“Şəffaf mühitin yaradılması tələbələrin təhsilə marağını artırmağa imkan verir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının Heydər Əliyev məktəbinin lektoriyasında iclası keçirildi. Elmi Şuranın iclasında ADPU-da fəaliyyət göstərən İctimai Şuranın üzvləri: Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və KİV nümayəndələri iştirak edirdilər. Qeyd edək ki, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri olan və bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ictimai iştirakçılığın miqyasının genişləndirilməsinə ADPU-da xüsusi diqqət yetirilir.

 

Universitetdə hazırda 117 vakansiya elan edilib

 

İclasda çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirdi ki, gündəliyə bir neçə məsələ daxil edilib ki, bunlar ADPU-da payız semestrinin imtahan sessiyasının yekunları, ADPU-nun nəzdində Dissertasiya Şurasının fəaliyyəti haqqında (2014-2016-cı illər), ADPU-nun Kitabxana-informasiya mərkəzinin fəaliyyəti barədə məsələlərdir. Universitetdə həyata keçirilən islahatlardan danışan rektor bütün tədbirlərin təhsilin inkişafına yönəldiyini bildirdi. Rektorun sözlərinə görə, universitetdə şəffaf mühit yaradılması tələbələrin təhsilə marağını daha da artırmağa imkan verir. Bu istiqamətində tədbirlərin vacib olduğunu deyən rektor qeyd etdi ki, bu sahədə bütün kollektiv birgə fəaliyyət göstərməlidir. C.Cəfərov onu da qeyd etdi ki, universitetdə hazırda 117 vakansiya elan edilib. Bu universitetin inkişafında bir sıçrayışdır. O da vurğulandı ki, 200 nəfərin attestasiyası keçiriləcək. Bu kompleks tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyən rektor qeyd etdi ki, o cümlədən imtahanların keçirilməsinə diqqət artırılmalıdır. Növbəti yay sessiyası ilə bağlı daha yaxşı hazırlaşmalıyıq.

ADPU-da payız semestrinin imtahan sessiyasının yekunları barədə məlumat verən Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev bildirdi ki, ADPU-da tədris prosesinə bakalavriatura üzrə 9063 tələbə və 807 magistr cəlb edilib. Sessiya dövründə tədrisin keyfiyyətini artırmaq və ümumi tədris intizamını qorumaq üçün bir sıra işlər görülüb. Səkkiz fakültə üzrə payız imtahan sessiyasının mütəşəkkilliyinin təmin edilməsi məqsədilə münaqişə komissiyası yaradılıb, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə bir sıra müvafiq tədbirlər görülüb. ADPU rektorunun əmri ilə Mərkəzləşdirilmiş Apelyasiya komissiyası yaradılıb. O cümlədən rektorun müvafiq əmri ilə İmtahan Qərargahı yaradılıb. Rektorun əmrinə uyğun olaraq 2016/2017-ci tədris ilinin payız semestrində tədris yüklərinin yerinə yetirilməsi, dərs jurnalları dekanlıqlar tərəfindən yoxlanılıb, tələbələrin imtahanqabağı balları hesablanaraq, Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin “İmtahan, monitorinq və qiymətləndirmə” şöbəsinə təhvil verilib. İmtahan sessiyasının mütəşəkkil və şəffaf keçirilməsi üçün fakültələrdə geniş Elmi Şuralar keçirilib, Şura iclaslarında kollektivin qarşısında duran vəzifələr müəyyən edilib. 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanların yazılı və VTS-TEST sistemi ilə aparılmasına nəzarəti təmin etmək məqsədilə nəzarətçi müəllimlər və imtahan rəhbərlərinin təyin olunması ilə bağlı rektor əmr imzalayıb. Eyni zamanda imtahan prosesində mümkün narazılıqların araşdırılması məqsədilə fakültələr üzrə Münaqişə Komissiyaları yaradılıb. İmtahanqabağı kollokviumlar birinci tədris ilinin tələbələri üçün fənn müəllimləri tərəfindən yazılı formadaiki, üçdördüncü tədris ilinin tələbələri üçün isə kompüter vasitəsilə keçirilib. Bakalavriat səviyyəsində I tədris ilindən olan tələbələr üçün yazılı formada, II-IV tədris ilinin tələbələri üçün isə spesifik fənlər istisna olmaqla imtahanlar kompüter vasitəsilə test üsulu ilə, magistratura səviyyəsində isə imtahanlar yazılı şəkildə aparılıb. Məlum olduğu kimi, 2006/2007-ci tədris ilindən başlayaraq ADPU-da kollokvium, semestr və dövlət imtahanları test üsulu ilə aparılıb. 2011/2012-ci tədris ilinin yaz imtahan sessiyasından başlayaraq isə ADPU-da “2 mərhələli imtahan” formasından istifadə olunub. Bu qaydalara görə test sistemi vasitəsilə, imtahanın birinci mərhələsində bilikləri 70 baldan yuxarı qiymətləndirilmiş tələbələrə “2 mərhələli imtahanda iştirak edib-etməyəcəkləri barədə özləri qərar qəbul edirlər. “Yaxşı” və “əla” qiymət almaq istəyən tələbə kompüter mərkəzində test üsulu ilə imtahan verəndən sonra müvafiq düyməni basmaqla həmin gün o fəndən yazılı imtahana girmək imkanı qazanırdı. Bu sistemə görə “əla” qiymət almaq istəyən tələbə eyni fəndən iki dəfə imtahan verməli olurdu. Belə ki, kompüter imtahanında yüksək bal toplayan tələbə daha yüksək qiymət almaq üçün ikinci dəfə həmin imtahanı yazılı surətdə verməli idi. Tələbələrin real biliyinin üzə çıxarılması yollarının təkmilləşdirilməsi məqsədilə cari tədris ilindən etibarən birinci kursa yeni qəbul olunan tələbələrin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin mövcud sistemini təkmilləşdirmək, onun səmərəliliyini artırmaq məqsədilə aralıq yoxlamaları və yekun imtahanlar yazılı formada həyata keçirilib. Qaydalara müvafiq olaraq imtahan başa çatdıqdan sonra tələbələrin yazılı cavabları “İmtahan, monitorinq və qiymətləndirmə” şöbəsinin bu işə məsul əməkdaşları tərəfindən kodlaşdırılıb və şöbənin müəyyən etdiyi otaqda yoxlanılıb. Yazıların yoxlandığı otaqlara nəzarət həyata keçirilib.

