Sahibkarlıq fəaliyyəti ilə məşğul
olanlar arasında gənclərin sayı
artıb
İndiyədək 5300-dən çox gənc sahibkara 369,1 milyon manat güzәştli kredit verilib
Ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olan özəl sektorun
inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə
hərtərəfli dövlət dəstəyi göstərilir,
bu sahədə müxtəlif mexanizmlər
tətbiq edilir. Sahibkarların maarifləndirilməsi,
gənclərin sahibkarlıq fəaliyyətinə cəlb
edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Dünən Yevlaxda İqtisadiyyat, Gənclər
və İdman nazirliklərinin, Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər
Fondunun, “ASAN xidmət”in, Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri,
biznes inkubator
iştirakçıları, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən
təşəbbüskar gənclərin iştirakı ilə
“Biznes inkubatorların gənc
sahibkarlığın inkişafında rolu”
mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
Prezident tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində
ölkəmizdə əlverişli biznes və
investisiya mühitinin
yaradıldığını, sahibkarlıq fəaliyyətinin
genişləndiyini vurğulayıb. İqtisadiyyatın
diversifikasiyasının, qeyri-neft sektorunun
inkişafının, rəqabətqabiliyyətli məhsul
istehsalının genişləndirilməsinin prioritet
istiqamətlərdən olduğunu qeyd edən S.Məmmədov bu
sahədə özəl sektorun xüsusi rolunu qeyd edib,
sahibkarlığın inkişafına göstərilən
dövlət dəstəyi tədbirləri barədə
məlumat verib. Qeyd edilib
ki, ölkədə gənclərin iqtisadi fəallığının
artırılması, onların sahibkarlıq fəaliyyətinə
cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər
həyata keçirilir. İndiyədək
5300-dən çox gənc sahibkara 369,1 milyon manat güzәştli kreditlәr
ayrılıb ki, bu
da 16 mindən çox
yeni iş yerinin yaradılmasına imkan
verir. Bundan başqa, gənclərin
sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə
tədbirləri keçirilir, Almaniya-Azərbaycan
ikitərəfli proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir.
2009-2016-cı illərdə 300-ə yaxın sahibkar
və gənc menecer Almaniyanın
müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Görülmüş işlərin nəticəsidir
ki, son illər
sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayı
artır. Biznes inkubatorların yaradılmasının
sahibkarlığın inkişafına göstərilən
dövlət dəstəyi tədbirlərindən olduğunu vurğulayan Sahib Məmmədov gənclərin sahibkarlıq
fəaliyyətinə cəlb edilməsində, onların innovativ potensialının və təşəbbüskarlığının
dəstəklənməsində, eləcə
də iqtisadi rayonun
inkişafında əhəmiyyətini diqqətə
çatdırıb. İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində
fəaliyyətə başlayan biznes inkubator da məhz bu məqsədə
- gənc sahibkarların hazırlanmasına xidmət edir. Yevlax Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini Qənimət Qaraşov
çıxışında Yevlaxda biznes inkubatorun
yaradılmasının regionda
sahibkarlığın, eləcə də innovativ
və perspektivli biznes
sahələrinin inkişafına töhfə verəcəyini
qeyd edib, layihənin məşğulluğun
artırılmasında əhəmiyyətli
olacağını vurğulayıb. Çıxışlarda
dövlət tərəfindən gənclərə göstərilən
diqqət və qayğının daha da artdığı, gənclərin
yaradıcılıq və məşğulluq təşəbbüslərinin
genişləndiyi bildirilib. Qeyd edilib ki,
ölkəmizdə aparılan iqtisadi islahatlar hər bir gəncin,
bütünlükdə Azərbaycan gəncliyinin
inkişafı üçün yeni imkanlar yaradır. Bakı Biznes Tədris Mərkəzinin
direktoru Akif Fərruxov
bildirib ki,
sahibkarlıq fəaliyyətinə başlamaq
arzusunda olan gənclərə
biznes inkubatorda güzəştli
şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş ofislər verilir
və onlara ödənişsiz maarifləndirmə
tədbirləri, investisiya layihələrinin
və biznes planların
hazırlanması, biznesin təşkili və
idarə edilməsi ilə bağlı sistemli
və davamlı konsaltinq və informasiya xidmətləri təşkil olunur. Qeyd edilib
ki, biznes inkubator üçün
iştirakçıların (rezidentlərin) seçilməsi
məqsədi ilə kütləvi informasiya
vasitələrində, eləcə də İqtisadiyyat
Nazirliyinin internet səhifəsində
müsabiqə haqqında elanlar dərc edilib. Müsabiqə Komissiyasının qərarına
əsasən, 21 gənc biznes inkubator üçün rezident qəbul olunub. Tədbirdə çıxış edən biznes inkubator
iştirakçıları ölkədə
sahibkarlığın inkişafına göstərilən dəstəyə,
həyata keçirilən innovativ yönümlü tədbirlərə görə
dövlətimizin başçısına minnətdarlıq edib, layihənin gənclərin məşğulluğunun
artırılmasında, sahibkarlığın
inkişafında əhəmiyyətini vurğulayıblar.
Anar
Palitra.-2017.-4 mart.-S.10.