdu. İcra başçımız, millət vəkilimiz bizi şəxsən təbrik etmiş, hədiyyələr də vermişdilər. Bütün bunlar da şagirdlərə stimul verir. Sonrakı illərdə nailiyyətlər daha da yüksək oldu.

-Gəliriniz ehtiyaclarınızı ödəyirmi?

-Dövlətimiz tərəfindən müəllimlərə, xüsusilə ucqar kəndlərə işləmək üçün gedən müəllimlərə daha çox qayğı göstərilir. Xüsusi həvəsləndirmə formaları var. Amma müəllimlik elə bir peşədir ki, bu peşəyə gəlir mənbəyi kimi yanaşmaq olmaz. Bizim əsas gəlirimiz, qazancımız şagirdlərimizin yiyələndiyi bilikdir.

-Müəllim yalnız savadlı pedaqoq yox, həm də gözəl psixoloq olmalıdır. Hər iki işin öhdəsindən gələ bilirsinizmi? Ümumiyyətlə, müəllim-şagird münasibəti necə qurulmalıdır?

-Bu fikirlə tamamilə razıyam. Həm özüm məktəbdə oxuduğum illəri, həm tələbəliyimi, həm pedaqoji fəaliyyətimi nəzərə alaraq deyə bilərəm ki, bir müəllim nə qədər savadlı olur olsun, əgər gözəl insan, gözəl psixoloq deyilsə, şagirdlər tərəfindən sevilməyəcək. Əgər sevilmirsə, nə onun fənninə, nə də keçdiyi dərsə maraq olmayacaq. Məncə, az müddətdir işləsəm də, şagirdlərimin nəbzini tutmağı bacarmışam. Bizim dərslərimiz çox maraqlı keçir. Mən Biologiya və Həyat bilgisi fənlərini tədris edirəm. Bildiyiniz kimi, biologiya canlılardan bəhs edən elmdir. Ona görə bizim dərslərdə əksər canlıları əyani şəkildə görmək olar. Bu da uşaqlarda daha çox həvəs yaradır. Hər gün gördükləri canlıları bioloji tərəfdən öyrənmək onları dərsə həvəsləndirir. Müəllim-şagird münasibəti pedaqoqlar tərəfindən müxtəlif cür təsnifləndirilir ki, buna çin səddi mövqeyi, tetraquşu mövqeyi, dostluq mövqeyis. aiddir. Mən şagirdlərlə dostluq mövqeyində olmanın tərəfdarıyam. Şagirdlərin problemləri ilə maraqlanmağı, əlimdən gələn qədər onlara kömək etməyi sevirəm. Bizim nə qədər problemlərimiz olsa da, həmin problemləri məktəb qapısından bayırda qoyub gəlirik. Dərsdə xoş əhvali-ruhiyyədə olmalı, şagirdlərə robot kimi yanaşmaqdansa, şəxsiyyət kimi yanaşmalıyıq. Sadəcə, özümdə çatışmayan bir cəhəti görürəm ki, bu da sərtlikdir. Məncə, müəllim olmaq üçün, az da olsa, sərt olmaq lazımdır.

-Bəs gənc bir müəllimin daim özünü inkişaf etdirməsi üçün nələri məsləhət görərdiniz?

-Zaman dəyişir, eləcə də ehtiyac və tələbatlar da dəyişir. Əvvəl dərslər ənənəvi üsulla keçilirdisə, son 9 ildir kurikulum üsulu ilə keçilir. Artıq kitablar bizə yardımçı rolunu oynayır, əsas məlumat mənbəyi isə müəllimdir. Ona görə müəllim daim axtarışda olmalıdır. Müəllim öz ixtisasını mükəmməlləşdirməklə yanaşı, texnologiyanı da mükəmməl bilməlidir. Şagirdin verə biləcəyi hər bir suala hazır olmalıdır. Çünki ailədən cəmiyyətə çıxanda şagirdlər üçün ideal, fenomen insan ilk öncə müəllim olur. O da suallar qarşısında aciz görünürsə, şagird üçün bu, travma sayılır. Hər bir müəllim daim kitab oxumalı, yeni əsərlər, bədii ədəbiyyatla maraqlanmalıdır. Çünki müəllimin nitqi aydın, səlis, anlaşıqlı olmalıdır. Öz ixtisasını bilməklə yanaşı, digər fənlərlə də maraqlanmalıdır. Kurikulum üsulunda fənlərarası inteqrasiya mühüm rol oynayır.

-Bəs valideynlərə hansı məsləhət və tövsiyələr verərdiniz?

-Yaşım az olduğu üçün məsləhətdən daha çox fikirlərimi bölüşərdim. İlk öncə onu deyim ki, hər kəs eyni deyil və hamı ali təhsil almaq məcburiyyətində də deyil. Sadəcə olaraq orta təhsili ən azı normal qaydada bitirmək vacibdir. Könül istər ki, hər bir Azərbaycan gənci təhsil alsın. Amma bu ölkəyə fəhlə, qaynaqçı, satıcı, sürücüs. peşənin sahibləri də lazımdır. Əsas odur ki, övladınız öz işini sevsin, onu sevərək görsün. Könülsüz resept yazan həkimlər, həvəssiz dərs keçən müəllimlərdənsə, öz işini sevən insanlara daha çox ehtiyac var. Ən əsası təhsil almaq həvəsi, istəyi, savadı olan heç bir insanı təhsildən uzaqlaşdırmaq düzgün olmaz. Bəzən belə hallarla da rastlaşırıq. Elə şagirdlərim var ki, onların savadına, dünyagörüşünə, ağılına heyran qalıram. Lakin valideynləri onların təhsil almasının tərəfdarı olmurlar. Bu da çox üzücü haldır. Bəzi stereotiplerdən uzaqlaşmalıyıq. Bəzi təhsilə mane olan mental dəyərlərin də üstündən xətt çəkmək lazımdır. Düzdür, indi əvvəlki illərdən fərqli olaraq qızlar daha çox ali təhsil alırlar və kəndlərdə kütləvi şəkildə qızların ali təhsildən uzaqlaşdırılması prosesi getmir. Amma yenə də bəzi valideynlərə övladlarının gələcəyi, xoşbəxt həyatları üçün təhsildən uzaqlaşdırmaq kimi düşüncələri beyinlərindən atmağı arzu edərdim. Gənc müəllimə olsam da, artıq şagirdlərimdə təhsilə böyük maraq oyatmağı bacarmışam. Qısası, bu gün gənclərimiz ortaali məktəblərdə yüksək səviyyədə oxuyurlarsa, buradan millət və dövlət qazanacağıq.

 

Tural Tağıyev

Palitra  2017.- 21 iyun.- S.6.