ADPU rektoru tərəfindən imtahan sessiyası dövründə apelyasiya işinin təşkili ilə bağlı əmr verilib. 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə Apelyasiya komissiyasına 1480 yazılı imtahanlarla bağlı, 140 test imtahanları ilə bağlı cəmi 1620 ərizə daxil olub. Onlardan qiymətləndirmə düzgün olmadığı üçün yazılı keçirilən 416, testlə keçirilən imtahanlardan isə 14 tələbənin müraciəti müsbət həll edilib. Bundan başqa, rektorun əmri ilə 7 nəfərdən ibarət “İmtahan qərargahı” yaradılıb. 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahan qərargahına ümumilikdə 372 nəfər müraciət edib. Onlardan 24 nəfəri imtahan zamanı əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, imtahan zamanı bir-birləri ilə danışdığına və bir-birindən sualların cavablarını soruşmağına görə, 58 nəfəri imtahan başlandıqdan sonra mobil telefondan istifadəyə görə, 18 nəfəri qulaqcıqdan və digər texniki vasitələrdən istifadəyə görə, 38 nəfəri isə köçürmək, köçürmyə şərait yaratmaq, köməkçi vasitələrdən istifadə etdiklərinə görə nəzarətçilər tərəfindən imtahan otağından çıxarılıb, protokol tərtib edildiyi, imtahan işləri ləğv olunduğu üçün şikayətlə müraciət ediblər. 2016/2017-ci tədris ilinin payız semestrində universitet üzrə bakalavriat səviyyəsində əyani şöbədə 8879 nəfər tələbə imtahanlarda iştirak edib. 6709 tələbə imtahanları müvəffəqiyyətlə verib. Onlardan 41 nəfər “əla”, 505 nəfər “əla”, “çox yaxşı” və “yaxşı”, 6163 nəfər qarışıq qiymətlər alıb. 2170 nəfər imtahanlardan qeyri-müvəffəq qiymət alıb. Universitet üzrə müvəffəqiyyət 76%, keyfiyyət 6% olub. Keçən ilin müvafiq dövründə müvəffəqiyyət 84%, keyfiyyət 3% olub. Bakalavriat səviyyəsində qiyabi şöbədə 680 nəfər tələbə təhsilə cəlb edilibonlardan 601 nəfər imtahanlarda iştirak edib. Qiyabi şöbədə təhsil alan tələbələrdən 462 nəfəri müvəffəq qiymət alıb. Əla qiymətlərlə imtahan verən 1 nəfər, 461 nəfər isə qarışıq qiymətlər alıb. 139 nəfər imtahanlardan qeyri-müvəffəq qiymət alıb. Qiyabi şöbə üzrə müvəffəqiyyət 77%, keyfiyyət faizi olmayıb. Keçən ilin müvafiq dövründə müvəffəqiyyət 83%, keyfiyyət 1% olub. Magistratura səviyyəsində əyani şöbədə 807 tələbə təhsilə cəlb edilib. Bunlardan 789 nəfər imtahan vermiş 687 nəfər imtahanlarda müvəffəq qiymətlər alıb. Magistratura səviyyəsi üzrə müvəffəqiyyət 87%, keyfiyyət 41% olub. Magistratura səviyyəsində qiyabi şöbədə 3 nəfər təhsil alıb. 2 nəfər imtahan verib və 1 nəfər bütün imtahanları müvəffəqiyyətlə verib. Magistraturanın qiyabi şöbəsi üzrə müvəffəqiyyət 50%, keyfiyyət faizi isə olmayıb. 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişi kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən mütəmadi olaraq izlənilib və mətbuat orqanlarında: Xalq qəzeti”, “Azərbaycan müəllimi”, “525-ci qəzet”, “Palitra” və “Həftə içi” qəzetlərində o cümlədən AZƏRTAC.az, “palitranyus.az”, “axar.az”, “hafta-ichi.az” və “hurriyet.org” saytlarında işıqlandırılıb. 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunlarına görə, sessiyanın gedişində nöqsanlara yol vermiş bəzi müəllim və tədris-yardımçı heyətin əməkdaşları barədə inzibati qaydada cəza tədbirləri görülüb.

