“Ermənistanın işğalçı
siyasəti artıq himayədarları tərəfindən də
qəbul olunmur”
“Səfirlər gördülər
ki, erməni faşizmi nə deməkdir, necə qısa
müddətdə bu yerləri darmadağın ediblər”
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycanın
ədalətli mövqeyinin müdafiə
edilməsi istiqamətində davamlı tədbirlər həyata
keçirilir. Bununla
bağlı reallaşdırılan tədbirlərdə gənclərimiz
də öz əməyini əsirgəmir.
Həm təhsil
aldıqları ali təhsil ocaqlarında,
həm də xaricdə bununla bağlı
müxtəlif tədbirlər həyata keçirirlər. Bu gün gənclərimiz
işğal olunmuş
torpaqlarımızla bağlı yeni layihələrlə
çıxış edirlər.
“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib. Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, ombudsman Elmira Süleymanova, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.
Ali məktəbin rektoru Gülçöhrə Məmmədova bildirib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlar azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrin bu işə verə biləcəkləri töhfədir. Rektor deyib ki, bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır: “Layihəni SABAH qrupları layihəsinin tələbələri hazırlayıb. Bu gün ali məktəbin 3 ixtisas üzrə SABAH qruplarında 132 tələbə təhsil alır. Bu ixtisaslarda təhsil alan tələbələrin gözəl nəticələri var və onların təhsilə marağı daha yüksəkdir”.
Layihənin ideya rəhbəri, universitetin ekologiya kafedrasının müdiri Fəqan Əliyev, tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsini hazırlamaqla tələbələr uzaqgörənlik nümayiş etdiriblər: "Hər bir universitet, məktəb və uşaq bağçalarında işğal altında olan ərazilər üçün müəyyən layihələr hazırlamaq üçün kifayət qədər mövzu var". Onun sözlərinə görə, sözügedən konsepsiya yayılmalı və geniş vüsət almalıdır: “Gənclərə geniş yol açmaq lazımdır. Prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçiləndə müasir Azərbaycan gəncinin yetişməsi üçün əlindən gələni edəcəyini vurğulamışdı və artıq bu fikir öz təsdiqini tapmış olur”.
Ölkə başçısının Cocuq Mərcanlı ilə bağlı sərəncamının xüsusi əhəmiyyət daşıdığını deyən Ə.Həsənov qeyd edib ki, Prezidentin verdiyi sərəncam həmin ərazinin siyasi mahiyyətini gücləndirdi. Ə.Həsənov indiki gənclərin vətənpərvərlik ruhunda böyüməsini vacib hesab edib: “Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. Məcburi köçkün uşaqların hərbi təhsil alması ilə bağlı 2014-cü ildə araşdırma aparmağa başladım, xoşagəlməz mənzərə ilə qarşılaşdım: bütün işğal olunmuş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə Prezidentə müraciət edərək məsələnin həlli üçün icazə istədim. Sənin torpağın işğal olunubsa, hərbi təhsil almaq istəmirsənsə, bununla yanaşı, hətta fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə, hətta xaricdə yaşayanlar da hərbi xidmət çəkmək üçün vətənə gəlirlər. Bu, bizim üçün gözəl bir nümunədir. Biz Təhsil Nazirliyi ilə işə başladıq, Dövlət Komitəsində digər qurumların iştirakı ilə görüş keçirdik. Hətta bu görüşdə mən məcburi köçkün ailələrə müraciət edərkən dedim ki, hərbi xidmətdə olmamış, fərarilik etmiş oğlanlara qız verməyin. Əgər uşaq məktəbə keyfiyyətsiz gəlirsə, günah bağçada, ali məktəbə keyfiyyətsiz gəlirsə, günah məktəbdədir. Bu gün ali hərbi məktəblərdə təhsil alan tələbələrin sayı 10 dəfə artıb, fərarilik aradan qalxıb”.
Milli Məclisin sədr müavini Bahar Muradova layihəni yüksək qiymətləndirərək onu dünyaya mesaj kimi qəbul etdiyini vurğulayıb. Bu yaxınlarda Cocuq Mərcanlıya səfər etdiyini xatırladan B. Muradova bildirib ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyü ilə dünyaya görünəcək: “Ağdam və bütün Qarabağ öz əvvəlki görkəminə qayıdacaq”.
Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin, sadəcə, peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkənin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyin bariz nümunəsi olduğunu bəyan edib. Nazirin sözlərinə görə, ötən ilin aprel döyüşləri düşmənlərə və dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir: “Bu gün ali təhsildə bir sıra layihələr həyata keçirilir. Bu il SABAH layihəsinin ilk məzunları olacaq. Onların əmək bazarına çıxışı, ictimai həyata qatılacağını gözləyirik”. Təhsil naziri tələbələrin yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayaraq belə bir layihənin ərsəyə gətirilməsinin tələbələrimizin potensialından xəbər verdiyini diqqətə çatdırıb.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, Azərbaycan gəncliyi hər zaman döyüşə hazırdır. O xatırladıb ki, aprel hadisələrindən sonra minlərlə gənc döyüşə getmək üçün müraciət edib: “İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır”.
“Xocalı soyqırımını törədən cəlladlar beynəlxalq məhkəməyə veriləcək, hər bir günahkar öz cəzasını alacaq”
“Cocuq Mərcanlıda səfərdə olan zaman Rusiyanın Azərbaycandakı səfiri Doroxin dedi ki, adətən, informasiya işi ilə məşğul olur, kağız üzərində işləyirlər. Bildirdi ki, Cocuq Mərcanlıda dağıntının nə demək olduğunu, kiçik bir kəndin qısa müddətdə necə dağıdıldığını gözləri ilə görüblər”. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, səfirlərin əksəriyyəti öz mövqelərini ifadə ediblər: “Səfirlər gördülər ki, erməni faşizmi nə deməkdir, necə qısa müddətdə bu yerləri darmadağın ediblər. Bu gün dünya artıq Azərbaycan barədə danışır. Əgər Ermənistan əvvəllər informasiya axınında bizi üstələyirdisə, biz onların arxasında qalırdıqsa, son illər hər şey dəyişib. Prezidentin apardığı siyasət nəticəsində artıq Azərbaycan informasiya yayımında öndə gedir, Ermənistan arxamızca çata bilmir və çata bilməyəcək də. Ermənistanın işğalçı siyasəti artıq dünya, o cümlədən himayədarları tərəfindən də qəbul olunmur. Yəqin ki, Ermənistandakı işğalçı rejiminin sonu yaxınlaşır”.
Baş nazirin
müavini qeyd edib ki, Xocalı
soyqırımını tanıyan ölkələrin sayı
artır: “Yəqin ki, bu
işlər sona çatacaq,
Xocalı soyqırımını törədən cəlladlar
beynəlxalq məhkəməyə veriləcək, hər bir günahkar öz cəzasını alacaq”.
Nigar Abdullayeva
Palitra.-2017.-4 mart.-S.11.