“Asudə vaxtlarını səmərəli
keçirən gənclərimizin sayı həddən
artıq çoxalıb”
Aziyə
Hacıyeva: “İslam Həmrəyliyi Oyunlarında
könüllülər təcrübə, yeni biliklər,
unudulmaz və maraqlı günlər, ən əsası isə
möhkəm dostluqlar qazanacaqlar”
Müsahibimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Aziyə Hacıyevadır.
-Özünüz barədə ətraflı məlumat verərdiniz.
-Mən, Hacıyeva Aziyə Tacıbəy qızı 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilə 2003-cü ildə 252 nömrəli məktəb-liseydə başladım. 2014-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdim. Həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinə daxil oldum. Hazırda Sənətşünaslıq fakültəsinin III kurs tələbəsiyəm. 2015-ci il 1 dekabr tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri seçildim və hazırda da TGT sədri kimi fəaliyyət göstərirəm. Ziyalı ailəsində böyümüşəm, atam AZAL-da həkim, anam isə 252 nömrəli məktəb-liseydə dərs hissə müdiridir.
-Akademiyanız Azərbaycan incəsənətinə perspektivli kadrlar bəxş edir. Yəqin belə bir ali təhsil ocağında oxumağınız sizin üçün də fəxr olar?
-Əlbəttə, akademiyamıza çox bağlıyam. Hər zaman da akademiyamız haqqında ağızdolusu danışıram. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanına əsasən yaradılıb. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dizayn, rəsm, teatr dekorasiyası sənəti, qrafika kimi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında aparıcı ali təhsil ocağı kimi tanınır. Akademiya heykəltəraşlıq üzrə mütəxəssislərin də hazırlanma mərkəzi sayılır. Adıçəkilən ixtisaslardan başqa, akademiyanı bitirən tələbələr şüşə, keramika və metalla işləmək bacarığı da əldə edirlər. Akademiyanın məzunlarının hazırladığı əl işləri beynəlxalq sərgilərdə təqdim edilir və xaricdə şəxsi kolleksiyalara satılır. Maraq üçün deyim ki, hazırda akademiyada bu ixtisaslar tədris edilir: Rəngkarlıq (əyani), Teatr və dekorativ sənət (əyani), Qrafika (əyani), Rəssam-Memar (əyani), İnteryer üzrə rəssam (əyani), Dizayner – Rəssam (əyani), Reklam işi üzrə rəssam (əyani),
Modelyer – Rəssam (əyani), Dekorativ -tətbiqi incəsənət və xalq yaradıcılığı (şüşə, keramika, metal) (əyani), Bədii toxuculuq ( qobelen, batika ) (əyani), Xalçaçı-rəssam (əyani), Təsviri incəsənətin tarixi və nəzəriyyəsi (əyani), Təsviri incəsənətin tarixi və nəzəriyyəsi (qiyabi), İncəsənət əsərlərinin bərpası və ekspertizası (əyani), İncəsənət əsərlərinin bərpası və ekspertizası (qiyabi). Bunları ona görə sadaladım ki, bəlkə də, müsahibəni oxuyan incəsənətə meyilli hansısa abituriyent seçimini bu ixtisaslar üzrə akademiyamızda edə bilər. Akademiyada yaradılan mühitə gəldikdə isə, fikrimcə, bura yaradıcı insanlar üçün yetərincə uyğun bir məkandır. Bir daha bunu əminliklə deyirəm ki, akademiyamızda olan mühit heç bir ali təhsil müəssisəsində yoxdur. İstər tələbələrin bir-biri ilə çox səmimi, mehriban münasibəti, istərsə də müəllimlərlə tələbələr arasındakı əlaqə daim yüksək səviyyədədir. Məncə, bu da yetərincə önəmli amildir. Bütün bu dediklərimin- belə bir mühitin yaradılmasının ən əsas səbəbkarlarından biri rektorumuz Ömər Eldarovdur. Rektorumuzun biz tələbə və müəllimlərə göstərdiyi hörmət, qayğı nəticəsində bu gün akademiyamızda hər şey öz qaydasındadır və təhsil də yüksək səviyyədədir.
-Akademiyanın TGT sədri kimi fəaliyyət göstərdiyinizi qeyd etdiniz. Bir qədər də TGT-niz haqqında söz açardınız.
