“Xocalı soyqırımı məsələsində
Türkiyə gəncliyi daha aktiv mövqe nümayiş etdirir”
“Xocalı
soyqırımı təkcə azərbaycanlılara
qarşı deyil, bütün
bəşəriyyətə qarşı törədilmiş
ağır və qanlı cinayətdir. Dünya
ictimaiyyəti bu cinayətdən dərs
almalı, bu qanlı soyqırımın
günahkarları isə cəzalandırılmalıdırlar”
Müsahibimiz Beynəlxalq Türk
Mədəniyyəti Təşkilatının (TÜRKSOY) elmi mütəxəssisi Cavid
Mövsümlüdür:
- Mən Cavid Elşad oğlu Mövsümlü 1989-cu ildə Bakı şəhərində hərbçi və müəllim ailəsində dünyaya gəlmişəm. Orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuşam. 2010-cu ildə fərqlənmə diplomu ilə məzun olduqdan sonra, BDU-nun Tarix fakültəsinin Asiya və Afrika Ölkələri Tarixi ixtisası üzrə magistraturaya qəbul olmuşam. Bir il akademik möhlət alaraq Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. 2010-2011-ci illərdə Dövlət Sərhəd Xidmətində hərbi qulluqdan sonra tərxis olaraq universitetdə təhsilimi davam etdirmişəm. Təhsil aldığım müddətdə BDU-nun Tarix fakültəsində və Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində müəllim və müdir vəzifələrində çalışmışam. 2014-cü ildə magistratura pilləsini də fərqlənmə ilə bitirərək, Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada yerləşən Hacettepe Universitetinin Tarix bölümünə Doktorantura pilləsinə qəbul olmuşam. Elə həmin ildən Ankarada yaşayıram. Elmi işim “XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milli fikrin inkişafı”dır. Fərqli ölkələrdə onlarca beynəlxalq elmi konfranslarda tarixçi olaraq iştirak etmişəm. Müxtəlif ölkələrdə çap olunan elmi jurnallarda onlarca elmi-araşdırmalardan ibarət məqalələrim dərc edilib. Ankarada yaşadığım müddətdə fərqli diaspor işlərində fəaliyyət göstərmişəm. Hazırda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) elmi mütəxəssis olaraq çalışıram. Ailəliyəm, bir övladım var.
- Ankarada azərbaycanlı tarixçi olaraq Qarabağ, Xocalı soyqırımı haqqında fəaliyyətinizlə bağlı məlumat verərdiniz.
- Zənnimcə, xarici ölkədə yaşayan hər bir azərbaycanlının öz ölkəsini təmsil etməsi onun üçün bir qürur mənbəyidir. Bu qürur hissini mən də bir azərbaycanlı olaraq yaşamağa çalışıram. Artıq üç ildir ki, qardaş ölkə olan Türkiyədə yaşayıram və tam səmimiyyətimlə söyləyə bilərəm ki, Azərbaycanla bağlı istənilən diaspor fəaliyyətlərini əlimdən gəldiyi qədər həm dəstəkləyirəm, həm də təşkil edirəm. Bu fəaliyyətimdə hər birimizin qanayan yarası olan Qarabağ və qan yaddaşımız olan Xocalı soyqırımı xüsusi yer tutur. Məlum olduğu kimi, bu il Xocalı soyqırımının 25-ci ildönümüdür. Təkcə fevral ayında mən Ankaranın fərqli yerlərində bu mövzu ilə əlaqədar olaraq konfranslar təşkil edib, mühazirələr oxumuşam, televiziya proqramlarında çıxış etmişəm. Doğrusu, bu tədbirləri, əsasən, Ankarada yerləşən əcnəbi və yerli qeyri-hökumət təşkilatlarında həyata keçirməyə daha çox üstünlük verirdim. Zənnimcə, belə mövzuları dünyaya çatdırmaq istəyiriksə, bunları məhz qeyri-azərbaycanlılara anlatmalıyıq. Əks təqdirdə özümüz deyib, özümüz eşitmiş olacağıq. Xocalı soyqırımına həsr olunmuş mühazirələrim “İraq Türkləri Mədəniyyəti və Yardımlaşma Dərnəyi”, “Ötükən jurnalı Ankara təmsilçiliyi”, “Rus Mədəniyyəti və Tədris Mərkəzi”, “Turançılar Toplumçu Düşüncə və Tədris Mərkəzi”, “Türkiyə Tədris Sendikası”, “Yerli Düşüncə Dərnəyi” və başqa qurumlarda təşkil olundu. Bu mühazirələrdə mən türkiyəli və əcnəbi vətəndaşlara mümkün qədər tarixi hadisələri tarixdə olduğu kim, dövrün müxtəlif mənbələrinə istinadən obyektiv çatdırmağa çalışırdım. Getdiyim yerlərdə mövzuya uyğun olaraq kitablar paylayır, sənədli filmlər izlətdirirdim. Düşünürəm ki, gördüyüm işlər, az da olsa, qarşıya qoyulmuş hədəflərə çatıb.
