“Xaricdə təhsil gənclərimiz üçün böyük təcrübədir”

 

Eltur Qasımov: “Könüllülük anlayışı böyük bir institutdur və hər bir uğurlu beynəlxalq yarışın, tədbirin arxasında böyük bir könüllü ordusu durur

 

Müsahibimiz Qərb Universiteti Tələbə Gənclər Təşkilatının sədri Eltur Qasımovdur.

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Qasımov Eltur İlqar oğlu 11 mart 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə ibtidai təhsilə başlayıb, 2014-cü ildə isə orta məktəbi bitirdim. Elə həmin il Qərb Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil almağa başladım. Universitetə daxil olduğum gündən, universitetin ictimai həyatında aktiv fəaliyyət göstərmişəm və 30 sentyabr 2016-cı ildə Qərb Universiteti Tələbə Gənclər Təşkilatının sədri seçildim.

-Qərb Universiteti Azərbaycan təhsilinə öz töhfəsini verən ali təhsil ocaqlarındandır. Universitetinizdəki tədris və təhsilin səviyyəsi sizi qane edirmi?

-Öncə onu qeyd edim ki, universitetimiz ölkədə təsis olunmuş ilk özəl ali təhsil müəssisəsidir. Təsis olunduğu gündən ölkənin qabaqcıl universitetlərindən biri sayılan Qərb Universiteti, hazırda da öz aparıcı mövqeyini qoruyub saxlayıb.

Universitetimizdə təhsilin güclü olması ilə yanaşı, burada ikili diplom layihəsinin olması, xaricdə keçirilən yay məktəbləri və xarici universitetlərlə mübadilə proqramının olması Qərb Universitetini tələbələr üçün daha da əlverişli edir. Hazırda universitetimizdə 4 fakültə mövcuddur. Bu 4 fakültəyə Siyasi elmlər və beynəlxalq münasibətlər, Qərb dilləri, Kompüter elmləri və dizayn, İşgüzar inzibatçılıq fakültələri aiddir. Universitetimizdə dərslər yalnız yerli müəllimlər tərəfindən deyil, xarici mütəxəssislər tərəfindən də tədris olunur. Bundan əlavə, Qərb Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Sorbonne Universiteti, Böyük Britaniyanın Konventri Universiteti, Oslo Universiteti, ABŞ-ın Missisipi, İndiana, Kanzas universitetləri, Çinin Jiangnan Universiteti və digər tanınmış universitetlərlə əməkdaşlıq edir. Qərb Universiteti BMT və menecment ilə bağlı olan akademik institutlar, biznes məktəbləri və universitetlər arasında ilk mütəşəkkil əlaqə olan və 2007-ci ildə BMT-nin baş katibi tərəfindən irəli sürülmüş Məsuliyyətli İdarəetmə Təhsili Prinsipləri təşəbbüsünə qoşulub. Bununla da Qərb Universiteti ölkəmizdə sözügedən təşəbbüsə qoşulmuş ilk və yeganə ali təhsil ocağı olub. Hazırda təşəbbüs dünyanın 80 ölkəsindən 650 aparıcı biznes məktəbini və menecment ilə bağlı akademik institutları əhatə edir. Təşəbbüs korporativ davamlılığı və sosial məsuliyyəti irəlilətmək üçün akademik institutları qlobal çərçivə ilə təmin edir. Bununla yanaşı, universitetimiz geniş kitabxana resursuna da malikdir. Burada tələbələr və müəllim heyəti rahatlıqla elmi və bədii əsərlərdən istifadə edə  bilərlər. Bundan əlavə, Qərb Universitetində BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası, Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası yaradılıb.

-Rəhbərlik etdiyiniz Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında da söz açardınız.

-Tələbə Gənclər Təşkilatı universitetimizdə çoxdan fəaliyyət göstərir. Uğurlu fəaliyyəti ilə yaddaqalan təşkilatımıza 30 sentyabr 2016-cı ildə sədr seçilmişəm. Artıq 5 aya yaxındır ki, təşkilatımızda sədr kimi fəaliyyət göstərirəm. Təşkilatımızın əsas məqsədi tələbələrin  asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, tələbələrin hüquqlarını qorumaq və müxtəlif maarifləndirici tədbirlər, seminarlar təşkil etməkdir. Bu istiqamətlər üzrə 2016-2017-ci illərdə TGT-miz tərəfindən bir çox işlər görülüb. 2016-2017-ci tədris ilinin birinci hissəsində müxtəlif mövzuda “dəyirmi masalar təşkil etmişik, bir neçə millət vəkili və səfirlərlə görüşlər keçirmişik. Tələbələrimizin ixtisaslarına uyğun olaraq təlimlər də təşkil olunub. Qərb Universitetində  ilk dəfə "BMT Modeli" konfransını təşkil edib, digər uğurlu layihələrə imza atmışıq. Əlbəttə, fəaliyyətimiz bununla yekunlaşmayacaq. 10 fevral 2016-cı ildə İdarə Heyətimizin iclasında qəbul etdiyimiz qərara görə fəaliyyətimizi daha da gücləndirərək xarici əlaqələri genişləndirəcəyik. Universitet rəhbərliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi isə işimizi daha da rahatlaşdırır və məhsuldar edir.

