Polad Bülbüloğlu: “Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq”

 

Səməd Seyidov:

“İşğalçı öz adı ilə adlandırılmalıdır”

Son vaxtlar Ermənistan Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliyə doğru nəinki addım atmır, işğalçı ölkə status-kvonun saxlanması üçün əlindən gələni edir. Ötən il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, xalqın orduya, dövlətə dəstəyini aşkar şəkildə gördükdən sonra Ermənistan rəhbərliyi daha çox populist çıxışlar etməyə başladılar. Ermənistandan fərqli olaraq Azərbaycan rəsmiləri isə populist çıxışlar etmirlər, konkret işlər görərək işğaldan azad edilən kəndi bərpa edirlər, lazım gələndə təxribatlara ikiqat cavab verirlər və ən nəhayət, ən yüksək formada Dağlıq Qarabağ, Ermənistanın işğalçılıq siyasətinin davam etməsinin fəsadları barədə beynəlxalq təşkilatlarda çıxış və təbliğatları davam etdirirlər.

 

Rəsmilər beynəlxalq təşkilatların 90-cı illərdən qalma siyasətini- ikili standartlarla çıxış etməsini də daim qınayırlar. Buna misal olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Ermənistana qarşı ciddi siyasi təzyiqlərin göstərilməsinin zamanı artıq çoxdan gəlib: “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Şuranın daxilində olan ikili standartlarqeyri-obyektiv yanaşma tam və açıq şəkildə müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq mən Avropa Şurasının daxilində ölkəmizə qarşı, əlaqələrimizin normal inkişafına xələl gətirmək niyyəti olan belə qərəzli yanaşmaları ifşa etdim. Məsələn, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan AŞPA-nın bəzi üzvlərini işğal etdiyi Azərbaycan torpaqlarına dəvət edib. Onların arasında AŞPA-nın vitse-prezidenti Rene Ruke olub. Məhz onun bu gün AŞPA-da islahatlar haqqında danışmağa mənəvi, hüquqi haqqı var”.

Səməd Seyidov deyib: “Biz bütün bunları AŞPA üzvlərinin diqqətinə çatdırdıq. Qeyd etdik ki, Avropa Şurası ilə əməkdaşlıq etməyə hazırıq. Avropa Şurası Azərbaycanın hüquqlarının pozulduğunu açıq şəkildə müzakirə edib işğalçını öz adı ilə adlandırsa, bu təşkilatın gələcəyi var. Amma, əgər ermənilərin tərəfində dayanıb qeyri-obyektiv mövqe tutacaqsa, ikili standartları müdafiə edəcəksə, bu təşkilatın gələcəyi mümkün deyil.

Nümayəndə heyəti qeyd edib ki, bugünkü sessiyada Avropa Şurasında islahatlarla bağlı ciddi məruzə müzakirə edildi. Bu islahatlar gələcəkdə Avropa Şurasının hər bir nümayəndəsinin məsuliyyətinin artırılmasını tələb edir. Biz bunun tərəfdarıyıq. Məsuliyyətin artırılması ikili standartların aradan qaldırılmasına aparmalı, işğalçı öz adı ilə adlandırılmalıdır.

Səməd Seyidov vurğulayıb ki, Avropa Şurasında gedən proseslər ölkəmizlə bu qurum arasındakı münasibətlərin normal şəkildə inkişafına zəmin yaradır. Amma Avropa Şurasının qətnamələrində əks olunmuş Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılması, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılması Avropa Şurası tərəfindən qəbul olunmuş qətnamələrin həyata keçirilməsi kimi məsələlər öz həllini tapmalıdır. Qurumun iclaslarında bu məsələlər olduğu kimi əks etdirilməlidir. Biz məsələlərin konkret obyektiv şəkildə müzakirə olunmasının tərəfdarıyıq. Əgər ikili standartlar yenə baş alıb gedəcəksə, biz buna qarşı çıxacağıq”.

Təbliğat haqq işimizin dünyaya çatdırılması işində səfirlər aktiv işlər görürlər. Bu günlərdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyin Azərbaycan Ordusunun 99-cu ildönümü münasibətilə təşkil etdiyi təntənəli tədbirdə Dağlıq Qarabağ problemi, Azərbaycan Ordusunun hazırkı durumu s. məsələlərlə bağlı bir sıra fikirlər səsləndirib. O deyib ki, indiki siyasi vəziyyətdə Azərbaycanın Silahlı Qüvvələri Günü ölkəmizin vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyır.