- Sizə bu fəaliyyətinizdə hansı dəstəklər
oldu?
- Bu il “Xocalı soyqırımı” mövzusunda həyata keçirtdiyim tədbirləri şəxsi təşəbbüsümlə keçirdiyimə görə lazım olan hər şeyi gözdən keçirib və özüm həll etmişdim. Amma buna rəğmən belə, sevindirici və qürurlandırıcı hal o oldu ki, tədbirlər silsiləsi əsnasında əlavə olaraq fərqli qurumlardan da dəstək oldu. Özəlliklə fəaliyyətlərimi yaxından izləyən Azərbaycanın Ankarada yerləşən səfirliyini xüsusi vurğulamaq istərdim. Səfirlik mənim tədbirlər hazırladığım təşkilatlara hədiyyə etməm üçün Azərbaycanla, Qarabağla, Xocalı ilə bağlı dəyərli kitablar və əyani vəsaitlər vermişdi. Bu kitab və əyani vəsaitlər tədbirləri təşkil etdiyim təşkilatların kitabxanalarına hədiyyə edildi. Eləcə də Ankarada yaşayan azərbaycanlı tələbələr və iş adamları da öz iştirakları ilə mənə çox böyük bir mənəvi dəstək olmuşdular. Bundan başqa, böyük bir dəstək, mənim Xocalı soyqırımına həsr olunmuş tədbirlərimin təşkil olunmasında mühüm rol oynayan fərqli təşkilatlar oldu. Bunu da vurğulamaq istərdim ki, fəaliyyətlərimi Azərbaycanın iyirmidən çox media qurumu işıqlandıraraq da dəstək olub. Bu saydıqlarım günümüzdə diaspor fəaliyyətində çox önəmli məsələlərdir. Məhz belə birliklərdən dirilik doğur. Bu olanlar isə bir daha sübut edir ki, biz istər azərbaycanlılar olaraq, istərsə də türk dünyası olaraq bir olmağı bacarırıq. Fürsətdən istifadə edib bu məsələdə dəstək olan hər kəsə təşəkkür etmək istərdim.
- Türkiyə toplumunun, xüsusilə gənclərin və
rəsmilərin Xocalı soyqırımına münasibəti
necədir?
- Qardaş Türkiyəmizdə üç illik bir müşahidələrim əsasında tam əminliklə deyə bilərəm ki, bu ölkənin ictimaiyyətində Azərbaycanla bağlı hər mövzuda bir həssaslıq var və bu səmimi həssaslıq ildən-ilə artır. Belə bir həssaslığı Xocalı soyqırımı mövzusunda da görürəm. Türkiyə gəncliyi əvvəlki illərdən fərqli olaraq bu məsələdə daha aktiv bir mövqe nümayiş etdirib. Məsələn, bir neçə il bundan qabaq 26 fevral tarixində bütün tədbirlərdə əksərən azərbaycanlıları görürdüksə, bu il belə tədbirlərin çoxunun təşəbbüskarlarının türkiyəli qardaşlarımızın olduğunu görürük. Eyni halı nəinki gənclərdə, həm də yaşlı nəsildə də görürük. Xocalı soyqırımının 25-ci ildönümündə bir çox siyasət və dövlət adamları, əvvəlki illərdə olduğu kimi, faciə, qətliam, olay kimi ümumi terminlər deyil, məhz “soyqırımı” terminini işlətmiş oldular. Bir çox türkiyəli millət vəkili və siyasilər istər müxalifət olsun, istərsə də iqtidarın təmsilçiləri ölkənin rəsmi strukturlarını Xocalı soyqırımını tanımağa səslədi. Zənnimcə, builki fəaliyyətlər Türkiyə Cümhuriyyətinin rəsmi səviyyədə Xocalı soyqırımını tanımaq üçün zəminin hazır olduğunu göstərməkdədir. Əminəm ki, bu tarixi hadisə yaxın gələcəkdə baş verəcək.