-Ali təhsilinizi ölkədən kənarda davam etdirmək kimi planlarınız varmı?

-Hazırda 3-cü kursda təhsil aldığıma görə təhsilimi harada davam etdirəcəyim barədə bir plan qurmamışam. Təhsilimi doktoranturaya qədər davam etdirəcəyim isə dəqiqdir. Lakin "harada" sualına hələ dəqiq cavab verə bilmirəm. Ölkə daxilində magistr təhsilini davam etdirsəm, heç fikirləşmədən, ilk seçimim elə Qərb Universiteti olacaq. Lakin təhsilimi xaricdə davam edəsi olsam, çox güman, hansısa Skandinaviya ölkələrinin birini seçəcəyəm. Əslində, xaricdə təhsilin gənclərə töhfəsi çoxdur. İnsan evindən, vətənindən uzaq olanda, artıq real çətinliklərlə üzləşir və bu çətinlikləri aradan qaldırmağı zamanla öyrənir.  Bu, gənclərimiz üçün böyük bir təcrübə olur.

Son illərdə daha çox gəncimizin xaricdə təhsil alması Azərbaycan üçün böyük bir uğurdur. Təhsillə yanaşı, gənclərimiz orada təcrübə qazanır, maariflənir və ölkəmizi layiqincə təmsil edirlər. Bundan başqa, Vətənə döndükdən sonra öyrəndikləri bilikləri burada tətbiq etməyə başlayırlar.

- Xaricdə təhsil alan gənclərimizin ölkəyə xeyirli kadrlar olacağını dediniz. Bəs ümumilikdə gəncliyimizi necə xarakterizə edərdiniz?

- Hazırda Azərbaycan gəncliyi iki hissəyə bölünür. İctimai işlərdə aktiv fəaliyyət göstərən gənclər və bu sahələrə maraq göstərməyənlər. Ümumi xarakterizə etsək, Azərbaycan regiondakı digər ölkələrə nisbətən bu sferada daha çox inkişaf edib. Ölkəmizin gənclər siyasəti hazırda uğurla davam etdirilir və gənclərə dövlət tərəfindən böyük dəstək verilir. Ölkəmizdə gənclərin inkişafı üçün Gənclər və İdman Nazirliyi tərəfindən, Prezident yanında Gənclər Fondundan müxtəlif Qeyri-hökumət təşkilatları tərəfindən bir çox işlər görülür. Tələbələrin ictimai işlərə marağının günü-gündən artması da çox gözəl bir haldır. 10 il bundan əvvəlki gəncliklə indiki gəncliyi müqayisə etsək, aradakı böyük fərqi rahatlıqla görmək mümkündür. Gənclərimiz daha çox asudə vaxtlarının qədrini bilir, sosial layihələrə könüllü, təşkilatçı və ya iştirakçı qismində qatılaraq öz təcrübələrini bir-birləri ilə bölüşürlər.

-Bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Tələbələr, gənclərimiz bu beynəlxalq yarışa hansı töhfələrini verə bilər?

- Daha öncəki təcrübələr bunu göstərdi ki, bu tip oyunların təşkili könüllülərsiz qeyri-mümkündür. Könüllülük fəaliyyəti mənim üçün belə əhəmiyyətli yarışların uğurlu təşkilində böyük bir faktordur. Sırf yeni macəralar, maraqlı hadisələr, yeni tanışlıqlar mənə görə könüllülük fəaliyyətinin verdiyi ən böyük hədiyyədir. “Bakı 2015” Avropa Oyunları mənim ilk könüllülük təcrübəm olub. Təlim zamanı könüllülərin nə dərəcədə bu tip tədbirlər üçün zəruri olduğu deyilsə də, bu sözləri səmimi qarşılamırdım. Sadəcə, həvəsləndirmək üçün olduğunu fikirləşirdim. Lakin zamanı artıq fərqinə vardım ki, könüllülük anlayışı böyük bir institutdur və hər bir uğurlu beynəlxalq yarışın, tədbirin arxasında böyük bir könüllü ordusu durur. Qarşıdan gələn “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarında "NOC Assistant" vəzifəsində fəaliyyət göstərəcəyəm. Fürsətdən istifadə edərək bütün gəncləri bu tədbirlərin bir parçası olmağa çağırıram. Şəxsi təcrübəmə əsaslanaraq deyirəm ki, bu cür fəaliyyət onların gələcək həyatlarında bir çox uğurların qazanılması üçün tramplin rolunu oynayacaq...

 

Tural Tağıyev

Palitra.-2017.-1 mart.-S.7.