Kitabxanalar qəzet və kitablarla
pulsuz təchiz edilməlidir
Milli Kitabxanada kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, jurnal və qəzet redaktorlarının iştirakı ilə respublika müşavirəsi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən təşkil edilib. Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov müşavirənin mətbu nəşr və materiallarının Milli Arxiv Fondunun yaradılması üçün keçirildiyini bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” qanunlara əsasən Milli Kitabxananın ölkə ərazisində nəşr olunan kitablardan 4 nüsxə, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə almalı və onların əsasında milli mətbuatın arxiv fondunu yaratmalı olduğunu bildirib. Milli Arxiv Fondunun yaradılması və bu işin təkmilləşdirilməsinin həmişə ölkə başçısının diqqət mərkəzində olduğunu deyən nazir Prezidentin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə müvafiq sərəncamından danışıb, məcəllədə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına əlavələr olunduğunu söyləyib.
“Müşavirədə bununla bağlı mexanizm müzakirə olunur. Milli Kitabxananın nəzdində Milli Arxiv Fondu formalaşmalıdır. Azərbaycandakı bütün nəşriyyatlar tərəfindən buraxılan nəşr məhsulunun nüsxələri təmənnasız olaraq bu fonda təqdim edilməlidir. Əsas məqsəd Milli Kitabxanada mətbu orqanların tarixinin və silsiləsinin yaradılmasından ibarətdir. Bu, bir xəzinə olmalıdır və bu xəzinəyə hər bir buraxılan nəşr daxil edilməlidir. Bu mətbu orqanların tarixi tədqiqatlar, araşdırmalar, gələcək nəsillərə çatdırılması üçün əhəmiyyət kəsb edən məsələdir. Konkret olaraq özəl və ya dövlət nəzdində olan və ya digər formada fəaliyyət göstərən hər bir nəşriyyat hər hansı bir məhsulun bir nüsxəsini mütləq şəkildə, qanun çərçivəsində təqdim etməlidir”, - deyə Ə.Qarayev vurğulayıb.
Nazir bildirib ki, nüsxələri təqdim etməyənlər barədə inzibati xətalar haqqında müvafiq cərimələr tətbiq ediləcək. Birinci dəfə üçün maddi cərimələr olacaq. İkinci dəfədən isə həmin nəşriyyata qarşı daha ciddi tədbirlər görüləcək.
Ə.Qarayev nazirlik tərəfindən xüsusi komissiya yaradıldığını və komissiyanın nüsxələrin təqdim edilməsinə nəzarət etdiyini söyləyib. Bildirilib ki, bu prosesdə mətbu orqanlar və nəşriyyatlar özləri maraqlı olmalıdır, məsuliyyəti dərk etməlidirlər. Ə.Qarayev nazirlik və Milli Kitabxananın həyata keçirdiyi bərpa-nəşr layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihəyə əsasən ölkədə və xaricdə az sayda olan kitablar yenidən bərpa edilərək çap olunacaq. Nazir, həmçinin Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) barədə də söz açıb.
Çıxışının sonunda nazir kitabların nüsxələri ilə bərabər elektron formada da təqdim edilməsi təklifini irəli sürüb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, mətbu orqan və kitabların gələcək nəsillərə çatdırılması bizim borcumuzdur. Bu işdə çətinlik yaradan məsələlərdən biri də mətbəələrin sayının çox olmasıdır. Ona görə də məcburi nüsxələrin təhvil verilməsi prosesi pozulur. Vüqar Səfərli qəzetlərin nüsxələrinin təhvil verilməsi məsələsinə diqqət çəkərək təklif irəli sürüb. Təklifə əsasən qəzetlər “Azərmətbuatyayımı” ASC-yə müraciət etsinlər və 10 nüsxə kitabxanalara göndərilsin. “Azərmətbuatyayımı” ilə əməkdaşlıq etməyənlər isə özləri təqdim etsinlər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bir sıra ölkələrin arxivlərində olan Azərbaycana məxsus mətbu nəşrlərin nüsxələrinin ölkəmizə gətirilməsini təklif edib.
Azərbaycan Naşirlər və
Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsədzadə
müzakirə olunan məsələnin
aktuallığından danışaraq naşirlərin üzərinə
böyük vəzifə düşdüyünü
söyləyib. Nazirlik və Milli Kitabxananın birgə
2011-ci ildən həyata keçirdiyi bərpa-nəşr
layihəsinə əsasən 50-dən çox
kitab çap etdiklərini
söyləyib. “İki sahil”
qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə
çıxışında yeni
yaradılan nəşriyyatların məsuliyyət hiss etmələri üçün
onların hesabat vermələri, elektron media orqanları ilə
bağlı ciddi tədbirlər
görülməsi və regionlara olan mətbu orqanların nüsxələrinin
təhvil verilməsi təkliflərini irəli sürüb.
Nigar
Palitra.-2017.-1 mart.-S.3.