“Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib”
İsmayıl Kərimov:
“Könüllülərə göstərilən xüsusi diqqət və qayğı
onların oyunlar zamanı işlərinə
daha həvəslə, daha
məsuliyyətlə yanaşmalarına şərait
yaradır”
Müsahibimiz Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının
sədri İsmayıl Kərimovdur.
(Əvvəli
ötən sayımızda)
-BDU TGT-si haqqında da söz açardınız.
- Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin 2005-ci il 15 fevral tarixli sərəncamına əsasən Azərbaycanda bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədilə Tələbə-Gənclər təşkilatları yaradıldı. Digər universitetlərlə yanaşı, Bakı Dövlət Universitetində də 2005-ci il iyun ayının 3-də Tələbə Gənclər Təşkilatı yaradıldı. Universitetdə 17 fakültə olduğu üçün təşkilatda 17 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və onlar Bakı Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. BDU TGT-də əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentlər təşkil olunub ki, bunlar da elm və təhsil, layihələr, beynəlxalq əlaqələr, insan resursları, ictimaiyyətlə əlaqələr departamentləridir. Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurub. Elm və təhsil departamentinin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, olimpiadaları, inşa yazı müsabiqələrini və sair bu səpkili tədbirləri həyata keçirir. Departamentin nəzdində Debat klub, İntellektual klub və Şən və Hazırcavablar Klubu, Ekologiya klubu fəaliyyət göstərir. Debat klub 2012-ci ildə respublika forumunun qalibi olub, İntellektual klub isə universitetlər arası birinciliyə nail olub. Digər tələbələrimizin uğurlarını da unutmaq olmaz. Şən və Hazırcavablar Klubu respublika üçüncüsüdür və klubun üzvləri Azərbaycan yığma komandasına seçiliblər. Layihələr departamenti təşkilatın müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideya, təklifləri dəstəkləmək məqsədi ilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir. Bu günə kimi departamentin ən böyük işləri “Müxtəlif mədəniyyətlərin tanıtım sərgisi”, “Gül festivalı”, “Layihələrin yazılması və idarə olunması”, “Qarabağın dünyaya yayılan səsi” və “Tələbə radiousu” internet radio layihəsidir. Beynəlxalq əlaqələr departamenti isə Bakı Dövlət Universiteti TGT-nin beynəlxalq əməkdaşlığın qurulmasında, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasında, razılaşmaların bağlanmasında, universitet tələbələrinin beynəlxalq tədbirlərdə, konfranslarda iştirak etməsinə yardımçı olur və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir. Tələbələrimiz müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər, bunların sırasında Cənubi Koreya, Gürcüstan, Rusiya, Almaniya, Fransa, Türkiyə kimi dövlətlərə səfəri qeyd etmək olar. Həmçinin Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Tələbə təşkilatları ilə əməkdaşlıq haqda müqavilələri mövcuddur. İnsan resursları departamenti təşkilat üzvlərinin uçotunu aparır, yeni üzvlərin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştirakını, həyata keçirilən layihələr üzrə əlaqəli şəxslərin, təşkilat komitəsinin işinin səmərəli keçməsini təmin edir. Təşkilatın 2000-ə yaxın üzvü var. Departament mütəmadi olaraq uşaq evlərinə, qocalar evinə, talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyaları təşkil edir. İctimaiyyətlə əlaqələr departamenti haqqında da söz açmaq istərdim. Bu departament həyata keçirilən tədbirlərə dair məlumatlar hazırlayır, keçirilən iclasların protokol və qərarlarını tərtib edir, kargüzarlıq işini təşkil edir, təşkilat haqda təqdimatları hazırlayır və fəaliyyət haqda informasiyanın yayılmasını təmin edir. Təşkilatın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. BDU TGT mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir. Buna misal olaraq noyabr ayında təşkil etdiyimiz tələbələr arası keçirilən “BDU 97” adlı İntellektual yarışı misal göstərmək olar. Ümumiyyətlə isə Tələbə Gənclər Təşkilatının məqsədi tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək, tələbələrin hüquqlarını müdafiə etmək, tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaqdır. Hazırda təşkilatın 3000-ə yaxın üzvü var. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri olaraq qeyd etmək istərdim ki, bacardığımız qədər tələbələrin ölkədaxili və beynəlxalq layihələrdə iştiraklarını təmin etmək üçün çalışırıq ki, tələbələrimiz tək təhsillə deyil, eyni zamanda müxtəlif təcrübələrlə dünya görüşlərini inkişaf etdirə bilsinlər.
