“Qarabağ mövzusunda keçirdiyimiz
maarifləndirici tədbirlərin nəticəsini görə bilirik”
Nərgiz
Əliyeva: “Dünya ictimaiyyətinə səslənmək
və düzgün məlumat vermək üçün əlimizdə
çoxsaylı resurslar var”
Qarabağ həqiqətləri qonşu Gürcüstanda aktiv şəkildə təbliğ olunur. Bu işdə Gürcüstanda yaşayan gənclərimizin əvəzsiz rolu var. Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva öz müsahibəsində bu istiqamətdə görülən işlər haqqında danışıb.
-Qarabağ
həqiqətlərinin təbliğində xaricdəki gənclərin
nə kimi rolu var?
-Öncə onu vurğulayım ki, çox sevindirici haldır ki, dünyanın hər yerinə səpələnmiş Azərbaycan gəncləri yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətini, həqiqətlərini layiqli şəkildə təbliğ edirlər. Bizim işimizdə ən önəmli yer həqiqətlərimizin təbliğinə aiddir. Bir neçə gün əvvəl müxtəlif ölkələrdə Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu. Lakin Xocalıya həsr olunmuş tədbirlər yalnız fevral ayında deyil, ilboyu xatırlanır və dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu istiqamətdə aparılan işlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilir. Kampaniyaya qoşulan minlərlə gənc Xocalıda baş verən hadisələrə ədalət istəyərək, yaşadıqları cəmiyyətdə tanıdır. Məhz həmin kampaniya uğurlu fəaliyyətin nəticəsidir ki, bu gün Xocalı hadisələrinə bir sıra ölkə, ştat və beynəlxalq təşkilatlar tərəfindən hüquqi, ədalətli qiymət verib, soyqırımı kimi qiymətləndiriblər.
Gürcüstanda da müntəzəm şəkildə Azərbaycan həqiqətlərilə bağlı irimiqyaslı görüş və tədbirlər təşkil olunur. Fevral ayı Gürcüstanda Xocalı ayı elan olunur və ay ərzində müxtəlif formatlı görüşlər, konfranslar, aksiyalar, “dəyirmi masa”lar Gürcüstanın bütün bölgələrində keçirilir.
-Bu
il Gürcüstanda
Xocalıya həsr olunmuş hansı tədbirlər
keçirildi?
- Biz, Gürcüstanda “Xocalıya birlikdə ədalət tələb edək!” şüarı altında birləşmişik, təşkilat komitəsi yaratmışıq. Fəal gənclər, QHT nümayəndələri, tələbələrdən ibarət komitə paytaxtda və bir neçə şəhərdə irimiqyaslı tədbirlər keçirildi, eləcə də gürcü və ingilis dilində informasiya bukletləri çap olundu. Həmçinin Gürcüstanda “Xocalıya ədalət” kampaniyası çərçivəsində gürcü və Azərbaycan dillərində Xocalı haqqında videoçarx təqdim olundu. Çarxı kampaniya çərçivəsində keçirilən tədbirlərin təşkili üçün yaranan "Xocalı üçün birləşək" adlı təşkilat komitəsi ərsəyə gətirib. Çarxda Xocalı soyqırımı haqqında məlumat verilib, dünya ictimaiyyətinə “Xocalıya ədalət” şüarı səsləndirilib. Onu da deyim ki, çarx Xocalı ayı çərçivəsində keçirilən tədbirlərdə gürcü ictimaiyyətinə təqdim olunaraq böyük marağa səbəb olub.
Bu il Gürcüstanda Xocalı ilə bağlı diqqətçəkən əsas məqam yerli parlamentdə ilk dəfə bu soyqırım ilə bağlı məsələnin qaldırılması oldu. Gürcüstan parlamentinin azərbaycanlı deputatları tərəfindən atılan bu addımda Xocalı soyqırımı haqqında geniş məlumat verildi.
-Gənclər daha hansı işlər görə bilərlər?
- Azərbaycan gənci olduqca savadlı, bacarıqlı, yüksək potensiala malik olan gəncdir. Nəinki ölkə daxilində, eyni zamanda ölkə xaricində də vətənləri üçün xidmətləri əvəzsizdir. Bu, nəinki Azərbaycan vətəndaşlarına, bütövlükdə xalqımızın nümayəndələrinə aiddir. Xalqımızın nümayəndələri dünyada həm ölkələrini, həm də millətlərini təmsil edirlər. Bizim simamızda digər xalqlarda ölkəmiz və millətimiz haqqında mənfi, ya müsbət fikir formalaşır. Bu, bizim davranışımızdan, etdiyimiz əməllərdən asılıdır. Hər zaman gənclərlə görüşdə bunu vurğulayırıq ki, biz, öncə ailəmizin, vətənimizin və xalqımızın güzgüsüyük. Xaricdə yaşayanlar bunu unutmamalıdırlar. Gənclərimizin birliyi olduqca vacib məsələdir. Gənclərimiz birləşib hər hansı bir addım atsa, daha faydalı və effektiv olar, güc birlikdədir. Bəzən birlik yaratmaq istəyəndə bəzi gənclərimizdə kölgədə qalmaq qorxusu yaranır, mən bu cür gəncləri anlamıram. Biz vətəndaşı olduğumuz ölkənin nümayəndələri və ya eyni xalqın övladlarıyıqsa niyə bu işlərdən istifadə edib öz aramızda mübarizə aparıb birincilik davası edirik? Əsas hədəf məqsədə çatmaq olmalıdır, əsas məqsəd bir-birimizə dəstək olmaqdır və birləşib uğurlar qazanmaqdır. Düşünürəm ki, birləşsək, bir çox şeyə nail ola bilərik.