“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Azərbaycan Ordusunun tarixi həmin gündən başlayır. Sovet dövründə C.Naxçıvanski adına hərbi məktəb açılıb, hərbi quruculuğa həmişə böyük diqqət ayrılıb”, - deyə P.Bülbüloğlu bildirib.

Səfir xüsusilə vurğulayıb ki, SSRİ-nin tərkibində olan 15 respublika arasında Azərbaycanın müstəqilliyi ona olduqca baha başa gəlib: həm Qara Yanvar, həm Qarabağ müharibəsi, həm Xocalı faciəsi bir çox digər hadisələr. Bu səbəbdən Azərbaycan üçün ölkənin suverenliyini, sərhədlərini qoruya biləcək güclü ordu zəruri idi. Ona görə belə güclü ordu yaradılıb.

Diplomat qeyd edib ki, bu gün isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun möhkəmlənməsinə texniki təchizatına xüsusi diqqət ayırır. Azərbaycan Ordusu dünyanın 50 ən qüdrətli ordusu sırasına daxildir. Biz bununla qürur duyuruq”, - deyə səfir vurğulayıb.

Təntənəli tədbirdə Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin hərbi attaşeləri iştirak ediblər. P.Bülbüloğlu onlara müraciətlə deyib: “Azərbaycan hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib. Mən bir səfir kimi, sizə demək istəyirəm ki, ölkələrinizə çatdırın ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Əlbəttə, biz bu məsələni dinc yolla həll etmək istəyirik. Lakin, necə deyərlər, “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu gün bizim ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Lakin Azərbaycan yenə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək istəyir”.

 

Ermənistan müdafiə nazirinin diletant çıxışı

 

Bu gün təkcə Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqe, diplomatik uğurları deyil, eyni zamanda iqtisadi qüdrətinin artması, bunun fonunda hərbi potensialının ilbəil güclənməsi Ermənistanı ciddi şəkildə narahat edir. Görünür bu səbəbdəndir ki, işğalçı ölkənin rəhbər şəxsləri Azərbaycana silah satan dövlətlərə tez-tez etirazlarını bildirirlər. Buna misal olaraq Ermənistan müdafiə naziri Vigen Sarkisyanın keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəzi fikirləri göstərmək olar. O deyib ki, Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır. O, Azərbaycana silah satılmasına pis baxdığını bildirib. Ermənistan-Rusiya əməkdaşlığına toxunan nazir Rusiyadan silahı bu ölkənin daxili bazar qiymətləri əsasında aldıqlarını bildirib, Rusiya bazarının İrəvan üçün vacib olduğunu deyib.

Qeyd edək ki, iyunun 24-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Rusiya hökumətlərarası razılaşmaya əsasən ölkəmizə müasir hərbi texnikanın çatdırıldığını açıqlayıb. Bakı limanına gətirilən silah yaxın vaxtlarda cəbhə zonasına göndəriləcək. Bu silah Azərbaycan Silahlı Qüvvələrinin ön xətt bölmələrinin düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçik sürətli hava hədəfləri, canlı qüvvəsi digər hərbi obyektlərini vurmaq üçün döyüş manevr imkanlarını artıracaq.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibə başlayacağı təqdirdə, guya, ölkəmizə ağır zərbə vuracaqları ilə bağlı populist fikrinə isə Azərbaycanın Müdafiə Nazirliyi daha dolğun tutarlı cavab verib. Nazirliyin yaydığı bəyanatda deyilir: “Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı Azərbaycan Ordusunun, guya, son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərini acı istehza ilə qarşılayır, bildiririk ki, onun heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan bu diletant çıxışı yalan həyasızlıqdan başqa bir şey deyil. Açıqlamada deyilir ki, Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın hərbi, iqtisadi, insani resursları, digər amillər imkan verir. Azərbaycan əsgəri ordumuzun arsenalındakı ən müasir, dağıdıcı qüvvəyə malik döyüş texnikası silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.

İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. V.Sarkisyan bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsaydı, daha səmimi görünərdi”.

 

Tural Tağıyev

Palitra  2017.- 30 iyun.- S.13.