Cəfər Cəfərov: “Hədəfimiz ölkəmiz üçün yüksək səviyyəli müəllimlər hazırlamaqdır”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda öncə Azərbaycanın Dövlət himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, konfrans universitetin keçirdiyi respublika və beynəlxalq miqyaslı konfranslar silsiləsinə daxildir. Konfrans ADPU üçün mühüm və məsuliyyətli bir dövrdə keçirilir. Hazırda ADPU-da yaz semestrinin imtahan sessiyası davam edir. Eyni zamanda kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqə, eləcə də tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının 3 mərhələdən ibarət attestasiyası yekunlaşma mərhələsindədir. Şəffaf və obyektiv keçirilən müsabiqənin və attestasiyanın əsas məqsədi yüksək bilik və peşəkarlığa malik müəllimləri və mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə və attestasiya bizə daha yaxşı müəllimləri və mütəxəssisləri işə cəlb etmək imkanı verir və nəticə etibarilə qarşımıza qoyduğumuz məqsəd və hədəflərə yaxınlaşdırır. Son məqsədimiz, hədəfimiz isə ölkəmiz üçün yüksək səviyyəli müəllimlər hazırlamaqdır. Qeyd edib ki, ADPU yeni tədris ilinin əvvəlində 2 beynəlxalq elmi konfrans keçirəcək. Rektor çıxışının sonunda konfrans iştirakçılarına müzakirələrdə fəal iştirak etməyi, ortaya əməli nəticələr qoymağı və bütövlükdə tədris prosesini müasir tələblərə uyğun qurmağa tövsiyə edərək konfransın işinə uğurlar arzulayıb.

Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxışında qeyd edib ki, konfrans hazırda ADPU-da həyata keçirilən islahatlar, insan resurslarının inkişaf etdirilməsi sahəsində aparılan tədbirlərlə bir-birini tamamlayır. Mütəxəssis hazırlığının yüksəldilməsi ali təhsilin yeniləşməsi üçün mühüm əhəmiyyət kəsb edir. Tədris prosesinin təşkilində ən vacib məqamlardan biri müəllim hazırlığıdır. Eyni zamanda yeni, müasir tələblərə cavab verən dərsliklərin hazırlanması, dissertasiya mövzularının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin miqyasının daha da genişləndirilməsi bu işdə önəmli rol oynayır. Professor A.Zamanov çıxışının sonunda universitetdə müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək ola biləcək Müəllimlərin Müasirləşməsi Mərkəzinin yaradılmasını təklif edib.

İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov çıxış edərək konfransın həm universitetin, həm də ölkəmizin elmi-mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək fənlərin tədrisi metodikasına səmərəli təsir edəcəyini vurğulayıb.

Sonra konfrans öz işini 3 elmi bölmədə-Riyaziyyat, informatika və təbiət elmləri, Humanitarictimai elmlər, Pedaqoji-psixoloji elmlər bölmələrində davam etdirib. Konfransda ümumilikdə 130 məruzə dinlənilib. Məruzələrdə fənlərin tədrisinin məqsəd və vəzifələri, mövcud vəziyyəti, aktual problemləri, imkan və perspektivləri, fənlərarası əlaqə, internet resurslarından və informasiya-kommunikasiya texnologiyalarından istifadə, xarici dillərin tədrisinə müasir yanaşmalarinnovativ metodlardan istifadə, müəllim-şagird, müəllim-valideyn münasibətlərin humanistləşdirilməsi, şagird şəxsiyyətinin formalaşmasında səriştəli müəllim amili, tələbələrdə kreativ düşüncənin formalaşdırılması, ali təhsildə distant təhsilin həyata keçirilməsi üçün istifadə olunan texnologiyalar, təhsildə keyfiyyətin idarə olunmasında beynəlxalq təhsil tədqiqatlarının rolu, təlim prosesində yeni öyrənmə modelləri, mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi, pedaqoji təcrübə üçün innovativ sistemin yaradılmasının zəruriliyi, ali məktəbdə təhsilin məzmununa texnoloji yanaşmaların xüsusiyyətləri və digər mühüm məqamlar yüksək səviyyədə öz əksini tapıb. Bölmə iclaslarında məruzələr müzakirə edilib, maraqlı və dəyərli təkliflər irəli sürülüb.

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul edilib.

 

Nigar

Palitra  2017.- 22 iyun.- S.7.