-Gənclər öz potensiallarından tam
istifadə edirlərmi?
-Yaşadığım ölkə gəncləri haqqında deyə bilərəm ki, yox, istifadə edə bilmirik. Bizim çox bacarıqlı gənclərimiz var, amma, təəssüf olsun ki, onlar özlərinə layiqli yeri qazana bilməyiblər. Tez-tez gənclərlə
görüşüb, bu haqda söhbətləşirəm. Onlarda hədəf, məqsədə doğru gedən yolda həvəs və inamla addımlamaq üçün özlərinə inam çox azdır. Mübarizlik, iradə və məqsədinə çatmaq üçün həvəs azaldıqca, gənclər ruhdan düşür, buna görə də onların potensialı istifadə olunmamış qalır, halbuki o gənclərə ölkənin və millətin ehtiyacı böyükdür. Yaşım az olsa da, ictimai fəaliyyətə tez başlamışam və məqsədimə çatmaq üçün olduqca çətinliklərdən keçmişəm. Necə deyərlər, neçə qapılar çırpılır üzümüzə, amma biz yenə də o qapıları israrla döyürük, tam istəyimizə çatana kimi də döyəcəyik. Gənclərə də bunu məsləhət görərdim, xəyalınızdan, məqsədinizdən heç bir zaman keçməyin, o zaman sizdə olan yüksək potensialdan həm özünüz yararlanacaqsınız, həm də cəmiyyət.
-İnformasiya
müharibəsində hansı metodlardan
istifadə etmək olar?
-Bizim yaşlı nəsildən fərqli olaraq özümüzü ifadə etmək imkanlarımız və sözümüzü deyəcək meydanımız çoxdur. Biz informasiya texnologiyaları dövründə yaşayırıq, əl çatmayan məlumat, demək olar ki, yoxdur. Lakin müasir texnologiyalardan istifadə çox zaman düzgün şəkildə həyata keçirilmir. Gənclərimiz asudə vaxtlarını kompüterdə faydasız işlərlə keçirirlər, halbuki bir çox məqamlarda fəal ola bilərlər. Yuxarıda dediyim kimi, xalqımız haqsızlıqlara uğramış xalqdır. Azərbaycanın olduğu kimi, Gürcüstanın da əraziləri işğal altındadır. Bununla bağlı dünya ictimaiyyətinə səslənmək və düzgün məlumat vermək üçün əlimizdə çoxsaylı resurslar var. Dünyanın hər bir yerində yaşayan insanlara, dünya ictimaiyyətinə bununla bağlı hər bir gənc bir fikir bildirsə, düşünürəm ki, informasiya müharibəsində biz qalib gələrik.
-Gürcüstanda
yetişən nəsil Qarabağ mövzusunda kifayət qədər məlumatlıdırmı?
-Qeyri-hökumət təşkilatında çalışdığım ilk illərdə mənim, xaricdən vətənə yeni qayıdan gənc kimi də bu haqda məlumatım çox az idi. Bu istiqamətdə işlərə başladıqda bu məlumat qıtlığının digər gənclərdə də olduğunu gördük. Bir neçə il ərzində müntəzəm şəkildə gənclərlə bu mövzuda görüşlər keçirdik. Azərbaycan tarixilə bağlı dərnək fəaliyyət göstərirdi, orada gənclərimiz bu mövzuda ətraflı maariflənirdilər. Bəzən bizi qınaq obyektinə də çevirirdilər ki, nə üçün tədbirlərinizə yalnız özünüzün gənclərini dəvət edirsiniz. Bunun hamısı ona görə idi ki, gənclərimiz tariximizi öyrənsinlər və təbliğ edə bilsinlər. Bu gün istədiyimiz nəticəni görə bilirik. Gənclərimizin özləri təşəbbüslərlə çıxış edirlər ki, Qarabağ həqiqətləri haqqında tədbirlər, aksiyalar keçirsinlər, oxuduqları təhsil müəssisələrində, yaşadıqları şəhərlərdə təbliğat aparsınlar.
Fuad Hüseynzadə
Palitra.-2017.-1 mart.-S.11.