BANM-in dekanı: “BANM öz
tələbələrinin gələcək karyera
imkanlarına böyük əhəmiyyət
verir”
Bakı
Ali Neft Məktəbində (BANM) tələbələr
üçün istehsalat təcrübəsi başlandı. Təcrübə
Bakı Ali Neft Məktəbində necə təşkil olunur,
məqsəd və əhəmiyyəti nədən ibarətdir?
Bu və digər sualları BANM-in Mühəndislik fakültəsinin
dekanı Zəfər Qurbanov cavablandırıb.
-
Bakı Ali Neft Məktəbi tərəfindən təşkil
olunan istehsalat təcrübəsi haqqında məlumat verin. Tələbələr
hansı müəssisələrdə təcrübə
keçirlər?
-
Daima öndə gedən ali təhsil müəssisəsi olan
Bakı Ali Neft Məktəbi hər il olduğu kimi bu il də
öz tələbələrinin gələcək karyera
imkanlarına böyük əhəmiyyət verir. Belə ki,
tələbələrin tədrisdə əldə etdikləri
nəzəri biliklərin təcrübədə zənginləşdirilməsi
məqsədilə hər il BANM-in tələbələri
SOCAR-ın bir çox idarə və istehsalat müəssisələrinə,
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq
şirkətlərə, həmçinin Türkiyənin
“Petkim” və “Star” kimya zavodlarına istehsalat təcrübəsinə
göndərilir. Builki istehsalat təcrübəsinə ali məktəbimiz
üzrə 326 nəfər tələbə cəlb olunub.
“Neft-qaz
mühəndisliyi” ixtisası üzrə təhsil alan 140 nəfər
tələbə Azneft İstehsalat Birliyinin “Bibiheybət” Neft
Qaz Çıxarma İdarəsi (NQÇİ),
Ə.C.Əmirov adına NQÇİ, H.Z. Tağıyev
adına NQÇİ, Abşeron və “28 May” adına
NQÇİ-lərində yay istehsalat təcrübələri
keçirlər.
“Kimya
mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr
yay istehsalat təcrübəsini Heydər Əliyev adına
Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində
keçirlər.
Cari
ilin iyul ayının 1-dən etibarən isə “Proseslərin
avtomatlaşdırılması mühəndisliyi” ixtisası
üzrə təhsil alan 49 nəfər tələbə
Emerson Process Management, AVANDSIS GROUP, Schneider Electric, NÖC və
Avtomatika, ATENAU LTD beynəlxalq şirkətlərində və
həmçinin bu il ilk dəfə olaraq “Azərsu” ASC-də
təcrübə keçəcəklər.
- İstehsalat təcrübəsinin
məqsədi və əhəmiyyəti nədən ibarətdir?
- Bu
təcrübə tələbələrin il boyu əldə
etdikləri nəzəri biliklərin təcrübə ilə
vəhdətdə daha dərindən mənimsəmələrinə
və onların təcrübəli mütəxəssis kimi
yetişmələrinə kömək edir. İstehsalat təcrübəsi
zamanı tələbələr ilk öncə komanda işi
ilə tanış olaraq ən son avadanlıq və
texnologiyalardan istifadə etməklə şirkətin yüksək
ixtisaslı və təcrübəli mütəxəssisləri
ilə birlikdə müxtəlif layihələr həyata
keçirirlər. Bundan başqa, tələbələr
istehsalat təcrübəsi keçdikləri müəssisələrdə
əməyin mühafizəsi və təhlükəsizlik
texnikası qaydalarına ciddi əməl edir, uyğun geyimlərlə
təmin olunur və gələcəkdə iş yerlərində
bu kimi vərdişlərə yiyələnirlər.
- Bu il keçirilən yay təcrübəsi
keçən ildən nə ilə fərqlənir?
-
Builki istehsalat təcrübəsi keçən illərdə
təşkil olunan təcrübədən onunla fərqlənir
ki, hər il tapşırıqlar ali məktəb tərəfindən
tələbələrə verilirdisə, bu il istehsalat təcrübəsi
keçəcəkləri müəssisə tərəfindən
faktiki işə uyğun olaraq təqdim olunur. Təcrübə
keçirilən müddətdə tələbələr
verilən tapşırıqları yerinə yetirmələri
ilə bağlı hesabatlar hazırlayır və bu hesabatlar
“Turnitin” antiplagiat sistemində yoxlanılır daha sonra təqdimata
buraxılır. Komissiya qarşısında
çıxış edən tələbələrin təqdimatları
qiymətləndirilir və bu qiymətlər tələbələrimizin
ümumi istehsalat təcrübəsinin yekun nəticəsi kimi
qəbul olunur.
-
BANM-in tələbələrinin müxtəlif xarici ölkələrdə
təcrübə keçməsi onların yüksək
ixtisaslı mühəndis olmasına imkan verir. Bu il ali məktəbinin
məzunları xarici şirkətlərdən iş təklifləri
alıblar?
-
Bildiyiniz kimi, SOCAR enerji sektorunda milliləşdirmə siyasətini
həyata keçirir. Əsas prioritetlərindən biri Azərbaycanın
neft-qaz sektorunda və beynəlxalq layihələrində
çalışacaq yüksək ixtisaslı və ingilis
dilli mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə
fəaliyyət göstərən BANM ilk məzun
buraxılışını həyata keçirəcəkdir.
Bu ilki məzunlarımız SOCAR-ın yerli müəssisələri
daxil olmaqla, müxtəlif transmilli təşkilatlara- BP, STAR və
PETKİM kimya zavodları, İtaliyanın Maire Tecniimont Group
şirkəti, SOCAR Polimer, SOCAR Upstream, SOCAR AQŞ işə
dəvət almaqla yanaşı BANM-in və bir çox
inkişaf etmiş ölkələrin nüfuzlu ali məktəblərinin
magistratura proqramlarına qəbul olunub.
Nigar
Palitra 2017.- 23 iyun.- S.15.