- Azərbaycan diasporunun Türkiyədə bu
istiqamətdə fəaliyyətini necə dəyərləndirirsiniz?
- Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının tanıdılmasında istər Türkiyədə yaşayan azərbaycanlılar, istərsə də Azərbaycanın Türkiyədəki səfirliyi çox əzmli və aktiv mövqe nümayiş etdirdi. Müşahidələrim əsasında tam əminliklə söyləyə bilərəm ki, soydaşlarımız Türkiyədə ildən-ilə daha güclü təşkilatlanır və fəaliyyət göstərirlər. Türkiyənin, demək olar ki, elə bir şəhəri, elə bir universiteti olmadı ki, orada Xocalı soyqırımı yad edilməsin. Azərbaycanlıların aktivliyindən və fədakarlığından təsirlənən türkiyəli qardaşlarımız da aktivlik və həmrəylik nümayiş etdirdilər. Bir çox tədbirlər azərbaycanlıların təşkilati olaraq iştirakı olmadan da həyata keçirildi. Məhz azərbaycanlıların aktiv fəaliyyəti nəticəsində Türkiyənin fərqli yerlərində Xocalı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi üçün parklar, abidələr, muzeylər və başqaları açılıb. Türkiyənin nəinki ali təhsil ocaqlarında, həmçinin orta məktəblərində, kolleclərində, qeyri- hökumət təşkilatlarında “Xocalı soyqırımı” yüksək səviyyədə yad edildi və tanıtdırıldı. Bu böyük və son dərəcə önəmli olan fəaliyyətlərdə bir azərbaycanlı vətənsevər kimi mənim, az da olsa, xidmətim oldusa, o zaman mənim üçün bu böyük bir xoşbəxtlik, böyük bir şərəf olub.
- Gələcək
fəaliyyətinizlə bağlı hansı planlarınız
var?
- Öncə bir azərbaycanlı
olaraq deyə bilərəm ki, vətənimiz Azərbaycan yolunda
yorulmadan çalışmalarıma davam etməkdə qərarlı və
israrlıyam. Zatən mənim əsas qayələrimdən biri də Azərbaycanımızı hər
istiqamətdə istənilən yerdə yaxşı bir vətəndaş kimi
təmsil etməkdir. Təbii ki,
tarixçi olduğum
üçün daha çox ölkəmi bu
istiqamətdə Türkiyə toplumuna və
Türkiyədə var olan
əcnəbi çevrələrə aşılamağa
çalışıram. Çünki Azərbaycan
istər bir xalq kimi, istərsə də coğrafi
məkan olaraq çox
keçmiş və zəngin tarixi-mədəni
irsə sahibdir. Bu
tarixi hər kəsin bilməyində fayda var. Azərbaycan
xalqı dünya mədəniyyətinin
inkişafında mühüm rol oynamış köklü
bir xalqdır. Azərbaycan tarixini
təbliğ etməklə yanaşı, ölkəmizə
qarşı mənfur düşmənlərimiz tərəfindən
törədilən haqsızlıqlar təbliğ
olunmalıdır. Bu xüsusda
Xocalı soyqırımı xüsusi olaraq işıqlandırılmalıdır.
Xocalı soyqırımı təkcə azərbaycanlılara
qarşı deyil, bütün
bəşəriyyətə qarşı törədilmiş
ağır və qanlı cinayətdir. Dünya ictimaiyyəti bu cinayətdən dərs almalı, bu qanlı soyqırımının
günahkarları isə cəzalandırılmalıdırlar.
İstər Azərbaycan dövləti və xalqı, istərsə
də xarici ölkələrdə yaşayan azərbaycanlılardan ibarət diasporlar da məhz bu yoldan
çıxış edərək, bir
daha yer üzündə
belə qanlı hadisələr baş
verməsin deyə, “Xocalıya Ədalət” tələb edir. Ümid edirəm ki, Azərbaycanımızın yanında olan haqq-ədalət tezliklə öz yerini tutacaq.
Nigar Abdullayeva
Palitra.-2017.-8 mart.-S.12.