 

Dərsə gecikmə hallarının qarşısı alınmalıdır

Bəzi nöqsan və çatışmamazlıqlar da olub. Görülən bütün tədbirlərə baxmayaraq, dərsə gecikmə (həm müəllimlər, həm də tələbələr tərəfindən) hallarının qarşısının alınması mümkün olmayıb. Dərslər başladıqdan sonra müxtəlif bəhanələrlə tələbələrin fənn müəllimindən icazə alıb auditoriyanı tərk etməsi halları müşahidə edilib. Jurnalların doldurulmasında yenə də müxtəlif nöqsanlara yol verilib. Xüsusi ilə fənn müəllimlərinin tələbələrin dərsə davamiyyət qeydləri aparmaqda maraqlı və istəkli olmamaları müşahidə edilib. Hazırda tətbiq olunan silabusların mövcud vəziyyəti qənaətbəxş deyil. Ümumuniversitet üzrə sillabusların daha təkmil variantının işlənib hazırlanmasına ehtiyac var.

Yazılı imtahan işlərini yoxlayan müəllimlərin qiymətləndirmə meyarlarını düzgün bilməmələri və qiymət yazmaqda çətinlik çəkmələri müşahidə olunub. Tələbələrə verilmiş imtahan sualları ilə imtahan biletlərində olan sualların uyğunsuzluq təşkil etməsi halları baş verib. İmtahanaqədərki qiymət ilə imtahan qiymətləri arasında kəskin fərqin və uyğunsuzluğun olması müşahidə edilib. İmtahan zamanı tələbələrin yüksək texnoloji vasitələrdən istifadə edərək köçürmək cəhdləri olub. İmtahan biletlərinin tərtibatında bəzi qüsurlara yol verildiyi müşahidə edilir. Bir biletdə eyni sualın təkrar olması, bəzən isə eyni mövzuya aid sualların biletə daxil edilməsi halları aşkarlanıb. Müxtəlif tədbirlərdə iştirakın tələbələrin dərsdən yayınmalarına yol açmasının qarşısını almaq məqsədilə mühüm dövlət əhəmiyyəti daşımayan tədbirlərdə cədvəl üzrə dərsi olan tələbələrin iştirakına imkan verilməməsi və tələbələrin iştirakının zəruri olduğu tədbirlərin təşkilinə dərsdən kənar saatlarda yalnız ADPU rəhbərliyinin razılığı əsasında icazə verilməsi təklif edildi. ADPU-nun nəzdində Dissertasiya Şurasının 2014-2016-cı illəri əhatə edən fəaliyyəti haqqında Dissertasiya Şurasının sədr müavini, professor Əbülfət Pələngov, ADPU-nun Kitabxana-informasiya mərkəzinin fəaliyyəti barədə Kitabxananın direktoru Azər Hüseynov məlumat verdilər.

 

Nigar Abdullayeva

Palitra.-2017.-10 mart.-S.6.