Cocuq Mərcanlının bərpası
dünyaya mesajdır
Bərpa prosesi torpaqlarımızın ermənilər tərəfindən işğalı, orada törədiən vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı imkandır
Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdirilir. Məlum olduğu kimi, ötən ilin aprel ayında aparılmış uğurlu hərbi əməliyyatlardan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib. Cocuq Mərcanlının işğaldan azad olunması dünya ictimaiyyətinə burada baş verən həqiqətləri çatdırmağa da imkan verir. Bu məqsədlə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olundu ki, 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verildi. Bundan başqa, Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələrinin də Cocuq Mərcanlı kəndinə səfəri təşkil olundu ki, 30 nəfərə yaxın media nümayəndəsinə burada mövcud vəziyyətlə bağlı məlumat çatdırıldı. Bütün bunlar isə torpaqlarımızın ermənilər tərəfindən işğalı, burada törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması deməkdir.
Cocuq Mərcanlı kəndində yaşayış evləri sənədləşdirilir
Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncama əsasən, digər dövlət qurumları kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) də öz fəaliyyəti çərçivəsində tədbirlərə başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsi Cocuq Mərcanlı kəndinin əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işini həyata keçirməkdədir. İlkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 23 avqust 1993-cü il tarixə sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Belə ki, görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyənedici sənədlər əldə edilib. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanıb. Eyni zamanda dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə Arxiv arayıcı alınıb. Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Vətəndaşlara məxsus əmlakların texniki pasportların hazırlanması məqsədi ilə 34 fərdi evin çöl ölçmə işləri aparılmış və texniki pasportların hazırlanmasına başlanılıb. Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.
YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlının bərpasında iştirak edəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən "Cocuq Mərcanlıdan Şuşaya" adlı gənclərin inşaat dəstəsinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək deyib ki, ötən ilin aprel ayında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu böyük qələbə əldə edib, torpaqların bir hissəsi işğaldan azad edilib. O qeyd edib ki, bu günlərdə YAP Nəsimi rayon Gənclər Birliyinin bir qrup fəal üzvü müraciət edərək işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat-tikinti dəstələri yaratmaq istədiklərini söyləyiblər: “Bu təşəbbüs və müraciətlər YAP Gənclər Birliyi və YAP Nəsimi rayon təşkilatı tərəfindən birgə müzakirə edilib və yüksək qiymətləndirilib. Bu günədək YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından olmaqla, mindən çox gənc partiya fəalı təşəbbüsə qoşulub. Vurğulanıb ki, YAP gənclərinin inşaat dəstəsinin Cocuq Mərcanlı kəndində bərpa işləri bitənədək görəcəyi işlərin planı müzakirə olunub və kəndin bərpasına cavabdeh qurumların rəhbərliyinə göndərilib: “Birinci dəstəmiz mart ayında Cocuq Mərcanlıya səfər edəcək. Sonrakı mərhələdə gənclər yaşıllaşdırma tədbirlərinə də qatılacaq. Rayon təşkilatımızın Cocuq Mərcanlıda yığıncaqları da təşkil olunacaq. Gələcəkdə digər torpaqlarımız azad ediləndə gənclərimiz quruculuq işlərində fəal iştirak edəcək”.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə vurğulayıb ki, bu gün Azərbaycanda çox vətənpərvər və cəsur gənclik formalaşıb: “Aprel döyüşləri göstərdi ki, gənclərimiz hər an Ali Baş Komandanın əmrini gözləyir. Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası barədə sərəncamından sonra YAP Nəsimi rayon Gənclər Birliyinin bir qrup fəal üzvü təşkilat rəhbərliyinə müraciət edərək bərpa işlərində iştirak etmək istədiklərini bildiriblər. Bunun özü torpaqlarımızın işğaldan azad edilməsinin nə qədər yaxın olduğunu göstərir”.
ANAMA-nın mütəxəssisləri Cocuq Mərcanlıda 421 qəlpə aşkar ediblər
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 8 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər. Baxış zamanı 421 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat tapılmayıb. Ümumilikdə 37 min 741 kvadratmetr (15 min 210 kvadratmetr əl ilə, 12,5 min kvadratmetr mexaniki üsulla, 10 min 31 kvadratmetr minaaxtaran itlərlə) ərazi yoxlanılıb. ANAMA-nın məlumatına görə, 25 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 103 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Doqquz partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 1 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VL” raket, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası və 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi) və 3 ədəd piyada əleyhinə “OZM-72” mina və 26 ədəd tank əleyhinə mina (2 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 742 min 450 kvadratmetr ərazi (367 min 469 kvadratmetr əl ilə, 173,5 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 88 min 481 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən fevralın
28-dək Ağdam, Ağstafa,
Füzuli, Şamaxı, Xızı, Beyləqan,
Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl
rayonlarında, Lənkəran, Gəncə, Şirvan
və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1
hərbi hissənin
yaxınlığına, 107 ev və həyətyanı
sahəyə, 1 kənd orta məktəbinin
həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi
əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə,
yaşayış binasının yaxınlığına
baxış keçirilib. Baxış
zamanı 1968 partlamamış hərbi sursat,
64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada
əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilib.
Ümumilikdə 776 min 44 kvadratmetr
ərazi (401 min 63 kvadratmetr
əl ilə, 173,5 min kvadratmetr
mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və
88 min 481 kvadratmetr minaaxtaran itlərlə)
yoxlanılıb.
Nigar Abdullayeva
Palitra.-2017.-2 mart.-S.11.