-TGT sədri kimi 2 ildir ki, fəaliyyət göstərirəm. Bu müddətdə bir sıra tədbirlərimiz, layihələrimiz olub. Akademiya daxilindəki işlərlə yanaşı, ADRA-dan kənar bir sıra tədbirlərdə, yarışlarda iştirakımız da az deyil. Birinci yer tutduğumuz, nailiyyət qazandığımız tədbirlər də var. ATGTİ-nin daim bizə, gördüyümüz işlərdə təşkilatçılığı və dəstəyi olub. Buna görə də Şahin İsmayılova və komandasına dərin təşəkkürlərimi bildirirəm. Gördüyümüz işlərə nümunə kimi: "Siqaret dəbdir?!" , "Hədiyyə yağmuru" xeyriyyə sərgisini , "Xeyriyyəyə vəsilə" yarmarkanı, "Zövq" fotosərgisini, "Novruz" satış sərgisini, "Marketri" rəsm sərgisini, "Sağlam gələcək naminə ağ ölümə yox deyək" layihəsini, "Xocalı faciəsinin tarixdə və təsviri sənətdə əksi", 20 Yanvar hadisələri ilə bağlı filmlərin nümayişini, xarici rəssam və digər incəsənət nümayəndələri ilə görüşləri, tələbələr arasında bilik yarışının keçirilməsini, Gənclər və İdman Nazirliyinin layihələrinin təqdimatını, Gənclər Fondunun nümayəndələri ilə görüşü, Təhsil Nazirliyinin təsis etdiyi Bir Könüllü proqramı ilə mütəmadi olaraq iş birliyini, həkim-psixoloqlarla görüşü və digər işləri göstərə bilərəm. Bunlar ADRA TGT-nin fəaliyyətinə daxil olan layihələrdəndir. TGT-yə sədrlik etdiyim müddətdə mənim üçün ən çətin, ən çıxılmaz vəziyyətdə qaldığım tədbirlərdən biri Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin anım mərasiminin keçirilməsi idi. Bu zaman tək mən yox, ADRA ailəsinin necə çətin günlər keçirdiyinin şahidi oldum. Onun yaxın dostları hələ də bu itki ilə barışa bilmirlər və mən növbəti görəcəyim iş olan Samir Kaçayevin ildönümünə həsr olunacaq tədbirin necə ağır, bir o qədər də qürurverici olduğunu bilirəm, bu işin məsuliyyətini anlayıram.
-Xaricdə təhsilinizi davam etdirmək fikriniz varmı?
-Sözün düzü, hələ bu haqda fikirləşməmişəm. Amma niyə də yox? Xaricdə təhsil alan gənclərə həmişə böyük hörmətim olub, onlar çətin və uğurlu yoldadırlar. Əminəm ki, təhsillərini davam etdirdikləri ölkədə bu tələbələrimiz təkcə elmə yiyələnmirlər, Vətənimizi layiqincə təmsil edirlər. Lazımi biliklərə yiyələnib, burada ehtiyacı olan gənclərə düzgün yol göstərəcəklərinə də inanıram. Amma bizim də ali təhsil müəssisələrimizdə yetərincə savadlı kadrlar yetişir.
-Bəzən deyirlər ki, Azərbaycan gəncliyi gözlənildiyindən də xeyli inkişaf edib, artıq 90-cı illərin gəncliyi ilə bugünkü gənclik arasında böyük fərq yaranıb. Tələbələrimizi, ümumən gəncliyimizi necə dəyərləndirərdiniz?
- Əlbəttə, on beş, iyirmi il əvvəlki gənclik ilə indiki gənclik arasında xeyli fərq var. Ozamankı gənclər asudə vaxtlarını küçələrdə, çayxanalarda və s. kimi arzuolunmaz məkanlarda keçirirdilər. İndiki gənclərin böyük qismi isə dil öyrənir, yeni-yeni xeyirli məşğuliyyətlər tapır, ictimai işlərdə daha çox aktiv olurlar. Bir sözlə, Azərbaycan gəncliyinin indiki durumunu müsbət qiymətləndirmək olar. Xüsusən də, son illərdə gənclərimizdəki vətənpərvərlik ruhu, daim çalışmaq, oxumaq istəyi özünü yetərincə büruzə verir. Təbii ki, bu hamı üçün də nəzərə alına bilməz. Amma, əminəm ki, tezliklə bütün gəncliyimizdə bu önəmli və müsbət xarakterlər öz əksini tapacaq. Daha çox gənclərimizin ictimai işlərdə aktiv iştirakı da göz önündədir. Bu ürəkaçan bir mənzərədir. Asudə vaxt isə hər gəncin özünə ayırdığı bir zamandır. Daha doğrusu, gün ərzində bizə qalan boş vaxtımız. Məncə, asudə vaxtlarını necə keçirmək gənclərimizin şəxsi qərarlarıdır. Amma xeyirli işlərlə, vərdişlərlə bu vaxtı doldurmaq lazımdır. Aydın məsələdir ki, boş vaxtlarımızda əylənmək, dostlarla, ailəmizlə vaxt keçirmək bizim üçün birinci yerdə gəlməlidir. Qısası, asudə vaxtlarını səmərəli şəkildə keçirən gənclərimizin sayı həddən artıq çoxalıb.
-Azərbaycan tezliklə daha bir mötəbər beynəlxalq yarışa ev sahibliyi edəcək. İslam Həmrəyliyi Oyunları adlı bu beynəlxalq yarışda gənclərimiz hansı formada öz töhfələrini verəcəklər?
-Yarışlarda tələbələrimizin, gənclərin uğurlu iştirakını, inşallah, zamanla görəcəyik. Deyə bilərəm ki, akademiyada təhsil alan tələbələrimizdən də yetərli sayda könüllülərimiz bu işə böyük həvəslə qoşulublar. Ümumilikdə könüllü tələbələrin fəaliyyəti bu işin böyük bir hissəsini təşkil edir. Əminəm ki, ölkəmiz layiqincə bu yarışların keçirilməsini təmin edəcək. Təbii ki, tələbələrimizin də köməyi ilə yarışlarda hər şey yüksək səviyyədə təşkil ediləcək. Bu oyunlarda iştirak edən hər bir könüllü oyunların yüksək səviyyədə keçirilməsi üçün edəcəkləri köməklə yanaşı, həm də çoxlu təcrübə, yeni biliklər, unudulmaz və maraqlı günlər, ən əsas isə möhkəm dostluqlar qazanacaqlar. Bunu tam əminliklə deyirəm.
Tural Tağıyev
Palitra.-2017.-3 mart.-S.6.