-TGT sədri kimi təşkilat haqqında dolğun
məlumat verdiniz. Bəs özünüzün
təhsiliniz ilə bağlı hansı planlarınız var? Ümumiyyətlə, xaricdə təhsili
necə dəyərləndirirsiniz?
-Magistr pilləsi üzrə təhsilimi xarici universitetlərdə davam etdirməyi düşünmürəm. Magistr təhsilimi hazırda bakalavr pilləsi üzrə təhsil aldığım Bakı Dövlət Universitetində elə oxuduğum ixtisas üzrə davam etdirməyi düşünürəm. Son illər xaricdə təhsil alan gənclərimizin sayı, həqiqətən də, xeyli artıb. Bunun əsas səbəbi gənclərin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici universitetlərə maraqlarının artması oldu. Bu proqram çərçivəsində tələbənin bütün xərcləri dövlət tərəfindən qarşılanır və həmin tələbə hər ay təqaüdlə təmin edilirdi. Xaricdə təhsil almış gənclərin ölkə üçün daha effektli və lazımlı olduğunun şahidi oluruq. Xaricdə təhsil zamanı həm də gənclərimiz yeni bir mühit, yeni insanlar, yeni atmosfer ilə tanış olur və onların dünyagörüşləri, mənəvi dəyərləri daha da zənginləşir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Təhsil millətin gələcəyidir”. Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar.
- Bəs Azərbaycan
gəncliyinin hazırkı durumunu necə
xarakterizə edərdiniz?
-Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər danılmazdır. Düşünürəm ki, biz gənclər də çoxsaylı tədbirlərin təşkilində aktiv iştirak edərək cəmiyyətin inkişafında öz töhfəmizi veririk.
-BDU-tələbələri, yəqin ki, İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər.
- Bildiyiniz kimi,
ölkəmiz artıq 4-cü dəfədir ki,
mötəbər beynəlxalq idman
yarışına ev sahibliyi
edəcək. “Bakı-2015” İlk
Avropa Oyunları, 42-ci Dünya
Şahmat Olimpiadası , Formula1 Avropa Qran-prisi idman yarışlarının ən yüksək
səviyyədə təşkil olunduğunu
nəzərə alsaq, əminliklə deyə
bilərəm ki, 4-cü İslam
Həmrəyliyi Oyunları da ən
yüksək səviyyədə keçəcək. Təbii
ki, belə oyunlar
zamanı tələbə könüllülərin rolu əvəzsizdir. Onu da
deyə bilərəm ki, ölkə rəhbərliyi
tərəfindən könüllülərə göstərilən
xüsusi diqqət və qayğı
onların oyunlar zamanı işlərinə
daha həvəslə, daha
məsuliyyətlə yanaşmalarına şərait
yaradır. Tələbə könüllülərin oyunlar zamanı verəcəkləri töhfələr,
sözsüz ki, olacaq. Onlar öz
ölkələrini ən yaxşı səviyyədə təmsil
etmək üçün hər zaman ən yüksək səviyyədə
çalışıblar. Onu da nəzərə
almalıyıq ki, artıq könüllülük təcrübəsi yetəri
qədər olan tələbə gənclərimiz
var, hansı ki,
onların bir çoxları artıq əməliyyat
komitələrinin əməkdaşları olaraq
çalışırlar. Sonda qeyd etmək istərdim ki,
keçirilən yarışlar zamanı könüllülük
qeydiyyatına ən çox Bakı
Dövlət Universitetinin tələbələri
müraciət edir və uğurla
qeydiyyat prosesini başa vururlar. Fürsətdən
istifadə edərək, tələblərimizi İslam Həmrəyliyi Oyunları və Formula 1 Azərbaycan Qran-prisi
yarışlarında aktiv olmağa
dəvət edirəm.
Tural Tağıyev
Palitra.-2017.-8 mart.-S.6.